Yuxarı

“İndiki gəlinlər qorxu filmləri qəhrəmanlarına oxşayır”

Ana səhifə İntervyu
12 Punto 14 Punto 16 Punto 18 Punto

Muğam müsabiqəsinin qalibi Nigar Şabanova ilə müsahibə nədənsə hər dəfə təxirə salınırdı. Bir gün nəhayət ki özü zəng etdi:

- Salam. Bu gün vaxtım var, səhhətim də yaxşıdır, amma əhvalım pisdir.

- Eybi yox, gələrəm, danışarıq, dərdləşərik; bir qədər əhvalınız da yaxşılaşar.

Nigar xanımla dənizkənarı kafelərdən birində görüşdük. Üz- gözündən hiss olunurdu ki, nə isə yaman bikefdir. Mən söz verdiyim kimi, onu bədbinlikdən uzaqlaşdırımağa çalışdım.

- Bəlkə bir az uşaqlıq illərinə qayıdaq? Elə ənənəvi sualla müraciət edirəm. Neçə yaşından oxumağa başladınız?

Nigar xanım tərəddüd etdi:

- Bəlkə birinci şam yeməyi sifariş edək? Mən iki gündür ki, heç nə yemirəm. Son zamanlar ancaq yorğunluq və stress içindəyəm.

Utancaq ifaçı

Kafedə canlı musiqi ifaçısı retro mahnılardan birini ifa edirdi. Xaric ifa hiss olunurdu.

- Nigar, bəlkə bir mahnı ifa edəsən? Eyni zamanda ona oxumağı da öyrətmiş olarsan.

Nigar güldü:

- Burada? Yox, ayıbıdır. Camaat nə deyər?

- Maraqlıdır, utancaq ifaçı da olurmış?..

- Mən kompleksliyəm. 12 ildir səhnədəyəm, dəfələrlə müxtəlif müsabiqələrdə iştirak etmişəm, amma yenə də ifa zamanı həyəcan hissi məndən əl çəkmir.

- 12 il az zaman deyil!

- Bəli. Bayaq sual verdin ki, neçə yaşından səhnədəyəm? Hələ orta məktəb şagirdi idim. Bir gün məktəbimizə yoxlama gəldi. Məktəblərarası mahnı müsabiqəsi üçün istedadlı uşaqlar toplayırdılar. Müəlliməm məni məsləhət gördü. Elə o zamandan oxuyuram.

- Çox asan danışırsan. Cavablarınla tanış olanlar bütün nailiyyətlərinə rahat yolla gəldiyini düşünəcəklər.

Daha çox anam mane olub

- Yox, heç bir iş rahat olmur. Mən elə birinci növbədə ailəm tərəfindən sıxışdırıldım. Ən çox da anam mənə mane olmağa çalışıb. O məni müğənni görmək istəmirdi. Amma zaman keçdikcə, özümü doğrultmağa çalışdım. Anam anladı ki, mən bu peşəsiz yaşaya bilmirəm və mənə dəstək olmağa başladı.

- Yəqin elə nailiyyətlərinə hamıdan çox sevinən də məhz anan olub. Muğam müsabiqəsinin qalibi olduğunu hər kəs bilir. Digər uğurların da olubmu, yoxsa elə bir uğurla kifayətləndin?

- Əslində, müğənniliyə estrada janrında mahnılar ifa etməklə başlamışam. Birinci uğurum "Yeni ulduz" mahnı tele-müsabiqəsinə qoşulmaqla başladı. Sonra isə 2001-ci ildə Heydər Əliyev Fondunun prezidenti, birinci ledimiz Mehriban Əliyevanın himayədarlığı ilə keçirilən muğam müsabiqəsinin qalibi oldum. İndi Heydər Əliyev Fondu ilə birgə çalışırıq. Müxtəlif beynəlxalq tədbirlərdə yer alırıq, xarici görüşlərə gedirik.

Təkcə 15 dəfə Fransada

Təkcə Fransada 15 dəfə konsert vermişik, o cümlədən yaxın Türkiyədə, İtaliyada, Almaniyada, Yunanıstanda və Norveçdə beynəlxalq tədbirlərdə iştirak etmişik.

Mən qətiyyətlə deyərdim ki, bugünkü dəstəyi məhz Mehriban Əliyevadan alıram. Məhz onun himayədarlığı və qayğısı nəticəsində saysız-hesabsız uğurlara imza atmışam.

- Sənin üçün birdən-birə estrada janrından muğama keçid almaq çətin olmadı ki?

- Deməzdim ki, asan oldu. Amma muğam ruhuma qidadır. Mən ən çox sevdiyim "İşa-dəşti"ni ifa edirəm və bir də ayılıram ki, artıq mahnı bitib, hər kəs ayaq üstə məni alqışlayır.

Bayağı mahnılara daha çox yer ayrılır

- Çox maraqlıdır, bizim muğam ifalarımız daha çox hansı nəsil nümayəndələri tərəfindən dinlənilir və ümumiyyətlə el şənliklərində daha çox kim yer alır - muğam ifaçıları, yoxsa estradada yer alan şou xarakterli müğənnilər?

- Gözəl sualdır. Əfsuslar olsun ki, gənclər arasında bu gün bayağı musiqilərə daha çox yer ayrılır. Bu bizim yaralı yerimizdir. Gənclər lazımsız musiqini dinləməyə üstünlük verirlər. Amma yaşlı və orta nəsil nümayəndələrində muğama sevgi davam edir. Toylara gəldikdə isə, 99 faiz adam estrada mahnıları ifa edən müğənniləri dəvət edir. Mənə elə gəlir ki, yerdə qalan bir faiz də yüksək səviyyəli kübar insanlardır, onların zövqü o dərəcədə yüksəkdir ki, öz toylarında "Rast", "Bayatı-şiraz" və digər muğam ifalarını dinləmək arzusunda olurlar.

- Görünüşündən bəllidir ki, özünə diqqət yetirməyi çox sevirsən. Toydan söhbət düşmüşkən, toylarımızda gəlinlərin zahiri görünüşü bir gənc xanım kimi sizi qane edirmi?

- Bu sualı mənə ünvanlandırmağın əla oldu. İndi ürəyimi boşaltmağa icazə ver: gəlinlərimiz makiyajdan o qədər istifadə edirlər ki, adam onlarla baxanda qorxu filmlərinin baş qəhrəmanlarını xatırlayır. Gəlinlik donları da ki bərbad vəziyyətdə. Nə deyim ey? Vallah, biabırçılıqdır.

- Nigar, bəs öz toyunun necə olacağını düşünürsən? Səncə, normal keçər? Bərbad olmaz ki?

- Düşünmürəm ki, nə vaxtsa ailə həyatı qursam, adi toy edəm. Toyun təşkilində gəlinlə bəyin rolu əsasdır. Odur ki, mən öz toyumu qeyri- adi təşkil edərdim. Qonaqlarımı şadlıq sarayında deyil, yaşıl çəmənlikdə qarşılayardım, həzin tar-kaman ifası altında unudulmaz bir toy günü keçirərdim.

Çoxlu evlilik təklifləri oldu

- Elə isə, toya gəlməyə hazırlaşaqmı? Namizəd var?

Nigar xanım ucadan güldü:

- Namizədlər çoxdur, amma sevdiyim insan hələ yoxdur. Sevgi təklifləri də var. Türkiyədə TRT-Avaz telekanalının dəvəti ilə özəl türkü-şərqi təhsili aldığım vaxt orada çoxlu evlilik təklifləri oldu mənə.

- Bəs nəyə görə qəbul etmədin? Yəni heç ürəyinə yatan insan olmadı?

- İçələrində çox kübar, zəngin türkiyəli gənclər vardı. Amma mən öz millətimdən qeyrisi ilə evlənməyə pis baxıram. Düzdür, bizim oğlanlar kobuddur, amma mən əcnəbi ilə evlənə bilmərəm. Bu, mümkün deyil!

- Düşünmürsənmi ki, əsas xoşbəxtlikdir?

- Əsas, öz millətimizi sevməyimizdir. Mən ümumiyyətlə, vətənpərvər bir xanımam. Təsəvvür edin ki, gənc xanəndələr içində yeganə rusdilliyəm, amma çalışıram və düşünürəm ki, əgər belə bir ciddi müsabiqənin qalibi olmuşamsa, o zaman ana dilimdə qüsursuz ifam var, bu mənimçün sevindirici haldır.

Baş rolda özüm...

- Bir çox müğənnilər seriallarda yer alırlar. Nigar Şabanova rejissorlardan dəvət alsa, serialda çəkilməyə razılaşarmı?

- Nigar Şabanovanın ən böyük arzularından biri də məhz filmdə rol almağıdır. İnanın ki, təklif alsam, sevinərəm. Baş rolda da özüm yer alaram. Çox istəyərəm ki, mənim rol aldığım film nakam sevgi hekayəsini xatırlatsın. Həyata olan incikliyimi bəlkə obrazımla bu cür canlandıra bilərəm. Mənfi obraz olmaram, çünki müsbət insanam. Sadəcə, prinsipial xarakterli olduğum üçün etdiyim yaxşılıqlar tez unudulur. Amma həyatın da öz dərsi var.

Allah qəddar insanları sevmir

Bir hadisə danışım. Tanıdığım bir məşhur müğənni rəfiqəm vardı. O 9 ay ailəli olduqdan sonra əri ilə yola getmədiyindən ayrılmışdı. Gənc bir oğlanla tanış olan və ondan evlilik təklifi alan həmin xanım onun anasının şiddətilə qarşılaşır. Qadın hər cürə çalışır ki, onları ayırsın və buna nail olur. Səbəb isə onun oğlunun boşanmış qadınla ailə qurması idi. Oğlan anasının istəyi ilə ailə həyatı qurur və tezliklə ayrılır. Həyatın belə də üzü var. Allah qəddar insanları sevmir. Hər kəsə səslənirəm - 5 günlük həyatımız var. Bir-birimizə əzab verməyək!

Tarix
2015.01.29 / 08:45
Müəllif
Aynur Nurlu
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla