Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Dekabr 2017


Falçı Elşən: "İmam Cəfər Sadiqlə bu problemi çözməliyik"

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elə maşından təzəcə düşüb ofisə yaxınlaşırdıq ki, anamdan zəng gəldi. Telefonu açıb Mirişvari "salam-sağol"umdan vacib işim olduğunu anladı.

- "Özüm zəng edəcəm" deyib-eləmə, hər dəfə deyirsən, amma etmirsən.

Bu dəfə bacardı. Addımlarımı yavaşladıb dedim:

- Baxıcıya gedirəm. Nə ərzi-dilin var, deyim.

Ömür boyu məni baxıcılara inanmamaqda günahlandıran, hamının "əməl-kitab"la həyatını düzüb-qoşduğunu deyən, bu mənada məni əl-küt bilən, axır ki, "haqqın yolunu" tapmağımdan xoşnud olduğu telefondan belə bu qədər bəlli olan anam sevinərək qayıtdı:

- Sən dədən goru, qardaşına da baxdır, gör, nə vaxt uşaqları olacax?

(Xatırladım ki, qardaşım evlənəli iki ay deyil.)

Həmişəki kimi, anamın bu müdhiş zəkasına dözəmməyib telefonu söndürdüm.

Artıq tanınmış ekstrasens, efirdən gördüyümüz Elşən Məmmədovun ofisinə ("şəfa ocağı"na) çatmışdıq.

"Zümrüd prodakşn"

Yanındakı müştəri xanım çıxır. Biz giririk. İki-üç dəfə xüsusi ədayla alnını ovuşdurub, dərindən nəfəs alır. Başını bulayıb, az öncə çıxan qadına işarə ilə deyir:

- Dəhşətdi. - Bir neçə dəfə belə təkrar edir: - Necə ağırdı!..

Söhbətin adamın aurasındanmı getdiyini soruşuram, başıyla təsdiq edir. Artıq daha öncə yanında olduğumuz falçıların evində görməyə alışdığımız diplomlardan burda da gözüm axtarır. Çox çəkmədən, masanın küncünə qoyulmuş biri gözümə sataşır. Mətbuatın 138 illiyi münasibət ilə "Zümrüd prodakşn" tərəfindən təltif olunub. Təbii ki, Azərbaycanda yaşadığımızı unutmadığımız üçün falçının belə bir əlamətdar gündə niyə diploma layiq görüldüyünə təəccüblənmirik.

Var əcəl, var əcələmayallaq

- Hə, bacı, eşidirəm.

Doğum tariximi, adımı soruşub, ərəb əlifbası ilə qarşısındakı vərəqdə qeyd aparır. Ərəb əlifbasını bilməyimə baxmayaraq, nə qədər baş sındırsam da, qeydlərindən bir zad anlaya bilmirəm. Telefonuna zəng gəlir.

Sabah saat beş üçün görüş təyin edir.

- Kim desə ki, səndə cadu var, yalandı. Bir var nəfs bağlılığı, bir də var "periodik" bağlılıq. Biri sənə baxıb köks ötürsə, bu belə sənə mənfi təsir edir. Bu "periodik" bağlılıq ki var, bu mərhələni mutləq yaşamalısan.

Zəng gəlir.

"Beş dəqiqə sonra "Fantaziya hamamı"nın yanına gəl. Mənim telefonlarım "pasluşkadadı", qulaq asırlar, gəl, ətraflı danışaq. Heç nə lazım deyil, sənin saqlığın. Axşamacan".

Anladğım qədəriylə bizi beş dəqiqəyə postalayacaq.

- Var əcəl, var əcələmayallaq. Əcəl Allahdandı, əcələmayallaq bəndədən. Səndəki əcələmayallaqdı. Bal lazımdı ki, İmam Cəfər Sadiqlə bu problemin üstündə işləyək.

Mən onlar kimi haqq vermirəm

Deyirəm:

- Bura gəlməzdən əvvəl məşhur baxıcıların bir neçəsinin yanına getdim. Həm çox pul istəyirlər, həm də elədikləri əməllər üçün heç bir zəmanət vermirlər. Ona görə gəldik sizin yanınıza.

Xarizmatik üzünə bir az da müdriklik verən ağ və gur saçlarını əli ilə arxaya darayır. Qısa və koppuş barmaqlarındakı iri və rəngli daş-qaşlı üzükləri adamın gözünə girir.

- Mən onların baş ekspertiyəm. Onlar şou göstərir, mən konkret iş görürəm.

- Axı bəs ciddi adamlarla işlədiklərini, arxalarında Şeyxin, MTN-nin, DİN-in dayandığını deyirlər?!

- Əşşi, onlar mənim adım gələndə qorxurlar. Yeganə "Banditizm"lə işləyir. Mirqafarla. Almaz bütün günü gəlib mənim yanımda gözünün suyunu tökür. Mənim adamım özüməm. Arxamda da özüm durmuşam. Onlar kimi kimlərəsə altı aydan bir on altı min haqq vermirəm.

(Dəhşətə gəlmiş kimi oluruq)

Ayda qapıma iki maşın qoyurlar

- Siz onlardan fərqli olaraq, məni bütün problemlərimi yoluna qoyacağınıza əmin edə bilərsizmi? Bir də bəlkə sonra məndən elə məbləğ istədiniz ki, gücüm çatmadı?..

- Ay balam, ay bacım, mən sənə deyirəm ki, səndə cadu-madu yoxdu. Bunu sənə kim deyirsə, qələt edir. İstəyir bunu Toma (Tamilla Salamova) desin, istəyir Nadim… Mənə sənin pulun lazım deyil. Mən heç kimi burdan əliboş qaytarmamışam. Adam gəlib ki, burdan cibinə pul qoyub göndərmişəm. Mən böyüklərnən işləyirəm. Ayda qapıma iki maşın qoyurlar. Baxıram ki, sən dağdan dərəyə enmiş adamsan. İndi gərək sən pulun içində itəydin. Yaxşı perispektiv var səndə, amma bağlılığın buna icazə vermir. Bu gün mən işləyərəm, sabah gəlib götürərsiz. Bir şərtlə ki, evinizə xeyrinizə dair də olsa heç bir dua aparmayasınız.

Ayaq dıqnağı, bir çəngə saç…

Gələsi olsanız, ayaq dırnaqlarınızı, bir də saçınızdan bir az kəsib dörd yol ayrıcında çiyninizin üstündən atarsız. Saç və dırnaqlarda ruh olmur. Sabah saat beşdə gəlin. Buranı tanıyırsız. Unutma, sənə bir şey qadağan olunub. "İnsanlara inam". Heç kimə inanma. Ürəyinə inan. O, həmişə sənə doğru yolu göstərir.

- Gəlin, belə danışaq. İşlərimi yoluna qoymasanız, pul-zad verəsi deyiləm.

Siz jurnalistsiz… Elə bil səsimi yazırsız

- Adamlar məni ona görə çox istəyir ki, pul söhbəti eləmirəm. Qulpundan nə çıxır, onu ver. Sizin söhbət lap buna bənzədi ki, gedim bazara meyvə alıb gətirim, yeyim, xoşuma gəlsə, pulunu verərəm. Axı sizin işiniz üçün almam gərəkən şeylər var. İstəyirsiz, deyim, özünüz gedib alın. Nə lazımdı edəcəm, vaxt da qoyacam düzələcək.

- Vergilisiz?

- Bundan sənə nə? Mənim ixtiyarım yoxdu danışmağa. Siz jurnalistlər kimi danışırsız, elə bil səsimi də yazırsız.

Gülürük.

Üç ildi məni sınaqdan keçiriblər. Mən mövhumatçı adam deyiləm. BDU-nun tarixini bitirmişəm. Sonra şərqşünaslığı. Musiqi təhsilim var, ərəb-fars dillərini bilirəm. 13 yaşımdan vergiliyəm. Kitablar yazmışam. İstəsəniz, sizə də bağışlaya bilərəm.

Bu jurnalist söhbətinin üstündə çox durmadığına görə, elə-belə "havaya atdığını" fikirləşirik.

Səni salaram hipnoza!!!

Zəng gəlir, danışır:

- Eşidirsən, balam, mən məsələni həll elədim. İndi yanımda adamlar var, sonra danışarıq.

Yenidən söhbətə qayıdır:

- Sona xanım, saat beş üçün gəlin, nə istəsəniz, götürün. Pul sohbəti eləməyin. - Siz doğurdan da hər şeyi görürsünüzsə, axı bilməlisiniz ki, məndə ekstra hiss var.

- Səni salaram hipnoza… Sadəcə, buna vaxtım yoxdu.

- Heç nə edə bilməzsiniz. Məni qoruyan qüvvə var.

- Hansı qüvvə qoruyur səni? Mən bilirəm səni nə gözləyir.

Heyvan dərisinin "lüboy" hissəsindən…

- Mən Allaha güvənirəm. Allah kimisə vuranda da, qoruyanda da kiminsə əli ilə edir. Allah buyurur ki, neynirsizsə, özünüz-özünüzə edirsiz. Pisliyi də, yaxşılığı da.

Zəng gəlir.

- Düzəldi? Kimliyinizlə pulu göndərdiz? Mən burda gözləyirəm.

İkinci telefonuna zəng gəlir. O birini xətdə gözlədir.

- Onun əlinin ölçüsündə heyvan dərisinin "luboy" hissəsindən verə bilərsiz.

Əlini uzadıb çantamın üzərindəki detalı göstərir:

- Bu işarə massonlarındı. Çalış, üzərində belə şeylər daşıma, uğursuzluq gətirir.

Yol boyu maşında savaşdığımız üçün bayaqdan qaş-qabağını töküb oturan sürücümüz nəhayət yorulduğumu görüb, yumşalır və sükutunu pozur:

- Bayaqdan dinləyirəm, sizdə zərrə qədər mövhumatçılıq, basıb-bağlamaq… ay nə bilim, cin belə gəldi, şeytan belə getdi-zad olmadığından sevdim sizi. Bəlkə mənə də bir baxasınız?

Bu dəfə gələn zəngi söndürüb, alnını ovuşdurur.

40 yaşında Mehdi əz-Zəman olacam

- Bəlkə məni özünüzə katibə götürəsiniz?! – görücümüzə deyirəm. - Bu qədər telefona cavab verməkdən ekstra hissləriniz tükənər. (Burda artıq dodağına qonan Freydist gülüşdü.)

Tez özünü yığşdırıb ciddiyətə keçir.

- İkiniz də səmimi adamlarsız.

Sürücü tikanlarını çıxarır:

- Mən səmimiyəm, bunu deyəmmərəm.

- Yox əşi, mən Sonanı çözmüşəm artıq. Nəyi var, dilindədi. Ürəyi çox təmizdi. Əsil dostluq ediləsi xanımdı. – Sözünə bir az ara verib davam edir: - Bilirsiz, yanıma hər kateqoriyadan adamlar gəlir. O gün biri gəlib ki, bəs mən anadan olanda anam yatıb yuxuda görüb ki, 40 yaşında Mehdi əz-Zəman olacam. Dedim, get, bir il sonra gəl. Bir il sonra gələndə deyəcəm ki, artıq sənin 41 yaşın var. Nə oldu?..

Həbsxanaya İvan adıyla "Astra" siqareti, quru çay göndərirəm

- Mən camaata yaxşı baxmasam, burda, Şahmat Akademiyasının qarşısında belə bir ofisi beş yüz manata kirayələyə bilməzdim. Bütün nazirliklər məni sınaqdan keçirib. Artıq əl içi, ayaq altı işləyirəm (yəqin ki, xiromantiya demək istəyir).

Bu qədər gəlirlə kimlərəsə əl tutub–tutmadığın soruşuram.

- Mənim külfətim var, iki bacım… dörd ailəyə baxıram. Bir nömrəli uşaq evinə yeddi ildi ki, ayaqqabı göndərirəm. Həbsxanaya "Astra" siqareti, quru çay göndrirəm. Özü də İvan adı ilə.

- Dindarsız? Bu işləri o biri dünyanız üçün edirsiz, yoxsa necə?

- O biri dünya üçün yox, sadəcə, fikirləşirəm ki, bir gün onların yerində mən də, mənim övladlarım da ola bilər.

Zəng gəlir. Artıq yorulduğumdan nə danışdığına qulaq verə bilmirəm. Him-cimlə sürücüyə deyirəm ki, gedək.

Deyəsən "Fantaziya"nın yanında çürüyən bədbəxti unudub.

Mən sənə sübüt edəcəm ki, mistik qüvvələr var

Telefonu bağlayıb deyir:

- İnanc tibbi işdi. Axı biz təbabətlə paralel işləyirik. Dünən "Semaşko"da bir nəfər ölürdü. Tanımırdım e… əlini kəsirdilər. Üzərində işlədim, kəsmədilər, əlini tikdilər üstünə.

Gülməyimi boğuram:

- Siz tikdiz?

- Yox, zəng elədim, düzüb-qoşdum, həkimlər kömək etdi.

- Sona, bala, sabah gəl. Heç nəyə ehtiyac yoxdu. Mən sənin işlərini yoluna qoyacam. Və sənə sübut edəcəm ki, mistik qüvvələr var. Bunu da unutma: "könlü balıq istəyənin quyruğu suda gərək".

Jurnalistlər mənim dostumdur

Yerimizdən qalxıb minnətdarlıq edirik. Anidən soruşuram:

- Mən kiməm?

Bunu da mənim növbəti zarafatım kimi qəbul edib özü də zarafata keçir və qafiyə tutur:

- Balaca bir həkiməm.

- Elşən bəy, mən jurnalistəm.

Təmkinini heç pozmur:

- Lap yaxşı, jurnalistlər mənim dostumdu. Özüm də zamanında "Təbriz" qəzetinin redaktoru olmuşam. Sonacan, həmişə yanında olacam sənin. Danışdığımız kimi, sabah saat beşdə gəl.- Arxamızca sürücüyə səslənir:

- Sən daş, dəmir, çəngəl, bıçaq, maşından ehtiyatlı ol…

Qapıyacan yola salır. Arxadan məni çağırır, dönürəm:

- Sona, sağ ol!

Yorğunluqdan səsilə, sözüylə nəyə eyham vurduğunu tuta bilmirəm.

P.S. Yolda yadıma düşür ki, hörmətli ekstrasensimizdən anama nəvə istəmədim. Eybi yox, o birilərindən alaram…

Tarix
2013.11.05 / 10:31
Müəllif
Sona
Şərhlər
loading...
Digər xəbərlər

Brejnev bircə ona “sən” deyə bilmirdi

Bir Sevil Nuriyeva, bir Mübariz Mənsimov var, onlar da...

“Mənə bərk-bərk sarıl” dedi, dünyam qaraldı... - Foto

Ermənilər bundan sonra yalvarmağa başladılar - Varis

KQB atamın o əsərini evdən apardı – Kərimzadə

Bolqarıstanda Bakı ilə bağlı reportaj yayımlandı - Foto

Mən fövqəlinsanam: Aqşindən Seymura qədər, hamısı... - Herisçi

Bizim Ağa müəllim: SSRİ-dən qorxmayan köhnə kişi - Foto

Ateistlərlə dindarların cəmləşdiyi məkanda müqəddəs gün – Foto

Fədayə Laçın hamısını üstələdi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla