Yuxarı

Xalq artisti: Qavalı başına vururam... - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün xalq artisti, böyük xanəndə Qədir Rüstəmovun doğum günüdür.

Kult.az bu münasibətlə sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin Qədir Rüstəmovdan bəhs edən “Qədir Rüstəmov niyə rəssamları “xoşlamırdı?” yazısını təqdim edir:

Zaman-zaman dinləyiciləri unikal səs və icra mədəniyyəti ilə təəccübləndirən muğam aləmi nə qədər tərcüməyə ehtiyacı olmayan ruhi sərvət olsa da, onu başa düşmək, dərk etmək elə də asan məsələ deyil. Allahın bizə bəxş etdiyi bu danılmaz mənəvi-ruhi sərvətin uzaq zamanlardan şifahi şəkildə bizim dövrə daşınmasının özü də onun Yaradanla bağlılığını təsdiqləyən faktdır. İndiki halda çoxqatlı muğama özümün də bələdçiliyimin arzuladığım dərəcədə olmamasının qarşılığında, dostlarıma “muğam dərsi” keçmək fikrindən uzağam. Məqsədim muğam sənətində dərin iz qoyan və “Sona bülbüllər”i ölməzliyə - əbədiyyətə qovuşduran xalq artisti Qədir Rüstəmovla (1935-2011) bağlı bir əhvalatı sizinlə bölüşməkdir.

1975-ci ilin sonlarında Qədir Rüstəmov Şamaxının Göylər kəndinə toya dəvət olunmuşdu. Həmin illər onun ən şöhrətli vaxtı idi desəm, yanılmaram. O zamanlar hamı kimi, biz gənclər də bu şöhrətin yaradıcısını canlı-canlı görmək arzusundaydıq. Odur ki, onun Göylərdə olduğunu eşidib, Şamaxıdan kəndə yollandıq. Məndən başqa hamı kəndə əli cibində gedirdi. Mənsə ora arzularımı reallaşdırmaq - Qədirin portretini çəkmək üçün gedirdim. Ə.Əzimzadə adına rəssamlıq məktəbinin məzunu üçün bu çox yaxşı bir fürsət idi. Odur ki, özümlə əl maqnitofonu ilə yanaşı, rəsm albomu və fotoaparat da götürmüşdüm. Toyxanaya çatanda saat 12 olardı, artıq bir saat idi ki, kənd toyu davam etməkdə idi. Toyxanaya girən kimi oturanlara ilk sualımız bu oldu: “Sona bülbüllər” oxunub?” “Artıq iki dəfə oxuyub!” sözünü eşidəndə bir az kədərləndik, onun bir də əfsanəvi zəngulələri vuracağına ümidimiz azaldı. Amma yanılmışdıq. Lap az sonra toyxanaya bir dəstə adam daxil oldu və oturan kimi də “Sona bülbüllər”i sifariş etdilər. Əlavə etdilər ki, mahnı hissəsini qısa eləsə də olar, əsas gücü muğam hissəsinə versin... Qədir də deyilən kimi elədi. Bir kuplet mahnı oxuyandan sonra keçdi muğam hissəsinə və onunla da mahnını bitirdi. Mahnı bitər-bitməz, artıq keflənmiş adamlardan biri ayağa qalxıb Qədirə etirazını bildirdi və dedi ki, sən mahnını təhrif etdin, axıra qədər oxumadın!!! Qədir də xasiyyətinə uyğun olmayan tərzdə - sakitcə sifarişin belə olduğunu ona çatdırdı. O isə dediyindən dönmədi və mübahisəyə girişdi. Bu vaxt toyda fasilə elan olundu və Qədir onun üçün ayrılmış evə istirahət etməyə yollandı. Həmin adam əl çəkmədi və bütün yol boyu Qədirlə mübahisə etdi. Dedi ki, mən muğamatı yaxşı bilirəm, kitabxanamda 2 min kitabım var və s. Qədir yenə də böyük hövsələ nümayiş etdirdi və gözləmədiyimiz halda “Səndən üzr istəsəm, əl çəkərsən?” deyə ona müraciət etdi. O da müsbət cavab verdi və Qədirin üzr istəməsindən sonra evi tərk etdi. O çölə çıxandan sonra Qədir dilləndi: “Gördünüz də! Sonra deyirlər ki, Qədir toyu pozdu! Beləsinə rast gələndə ya qavalı başına keçirirəm, ya da qavalı qoltuğuma vurub gedirəm və toy da pozulur! Siz ki hər şeyin şahidi oldunuz, heç mənim günahım vardı?”...

Ona təskinlik verdik, ordan-burdan söhbət etdik. Arada mən onunla gələn ikinci xanəndəyə - Təvəkkül Musayevə dedim ki, Qədiri razı sal, mən onun portretini çəkmək istəyirəm... O da razılıq verdi və az sonra mənim istəyimi ona çatdırdı. Yanındakıların nə məqsədlə onun yanında olduğundan bixəbər olan Qədir “rəssam” sözünü eşidib hirsləndi və dedi:

“Mənim onlarla aram yoxdur! Şəklimi çəkib yaxşı pul qazanırlar! Biri bu yaxınlarda şəklimi çəkib 6 min pul almışdı!”

O, indi xalq rəssamı Ağəli İbrahimovun çəkdiyi “Sona bülbüllər” əsərini nəzərdə tuturdu. Bir neçə dəfə ona niyyətimizin aydınlığını çatdırdıq və sonda o bir ayrı cür etirazını bildirməyə çalışdı. Başındakı andatra papağı götürüb saçlarının az olduğunu bizə nümayiş etdirdi və “Mənim nəyimi çəkəcəksən?” dedi. Mən də sakitcə “Papağınızı çıxarmayın, mənə Sizin üz cizgiləriniz lazımdır!” dedim. Bundan sonra etiraza yer qalmadı və mən qısa zamanda onun portret-eskizini tamamladım. Vidalaşarkən birlikdə şəkil də çəkdirdik: Mən, Qədir və Təvəkkül... Gördüyünüz şəkil də həmin gündən xatirədir...

Altı ay sonra o, yayda yenə Şamaxının Ərəbşalbaş kəndinə - jurnalist Qismət Babayevin qardaşının toyuna gələndə portret artıq hazır idi... Xanəndəni əli qəlyanlı təbiətin fonunda, uçuşan bülbüllərin əhatəsində təsvir etmişdim. Amma özüm o vaxtlar Kəlbəcərdə - İstisuda dincəldiyimdən onu xanəndəyə dostlarım təqdim etmişdilər. Çox-çox sonralar – Ağdamın ağır günlərində AzTV-nin əməkdaşları Qədir Rüstəmovun evinə baş çəkərkən həmin portreti evində görüb mən xəbər vermişdilər...

İndi Qədir yoxdur, amma səsi qalır və bundan sonra da qalacaq. Odur ki, hər dəfə onu dinləyərkən 1975-ci ildəki görüşü xatırlayıram... Ruhu şad olsun!

Tarix
2018.11.20 / 13:59
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla