Ana səhifə Reportaj |
1997-ci il fevralın 21-də böyük alim akademik Ziya Bünyadov qətlə yetirilib.
Axar.az Musavat.com-a istinadən akademikin qətlində günahlandırılaraq ömürlük həbs cəzasına məhkum olunmuş Nizami Nağıyevlə saxlanıldığı Qobustan Qapalı Həbsxanasında baş tutmuş müsahibəni təqdim edir:
Həyatının 54-cü ilini yaşayan Nizami Nağıyev 18-ci ildir ki, həbsxanadadır. O, 2000-ci ildən ömürlük məhbuslar üçün nəzərdə tutulan kamerada qətlin digər iştirakçısı Mahir Zeynalovla birgə saxlanılır.
İqtisad Universitetini qırmızı diplomla bitirən Mahir Zeynalov da, Dövlət Gömrük Komitəsinin inspektoru olmuş Nizami Nağıyev də bu gün Qobustan Həbsxanasının divarları arasında 21 il əvvəl törətdikləri dəhşətli qətlin cəzasını çəkməkdədirlər.
Burada hər bir addım nəzarət altındadır. Yatmaq da, yuxudan oyanmaq da, yemək də, içmək də, televizora baxmaq da, hamamda yuyunmaq da və s., hər şey rejimlədir. Sərbəst hərəkət azadlığı yoxdur. Üstəlik sayıqlığı 1 saniyə belə əldən vermək olmaz...
Həbsxana həyətində sanki bir başqa həyatdır. Əhənglə ağardılmış çoxsaylı barakların ətrafında qara paltarlı dustaqlar gözə dəyir. Köhnəlmiş binalardan birinin qabağında iki əsgərin ortasında əli qandallı dustaq dayanıb. Orta yaşlı, dolu bədənli dustağın əynindəki nimdaş gödəkçənin qolları arasından qandal parıldayır...
Bu odur - ömürlük məhbus Nizami Adil oğlu Nağıyev. Yaşadığı binanın blokunda akademik Ziya Bünyadova bıçaqla xəsarət yetirən Bakı sakini, Azərbaycan vətəndaşı. Onunla həbsxanada görüşən “Yeni Müsavat”ın müxbirinə hər şeyi anladır...
- Bilirdiniz ki, Qalib silahla atəş açacaq?
- Yox, bilmirdim. Sonradan özlüyümdə analiz edəndə, belə qənaətə gəlmişdim ki, Qalibə “kontrolnı” atəş açması əmri verilib.
- Sizin yanınızda belə əmr verilməmişdi?
- Allaha and olsun ki, belə söhbət olmamışdı. Birinci dəfə gedəndə, ancaq mənim əlimdə bıçaq olub. Tapança söhbəti yox idi. Göstəriş verlimişdi ki, sırf bıçaqla vurulsun. Yəqin düşünüblər ki, vurmaz, ona görə Qalibə bərk-bərk tapşırıblar ki, silahla vur. O da vurdu. İşdə bir az şişirtmələr də olmuşdu. Müstəntiq Rövşən Əliyev istintaqı aparanda “Əl-Fəqih” adlı bir təşkilat adı yazmışdı, guya biz həmin təşkilatın üzvü olmuşuq. Bunlar hamısı şişirtmə idi.
- Azərbaycanda sizdən başqa üzvü olduğunuz təşkilatın nümayəndələri vardı?
- Tariyel deyirdi ki, Azərbaycandakı yeganə “Hizbullah”çı bizlərik. Belə deyirdi.
- Hadisə yerinə necə, sonralar gedib baş çəkmişdiniz?
- Heç vaxt! Kim gedər ora? Yox, getməmişdim. Mənim orada nə işim var? Gedib nə edəcəkdim?
- Həmin gün Ziya Bünyadovun yanında kimsə vardı?
- Yox, tək idi. Tariyelgil onun gəlişini xəbər verdilər. Mən o gəlməmiş qaçıb girmişdim bloka. Həmin gün qar yağmışdı, küçədə adam demək olar ki, yox idi. Gəldi, girdi bloka. 2-ci mərtəbədə pilləkənlərdə üz-üzə çıxdıq. Əlimdəki bıçaqla ardıcıl zərbələr vurdum. İlk zərbə əlinə dəydi, sonrakıları bilmədim. Bircə rus dilində ana söyüşü söydü. Vurdum, arxası üstündə yerə yıxıldı. Mən blokdan çıxan anda, Qalib bloka girdi. Mən qaçanda eşitdim ki, silahdan atır. Maşına oturduq, oradan uzaqlaşdıq. Bir az aralaşdıq, Mahiri maşından düşürdük. Az keçdi, Tariyel yenə zəng elədi, dedi ki, nə oldu, Qalib dedi ki, elədik. Gəldik evə, paltarları, krossovkaları, əlcəkləri, papaqları çıxardıq, silahları atdıq evə. Qaliblə Cavanşir paltarları götürüb getdilər. Mən də Tariyelin maşınına minib gəlib “Gənclik”də düşdüm. Metro ilə “Əzizbəyov” stansiyasına, oradan taksi tutub evə gəldim. Həmin gün işıqlar yanmırdı. Heç bilmədim ki, nə baş verir... 3 gün evdən bayıra çıxmadım. Sonra peycerə zəng gəldi ki, dəmir vermək lazımdır, şəhərə gəl. “Çermet”ə getdim, görüşdük. Tariyel, Cavanşir həyəcanlı idilər. Televizorda Heydər Əliyev bu hadisə barədə çıxış eləmişdi, hamı qorxu içində idi. Hansı işin altına qol qoyduğumuzu dərk etməyə başlamışdıq. Tariyelin rəngi qaçmışdı. Televizorda xəbərlərdən bilmişdim ki, ilk zərbə əlinə, 3 bıçaq da bədəninə dəyib. Elə orada qərarlaşdıq ki, ölkədən çıxaq. Türkiyəyə gedib un vuraq. Qalib polis idi deyə işdən çıxa bilmirdi. Cavanşir, Tariyel və mən Türkiyəyə getdik. Tariyel orada bizə dedi ki, siz hoteldə qalın, özü də itdi. Sonradan gəldi, dedi ki, hər şey qaydasındadır, narahat olmayın. Sonradan bildik ki, Tariyellə Nəsrullah Türkiyədə görüşüblər. Görüşdən sonra dedi ki, narahat olmayın, hər şey yaxşı olacaq. Bundan sonra adi həyat yaşayacaqsız, daha heç bir “işə” getməyəcəksiz. Bakıya qayıdandan sonra aldığınız konspirativ evin hər iki zirzəmisini doldurun, evi də satın. 20 ton un aldıq və Bakıya yolladıq. Özümüz də qayıdıb gəldik. Bakıda un məsələsi də o dövrlərdə çətin idi. Qohum-əqrəbaya un satırdıq.
Martın 20-də Tariyel bizə kəndə gəldi. Dedi ki, gedirik o tərəfə (İrana). Evdə de ki, Rusiyaya gedirəm. Get anbara, orada gözlə. Cavanşirlə Qalib ora gələcəklər. Qalibin ağ “Niva”sı vardı, dedi ki, onunla Cəlilabada gedin. Evdə dedim ki, 10-15 gün olmayacağam, Rusiyaya gedirəm mal-material gətirməyə. O dövrdə atamgil artıq Əhmədlidə yaşayırdılar. Qardaşım qonşuluqda olurdu, yol polisində işləyirdi. O da nə bilirdi ki, haradan gedib haradan gəlirəm.
- Hamı ticarətlə məşğul olduğunuz, düşünürdü?
- Uşaqlıqdan o qədər zəhmətkeş olmuşam ki, kimsə ağlına belə gətirməzdi ki, mən belə işlərlə məşğul ola bilərəm. Uşaq vaxtında bütün günü torpaqla, əkin-biçinlə məşğul olurdum. Atamın heç vaxt ağına gələ bilməzdi ki, mən belə bir işlə məşğul ola bilərəm, kiməsə qoşula bilərəm. Atam bizə gələndə həyətə baxırdı, fərəhlənirdi. Parnikimə, qoyunlarıma, həyət-bacaya baxırdı sevinirdi. Görürdülər ki, həm də ticarətlə məşğulam. O vaxt un gətirəndə atama demişdim ki, çörək bişirən sexlərdən xahiş eləsin, bizdən un alsınlar. Bizdən 20 tona yaxın un almışdılar. Yəni məndən kimsə şübhələnə bilməzdi.
- İrana 1997-ci il martın 20-də keçdiniz?
- Martın 20-si və ya 21-i olardı. Biz Bakıdan çıxanda Qalib qardaşına dedi ki, gedib bir arayış alıb iş yerinə versin. Cəlilabadda gördüm ki, Tariyel, Mahir, Cavanşir də ora gəliblər. Xanları da orada gördüm. Vüsalı da evindən çağırdıq. Maşına oturub bizimlə sərhədə qədər gəldi. Orada Vüsalın xalası oğlu Mais sərhəddə işləyirdi. Mais fit çaldı, əsgərlər gəldilər. Adambaşı əsgərlərin “qlavarına” 10 şirvan verdik, setkanı qaldırdılar, keçib getdik. Qamışlıqdan yol var idi, keçib gedəcəkdik. Üstümüzdə silah yox idi. Ancaq pul var idi. Qamışlıqdan keçib dərəyə düşmüşdük ki, əsgərlərin “qlavarı” silahı üstümüzə çəkdi, dedi sizi təhvil verəcəyəm. Başladıq ki, əşi, atan yaxşı, anan yaxşı, əl çək. Pulunu almısan, imkan ver gedək. Demə, o, bunu pula görə edirmiş, əlavə pul almaq istəyirmiş. Bunu artıq həbs ediləndən sonra bildim. Əsgəri tutmuşdular, belə ifadə vermişdi. Həmin gün özünün ehtiyatsızlığından silahdan atəş açıldı. Güllə açılmasından sonra məsələ böyüdü, artıq zastavada da bildilər ki, keçid olub. Tariyel həmin vaxt onun üstünə hücum elədi. O biri əsgər də başladı atəş açmağa. Onun vurub ağzını partlatdıq, Cavanşir silahı əlindən aldı. O biri əsgər Qalibi vurdu. Sonra bildik ki, o ölüb. Hadisə səhərə yaxın 4-5-də oldu. Qamışlığa, oradan çayın içinə atılıb qaçdıq. Getdik kəndə.
- İran tərəfdən əsgərlər yox idi?
- Biz neçə il gedib-gəldik, mən orada onların əsgərini görmədim. Oradan çıxandan sonra bir maşın gəldi, oturub yola çıxdıq. Bizi bir qəsəbəyə apardılar, orada bizi ayrı-ayrı otaqlara saldılar. Pəncərələri qara örtüklə bağlı otaqlar idi. Səhəri Tariyellə Nəsrullah məni çağırdılar.
- Tariyellə Nəsrullah nə dedilər?
- Dedilər ki, sən təcili evə qayıtmalısan. Bəs Bakıdan Qaliblə bir çıxmısan, səni Qalibin qardaşı da onunla birgə görüb. Gedib haradasa deyər ki, evdən Nizami ilə çıxıb, səni axtararlar. İrana keçəndən 3 gün sonra məni Yardımlıya gətirdilər. Orada bir yaşlı kişi vardı, ona pul verdilər, o da məni sərhəddən bu tərəfə keçirdi. Səhərə yaxın Yardımlı-Masallı yolunda bir taksiyə oturdum, getdim Masallı bazarına. Bazardan şalvar, köynək alıb geyindim, Bakıya gəldim. Qardaşlarıma zəng edib vəziyyətlə maraqlandım. Gördüm ki, sakitlikdir. Sonradan Mahir, Cavanşir, Tariyel peyda oldu. Hərə öz həyatını yaşamağa başladı. Atam da məni aparıb gömrükdə işə düzəltdi. Dedi ki, ticarətdən əl çək, get gömrükdə işlə. Bakı aeroportunda işləməyə başladım. Odlar Yurdu Universitetinə də daxil olmuşdum.
- Həmin vaxt atanız artıq Abşeronun icra başçısı idi?
- Hə, icra başçısı idi.
- Atanızla tez-tez görüşürdünüz?
- Yox, elə də çox vaxtımız olmurdu. Nə onun, nə də mənim. Heç qardaşlarımla da görüşə bilmirdim. 2 qardaşım polisdə, 1 qardaşım da Milli Təhlükəsizlik Nazirliyində işləyirdi. Vaxtımız olmurdu.
- Qalib Babayevin qohum-qardaşı sizdən onun barəsində soruşmadılar? Necə olsa axırıncı dəfə sizinlə birgə görmüşdülər axı onu?
- Yox, onlar məndən nə soruşacaqdılar. Elə bilirdilər Qalib əməliyyata gedib, hadisə baş verib, onu öldürüblər.
- İstintaqa da çağıran olmadı?
- Yox, heç maraqlanan olmadı. Adi həyat başlamışdı. Tariyel də Moskvaya getmişdi, orada 7-8 ay yaşadı. Həmin vaxt artıq evlənmişdi də. Oradan xəbər göndərmişdi ki, evi satın. Cavanşir də Maarifi gətirdi, evi mənim adımdan çıxarıb onun adına keçirdilər. O vaxta qədər biz evi tər-təmiz eləmişdik. Zirzəmiləri doldurmuşduq, qrim üçün nə vardısa yığışdırıb yandırmışdıq. Silahlar orada torpağın altında qaldı. Maarif də evi adına keçirəndən sonra ailəsi ilə orada yaşamağa başladı. 1998-ci ildə Tariyelgilə getdim. Ara-sıra gedib onun anasına baş çəkirdim. Dedi ki, Tariyel səninlə danışmaq istəyir. Moskvadan zəng elədi, danışdıq. Vəziyyətlə maraqlandı, dedim ki, sakitlikdir, mətbuatda da heç nə yoxdur.
- O vaxt mətbuatda nə yazırdılar?
- Kim kimə nə deyib, nə baş verib, belə məsələlərdən yazırdılar.
- Hadisə ilə bağlı nə yazırdılar?
- Arada nəsə yazılar olurdu. Kim kimdən acıqlıdır, bu işi də onun üstünə atırdı. Parlamentdə kim nə deyirdi, atırdılar onun üstünə.
- Elə həmin günlərdə mətbuatda belə məlumatlar da vardı ki, qətlin sifarişçisi mərhumun ağzından atmağı sifariş edib, ona görə də güllələr ona həmin istiqamətə atılıb...
- Allaha and olsun ki, belə bir söhbət olmayıb, yalandır. Qalib bloka keçib atıb və çıxıb. O günlərdə belə şeylər çox yazırdılar. Guya Ziya bizə deyib ki, “ay uşaqlar, neylirsiz?” Belə söhbət olmayıb. Ziya bircə ana söyüşü söydü orada, vəssalam. Rusca ana söyüşü söydü. Hərə bir söz deyir. “Uşaqlar nə edirsiz?” söhbəti olmayıb. Hətta həmin günlərdə bir taksiyə oturmuşdum. Taksi sürücüsü deyirdi ki, Ziya Bünyadovu snayperlə vurublar. Guya dikdən o bloka girəndə snayperlə vurublar. Nağıllar, əfsanələr çox idi. Əslində isə bizimlə heç kim maraqlanmırdı. Heç kəs! Qəti şəkildə çağıran, maraqlanan yox idi!
- Amma istintaqın getdiyindən məlumatlı idiniz?
- Yox, haradan xəbər biləcəkdik?
- Ən azı mətbuatı izləyirdiniz, mətbuatda xəbərlər verilirdi axı...
Ardı var.
Tarix
2018.02.23 / 09:12
|
Müəllif
Axar.az
|