Yuxarı

Bəlkə, Kəraməti Sibirə sürgün etdirək? - Aynur Camalqızı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc yazar Kəramət Böyükçölün sosial şəbəkədə Xəlil Rza barədə yazdığı təhqir dolu status bir neçə gündür ki, müzakirə olunur. Tənqid və ciddi təpkilərdən sonra yazar statusunu silib, sosial şəbəkədəki profilini bağlasa da, mübahisə səngimir. İnsanlar bu məsələdə onun çalışdığı media orqanının – “Gündəlik Teleqraf” MMC-nin də üzərinə hücum edir, rəhbərlikdən onu işdən uzaqlaşdırmağı tələb edirlər.

Gündəlik Teleqraf MMC-nin rəhbəri Aynur Camalqızı isə Musavat.com-a müsahibəsində həm bu qalmaqal, həm də onun pərdəarxası barədə danışdı:

- Bu məsələ ilə bağlı Feysbukda yazdığım statusda da qeyd etmişəm ki, mən ümumiyyətlə, Kəramətin yazdığı statusu çox gec gördüm. Tez görsəydim və ya dostlardan kimsə xəbərdar etsəydi, statusu tez sildirər və məsələ bu qədər böyüməzdi. Gedən müzakirələrdən, narahatçılıq, söyüş və təhqirlərdən çox üzgünəm. Kaş ki, bu söhbətlər heç olmasaydı. Amma bu müzakirələrdə məni sevindirən bir məqam da var. Əgər Xəlil Rza haqqında sosial şəbəkədə yazılan hansısa bir statusa görə bu qədər kükrəyirlərsə, Allah eləməmiş, Qarabağın başı üzərindən bir qara bulud keçsə, bu insanlar neyləyər? Məsələnin belə bir müsbət tərəfi də var. Amma təbii ki, bizim toplum olaraq dəyərlərimiz var və onlara toxunmaq olmaz. Xəlil Rza Azərbaycan xalqının milli azadlıq hərəkatında öz yeri, rolu olmuş bir şəxsiyyətdir, ziyalıdır, aydındır. Bu gün onu kimlərsə, elə Kəramət daxil, zəif şair adlandırırsa, çox böyük səhv edir. Xəlil Rzanın elə şeirləri var ki, mən onu öz-özlüyümdə pıçıldayanda həyəcandan başımın tükləri şahə qalxır. “Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram. Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram”. Bu misraların müəllifini necə zəif şair adlandırmaq olar? Digər tərəfdən, hər bir aydını, ziyalını, ictimai-siyasi xadimi tənqid etmək mümkündür. Amma bu zaman seçilən üslub çox önəmlidir. Xalqın fövqündə dayanan, xalqın sevdiyi, seçdiyi aydını barədə nəsə yazanda onu yüz ölçüb, bir biçməlisən. Düşünürəm ki, Kəramət o statusunda üslubunu düzgün seçməmişdi. Əslində biz demokratik cəmiyyətdə yaşayırıq. İctimai-siyasi xadimləri, tanınmış insanları haqlı və ya haqsız tənqid etmək olar. Çünki demokratik cəmiyyətlər belə qurulur. Dartışaraq, müzakirə edərək, etiraz edərək... Amma baxır ki, sən öz üslubunu, özünüifadəni necə seçirsən, necə tənqid edirsən. Bir var tənqid, bir var təhqir. Çox təəssüflər olsun ki, bizim gənc yazarlar tənqidlə təhqir arasındakı o incə sərhədi görə bilmirlər, aləmi bir-birinə qatırlar və sonda biz bundan əziyyət çəkirik.

- Necə düşünürsüz, Kəramət həmin statusun həcmini bir qədər də böyüdüb, köşə yazısına çevirsəydi, bu qədər səs-küyə səbəb olardımı?

- Bizim media orqanında dərc olunan bütün materiallar ciddi redaktədən keçir. Bizim redaktorlarımız həmin üslubda olan yazını heç vaxt dərc etməzdilər. O mənada ciddi narahatçılıq yaranmazdı. Amma hesab edirəm ki, sosial şəbəkələrə o qədər də ciddi yanaşmaq lazım deyil. Ora mənim nəzərimdə “çayxana” kimi bir yerdir. Əgər insanlar orda rahat şəkildə söyüş söyə, təhqir yaza, zarafat edə, məişət səviyyəli müzakirələr aça bilirlərsə, deməli, orda hər şey mümkündür və o qədər də ciddiyə almaq doğru deyil. Facebookda yazılan hər hansı bir statusu yazanın çalışdığı iş yerinə aid etmək, bunu kampaniyaya çevirib, müdiriyyətdən onu işdən çıxarmağı tələb etmək, atasını, valideynlərini hədələmək çox yanlışdır. Kəraməti istədiyiniz qədər tənqid edə, qınaya bilərsiniz. Amma onun atasını ittiham etmək, ondan üzrxahlıq tələb etmək doğru deyil. Axı heç kəsin səhvinə, günahına, hətta cinayətinə görə başqaları məsul deyil. Hesab edirəm ki, Qəşəm Nəcəfzadəni də (K.Böyükçölün atası-red.) Kəramətin etdiklərinə görə üzr istəməyə məcbur etmənin özü yanlış hərəkət idi.

- Bu mövzu ilə bağlı hansısa məqamda onu müdafiə etmək keçirmi içinizdən?

- Keçmir. Gördüyünüz kimi, müdafiə etmirəm. Qınayıram. Dünən yazdığım statusda da bütün narazılığımı, etirazımı bildirmişəm. Sadəcə, məni narahat edən ura patriotizm, vətənşüvənlik tendensiyasının get-gedə güclənməsidir. Demokratik cəmiyyətlər fərqli fikirlilikdən formalaşır. Bir vaxtlar Orxan Pamuk Nobel mükafatını Türkiyəyə hansı yollarla gətirdi? Qondarma “erməni soyqırımı”nın baş verdiyini etiraf etməklə. Bu gün Orxan Pamukun Türkiyənin bütün dünyada təbliğatına yönəlik missiyası daha güclüdür, effektlidir, nəinki hansısa xırda yazarın, siyasi xadimlərin və ya məmurların fəaliyyəti. Hekayəçilər özlərini yandıra-yandıra – sözün əsl mənasında - Vətənlərinə sevgilərini, sədaqətlərini ifadə edirlər. Amma heç bir halda, etdiklərinə görə Orxan Pamuku məhşər ayağına çəkmək olmaz. Çünki artıq Orxan Pamukun özü də Türkiyənin bir dəyərinə çevrilib. Bu mənada hansısa yazarın özünü tanıtmaq üçün, ya da hansısa başqa bir səbəbdən bizim bəyənmədiyimiz bir fikri ortalığa atmaları kifayət qədər normaldır. Bu, cəmiyyətin formalaşma prosesində olmalı olan, hətta gərəkli olan şeylərdir. Biz də hazırda o prosesdən keçirik - əyalətdən urbanizasiyaya. Təbii ki, hamı bizim düşündüyümüz kimi düşünməyəcək. Axı cəmiyyət birrəngli, birqütblü, bircinsli deyil. Sizin sevdiyinizi mən sevməyə bildiyim kimi, mənim bəyəndiyimi də siz rədd edə bilərsiniz. Bütün bunlar fərqli fikrə dözümlülük formalaşdırır. Hamı eyni cür düşünsə, demokratik cəmiyyətlər qurula bilməz.

- Siz narahat deyilsiz ki, bu, tendensiya halını alar? Sabah fərqli fikir söyləmək və ya sadəcə diqqət cəlb etmək üçün bir çoxları bizim dəyərlərimizi ayaq altına ala bilər? Qırmızı işıq olmamaldırmı bəzi məsələlərdə?

- Təbii ki, qırmızı işıq olmalıdır və var. Amma mən bunun normadan artıq olmasına görə narahatam. Təbii ki, demokratik cəmiyyətlərdə kimsə fərqli, həqiqəti əks etdirməyən fikir deyirsə, biz bunu qınayırıq, narazılığımızı bildiririk. Bu, həddini aşanda, təhqirə keçəndə isə kampaniyaçılıq yaranır. Bilirsiz, hamımız bu vətəni sevirik. Amma hərəmiz öz bacardığımız kimi. Hər kəs eyni dərəcədə fədakar ola bilməz. Amma bu, mənəvi məsuliyyətdir. Vətən deyə bağıranlar anlayırmı ki, Vətən əslində biz özümüzük, bu ölkənin insanlarıdır. Biz olmasaq, bura Vətən olmaz, sadəcə, torpaq parçası, quru coğrafiya olar. Yəni insanları baltalamaqla vətənpərvər olmaq olmaz, əksinə, anlatmaqla, izah etməklə, maarifləndirməklə dəyərləri sevdirmək lazımdır.

- Deyirsiz ki, “bu tənqid həddini aşanda, təhqirə keçəndə isə kampaniyaçılıq yaranır”. Amma nəzərə alanda ki, Kəramətin də statusu təhqir janrında idi, adekvat cavabı da hesablamalı idi...

- Təbii, Kəramətin üslubu, bayaq da dediyim kimi, tamamilə yanlış üslub idi. Amma tələb etmək ki, onu işdən qovsunlar, atası Yazıçılar Birliyində dövlətin ayırdığı maliyyə ilə işləyir və ona görə işdən çıxarılsın... hesab edirəm ki, bu, sanki 37-ci ilin ab-havasıdır. Bu insanların hələ də 37-ci ildə qalması narahatedici və üzücüdür. İstəyirlərsə, Kəraməti Sibirə sürgün etdirək, bax bu, həm də gülməlidir. Demokratik Cümhuriyyətimizin 100-cü ilində bolşevik zehniyyətinin qafalarda qalmasını düşünmək isə həm gülməli, həm də üzücüdür…

- Atası demişkən, mən Qəşəm Nəcəfzadənin oğlu ilə canlı yayımdakı debatını izlədim. Atası orda onun Zərdüşt Əlizadənin təsiri altına düşdüyünü dedi. Özü ilə yəqin ki, siz də söhbət etmisiz. Ortada Zərdüşt Əlizadə faktoru da varmı?

- Əslində bu fikirlərin müəllifi həqiqətən də Kəramət Böyükçöl yox, Zərdüşt Əlizadədir. Zərdüşt Əlizadə mediaya verdiyi müsahibəsində Xəlil Rza haqqında həmin fikirləri səsləndirib. Amma maraqlıdır ki, həmin müsahibə yayımlananda “vətənşüvən qaragüruh” susqunluq nümayiş etdirib, hətta bəlkə müsahibəni heç oxumayıblar da. Amma mən yenə də yanaşmadan narahatam. Məsələyə həqiqətən əyalət təfəkkürü ilə yanaşma var. Baş verənləri araşdırmaq, çözmək, fikirlərin kimdən gəldiyini öyrənib, tənqidləri ona ünvanlamaq yerinə, gənc bir yazara qarşı bu qədər basqılar yolverilməzdir. Kəramət gəncdir, bəlkə doğrudan da kiminsə təsiri altındadır. Bu da normal şeydir. Səhvi gənc edər də. Dünyagörmüş, ahıl, təcrübəli insanlar etməz ki.

- Aynur xanım, sizə olan basqılar daha çox Kəramətin işdən çıxarılması yönündədir, bildiyim qədəriylə. Bəs siz necə, son bir həftədə səs-küyə səbəb olan və eyni zamanda təmsil etdiyi media orqanının rəhbərliyini də pis vəziyyətdə qoyan iki statusun – hər ikisini sonradan silsə də - müəllifi ilə yolları ayırmaq barədə düşünürsüzmü? Yoxsa “o yazar bizim əzizimizdir” deyib, yola davam etmək istəyirsiz?

- Əslində hər bir azərbaycanlı gənc əzizimdir, gözümün işığıdır, canımdan bir parçadır. Amma burda hansısa bir cinayətdən, Vətənə xəyanətdən söhbət getmirsə, mənəvi təzyiqlər, qınaqlar məncə, kifayət edir. Bunu tələb edənlər də Kəramətin özü kimi yanlış üslub seçiblər. Bunun bir günahı media olaraq bizim də üzərimizə düşür ki, öz dəyərlərimizi kifayət qədər təbliğ edə bilməmişik və gənclərin bu gün onlara yanaşması belə qüsurludur. Dünən dostlardan biri mənə dedi ki, Xəlil Rzanın sonuncu anım günündə onun məzarı üstündə cəmi 11 nəfər olub. Bu gün Facebookda böyük bir ordu halında Xəlil Rzanı müdafiə edənlər sonuncu dəfə onun hansı kitabını vərəqləyiblər, hansı misrasını pıçıldayıblar, nə vaxt məzarının üstünə gediblər, nə zaman onu xatırlayıblar? Sizi əmin edirəm ki, heç kəs cavab verə bilməz. Bəlkə də o adamlar minnətdar olmalıdırlar ki, Kəramət hamının çoxdan unutduğu bir ziyalını yada saldı? Bəs onda bu “asarıq, kəsərik, öldürərik” üslubu nədir?

- Əməkdaşınızın təhlükəsizliyindən narahatsınızmı?

- Sözün açığı, müəyyən qədər narahatçılığım var. Dünən onunla telefonla danışdım. Kəramətin dediyinə görə, telefonuna şantaj dolu, təhdidedici mesajlar, bağlı nömrələrdən zənglər gəlir. Buna görə narahat oldum və hətta düşündüm ki, bəlkə bu barədə polisə məlumat verməliyik? Məsələnin bu həddə çatması məni narahat edir. Təbii ki, Xəlil Rza bizim dəyərimizdir. Biz onun şəhid oğlunun ruhu qarşısında baş əyirik. Təkrar edirəm ki, Kəramət ictimai xadim Xəlil Rza haqqında hər hansı tənqidi fikir söyləyərkən belə onun şəhid oğlunun adını çəkməməliydi. Şəhid oğlu Təbriz Xəlil Rzanın şah əsəridir! Bu ölkədə çoxları oğlunu nəinki müharibədən, hətta hərbi xidmətdən belə gizləyib. Xəlil Rzanın da zamanında belə imkanları olub. Amma o, bunu etməyib və onun oğlu şəhid olub. Bu bir qəhrəmanlıqdır və qəhrəman oğul, şəhid atası olmaq bir ucalıqdır. Bunu necə qiymətləndirməmək olar? Hətta ictimai-siyasi xadim Xəlil Rza haqqında nəsə demək olar, amma şəhid atası Xəlil Rza haqqında heç nə demək olmaz.

- Ümid edək ki, bu çaxnaşma da zaman keçdikcə unudulacaq, qəzəb də azalacaq. Bəs siz əməkdaşınızla bundan sonrakı birgə fəaliyyətinizdə necə davranacaqsız? Bənzər halların təkrarlanmaması, özünü də, təmsil etdiyi media qurumunun rəhbərliyini də pis vəziyyətdə qoymaması üçün hər hansı bir anlaşmanız – ya yazılı, ya şifahi olacaqmı?

- Bizim Kəramət Böyükçöllə bağlı fərqli yanaşmamız hər zaman olub. O, çox istedadlıdır, içi doludur, ruhlu qələm əhlidir, yazıları cəzbedicidir... Bu yəqin ki, son olmayacaq. O, yenə də fərqli fikirlər ortaya qoya bilər. Amma kimsə düşünürsə ki, Kəramət bu ölkəni sevmir, milləti sevmir, yanlış düşünür. Sizi əmin edirəm ki, o, bu xalqı da, ölkəni də onun üzərinə hücuma keçənlərdən daha çox sevir. Biz Kəramətlə hər zaman sərt qaydalarla işləmişik. Onun yazıları sərt redaktədən keçir. Onun bütün yazılarını olduğu kimi çap etsək, bizi çoxdan daş-qalaq edərdilər. Bir müddət öncə onun Ramiz Rövşən haqqında dəhşətli bir yazısı olmuşdu. Mən o yazını oxuyanda düşündüm ki, biz bu yazını çap etsək, cəbhəçilər redaksiyaya gəlib məni öldürəcəklər. Biz o yazını çap etmədik və Kəramət də küsüb getdi. Belə hallar çox olub. Amma təkrar edirəm, bu, danılmaz faktdır ki, Kəramət tirajlı və istedadlı bir yazardır. Bəlkə də Xəlil Rza ilə bağlı yazdığı statusda “qara piar” priyomundan istifadə edib. Sadəcə, insanlar da onun oyununa gedib, “özünü qara piar”ın müsbət nəticələnməsinə yardım edirlər. Onu çox ciddi danlamışam ki, şəhid atası haqda bu cür fikirlər yazmaq doğru deyil. Hər halda o, bu yanlışı qəbul etdiyi üçün də statusunu sildi və facebook profilini bağladı. Mən düşünürəm ki, bunun özü belə o deməkdir ki, Kəramət Böyükçöl səhvini anlayıb...

Tarix
2018.01.16 / 18:20
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla