Yuxarı

Şah Təhmasib oğlunu 19 il zindanda saxlamışdı – Çəmənli

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ulduz” jurnalı ilə Axar.az saytının birgə layihəsi

Adi iş günlərindən birində “Təhsil” nəşriyyatının dəhlizində Mustafa Çəmənliylə keçmişdən gələcəyə gəzişirdik. Elə ədəbi xatirələr, elə maraqlı hadisələr danışırdı ki, o keçmişdən ayrılmaq istəmirdim. Həm də bilirdim ki, bu əhvalatları heç kim mənə belə aydın, duzlu, məzəli danışmayacaq. Özümü o ədəbi keçmişin acı hesab edirdim. Mustafa müəllim o qədər informasiyalı, o qədər intellektual adamdır ki, üzünü hansı tərəfə çevirsə, danışa bilir. Yaddaşında cild-cild xatirələr var.

Əslində, uzun müddət idi ki, Mustafa Çəmənli haqda yazmağı düşünürdüm. Amma yazının hardan başlayıb, harda qurtaracağını bilmirdim. Bir dəfə yazmağa cəhd də etdim. Mustafa müəllim haqqında yazmağın nə qədər çətin olduğunu anladım. Qismət deyilən bir şey var, Xanım Aydınla birlikdə Mustafa müəllimlə “Yazı masası” layihəsində görüşdük.

– Mustafa müəllim, biz bütün yol boyu fikirləşmişik ki, sizinlə müsahibəni necə quraq, hardan başlayıb hara gedək? Siz demək olar ki, bu ölkənin ən dəyərli adamlarından xatirələr yazmısınız, müsahibələr hazırlamısınız. Yeri gəlmişkən, “Xan” nəşriyyatının çap etdiyi, “Xatirələrim” seriyasından işıq üzü görən kitabınız münasibətilə sizi təbrik edirik. “Ürəyimdən kimlər keçdi” kitabınızı oxuduqca keçdiyiniz çox maraqlı və rəngarəng yaradıcılıq yolu aydın görünür.

– Xatirə kitabı belədir ki, onun qəhrəmanı müəllifin özüdür. Kitabdakı “Nəşriyyatlarda keçən ömrüm” bölməsi “Yazıçı” nəşriyyatında işlədiyim illərin əks-sədasıdır. Mən klassik ədəbiyyat və folklor redaksiyasında işləyirdim, sonralar həmin redaksiyanın müdiri oldum. Əkrəm Cəfər, Məmmədağa Sultanov, Saməd Əlizadə, Turan Cavid, Vaqif Vəliyev, Bəylər Məmmədov kimi tanınmış müəlliflərimiz vardı. O redaksiyaya sinəsi dastan adamlar gəlirdi. Molla Cumanın “Seçilmiş əsərləri”ni nəşrə hazırladığımız vaxtlarda Şəkidən bir kişi gəlmişdi. Ərəb əlifbasıyla bir qom əlyazma tökdü stolun üstünə. Molla Cumanın şeirlərini tapmışdı...

Mənim üçün “Yazıçı”da çalışanlar da, ora gələnlər də çox dəyərli adamlar idi. Mən onlara elə-belə baxmırdım. Ora gələn yazıçılara, şairlərə həmişə hörmətlə, izzətlə yanaşırdım.

Vaqif Səmədoğluyla, Seyfəddin Dağlıyla, Məmməd İsmayılla, Məmməd Aslanla və b. bir otaqda işləmişəm. Onlar haqqında da yazmışam. Xatirələr yazmaq üçün gərək mənalı bir ömür yaşayasan. Yoxsa yazmağa söz tapmazsan.

– 70-ci illərdə Mingəçevir şəhərində çıxan “Mingəçevir işıqları” qəzetində “Ləpirlər” adlı bir hekayəniz dərc olunmuşdu və çox da maraqla qarşılanmışdı. Hekayənin dili, üslubu oxucunu öz sehrinə salır. Səhv etmiriksə, bu hekayə ilk qələm təcrübənizdir...

– O vaxtlar jurnalistika fakültəsinə qəbul olmaq üçün iki illik iş stajı olmalıydı. Bir də yaradıcılıq nümunələrinə baxırdılar. Mən orta məktəbin son iki ilini Mingəçevirdə təhsil almışam. O vaxta qədər Çəmənli kəndində oxumuşam. Uşaqlıqdan ədəbiyyata böyük marağım vardı. Çox yaxşı ədəbiyyat müəllimlərimin olduğunu da etiraf etməliyəm. “Ləpirlər”ə qədər də artıq yazmağa başlamışdım. Bir neçə oçerkim çap olunmuşdu. Bir dəftərlik şeirim də vardı. Amma indiyə qədər birini də çapa verməmişəm. Sözümün canı odur ki, “Ləpirlər”ə qədər xeyli yol keçmişdim. Yoxsa birdən-birə elə hekayə yazmaq olmazdı.

– Hekayənin çox həzin, kövrək musiqisi var. Ümumiyyətlə, sizin bütün yazılarınızda – istər publisistikanızda, istər bədii yazılarınızda cümlələr zümzümə edir. Bir-birinə bağlanan abzasların xoru adamın ürəyinə yatır.

– Uşaqlıqdan iki sahəyə çox böyük məhəbbətim olub – ədəbiyyata və musiqiyə. Xanəndəlik, oxumaq mənə ədəbiyyat qədər doğma idi. Hətta yaxşı səsim də vardı. Allah mənə yaxşı səs vermişdi, amma o səslə bərabər utancaqlıq da vermişdi. Mən səhnəyə çıxıb oxuya bilmədim. Evin ən sevimli, əziz uşağı olmuşam. Atam əsgərlikdə vəfat etmişdi. İçimdə atamla bağlı o qədər suallar vardı ki... Amma çalışırdım çox sual verib nənəmin, anamın yaralarını qanatmayım. Hər şeyə həssas yanaşırdım. Ərköyünlük eləmirdim. İçimdəki kədəri, dərdi nəyləsə ifadə etməyə, hansı yollasa çölə çıxarmağa, püskürməyə çalışırdım. Ya xanəndə olub dərdimi oxumalı, ya da yazıçı olub kədərimi yazıb yüngülləşməliydim. Qoyun kəsəndə dərisini xəlbirin sağanağına çəkib qaval düzəldirdim. O vaxt ədəb-ərkanlı xanəndələri, onlara olan hörmət-izzəti görürdüm deyə xanəndəliyə meyilim vardı. Xalq onları başının tacı kimi qəbul edirdi. Amma utancaqlıq məni xanəndə olmağa qoymadı. Elə özüm üçün oxudum.

– Amma hamı üçün yazmağa başladınız və bacardınız. Belə görünür, içinizdəki ədəbiyyat tərəzidə daha ağır gəldi.

– Ədəbiyyata olan sevgim, marağım çox böyük idi. Və mən görürdüm ki, özümü böyük publika qarşısına çıxıb oxumaqla ifadə edə bilmərəm. Odur ki, xanəndəliyi özümə peşə seçmədim.

– Yazdınız. Və yazılarınızda sözlə musiqini birləşdirə bildiniz. Bəs ilk yazı masanız nə vaxt olub?

– Mənim yazı masam bəzən dizimin üstü olub, bəzən mətbəxdə yazmışam, bəzən də elə iş yerimdəki sadə masamda. Nəşriyyatlarda şöbə müdiri, baş redaktor vəzifələrində işləyəndəsə yazı masam olub. Hamıdan tez gəlib, hamıdan gec getmişəm. Vaxtımı boş keçirməmişəm. Vaxt öldürməklə aram olmayıb. Həmişə işləmişəm, həmişə axtarmışam. Bəzən elə tapdığım bircə cümlədən – təsirləndiyim, məni özüylə harasa uzaqlara aparan cümlədən yapışıb yazmağa başlamışam. Klaviaturadan çox qələmlə yazıram, amma sürətli yazıram. Elə günüm, elə anım yoxdur ki, düşünməyim. Hər şeyi əvvəl beynimdə hazırlayıram, sonra kağıza köçürürəm. Yəni mənim beynimdə yazıdan, yaradıcılıqdan başqa heç bir fikir olmur. Kiminsə ayağının altını qazmaq, kiminsə arxasınca danışmaq, kiməsə nifrət bəsləmək, haqqında qara-qura düşünmək mənim təbiətimdə də yoxdur, beynimdə də. 1982-ci ildə Möhbəddin Səmədin oçerkləri işıq üzü gördü. Mən də kitabın redaktoruydum. Orda bir cümlə oxumuşdum: “Mən tarın nəyə qadir olduğunu 1961-ci ildə İstanbulda qastrol səfərində olanda bildim. Səhnəyə çıxıb “Rast” çalırdım, bir də gördüm, salonda bir qoca kişi oxuyur. Sonra onunla tanış oldum. Məlum oldu ki, bu adam Azərbaycanın məşhur xanəndəsi Məşədi Məmməd Fərzəliyevdir”.

Bu sözləri Əhsən Dadaşov deyib. Mən bu sətirlərdən həyəcanlanmışdım. Məşədi Məmməd Fərzəliyev haqqında məlumatlı bir adam kimi “Səs qərib olmur” adlı hekayə yazdım. Kitabım planda idi. O vaxt redaktor hekayəmi oxuyub tərifləmişdi. Bu tərifə görə bütün nəşriyyat o hekayəni oxumuşdu.

Nəşriyyatda da yaradıcı adamlar çox idi. Məmməd İsmayıl, Vaqif Səmədoğlu, Sabir Rüstəmxanlı, Ağasəfa Yəhyayev, Natiq Səfərov... Hamıya maraqlıydı, bu necə hekayədir ki, onun kənarına redaktor “əla” yazıb.

– Romanlarınızın qəhrəmanları əsasən tarixi şəxsiyyətlərdir. Xanlıqlar, Səfəvilər dövrü, o dövrün hadisələri... Siz o keçmişdə nə axtarırdınız, nəyi tapıb gətirməyə çalışırdınız?

– Mən həmişə keçmişimizdə bu gün də dəyərini itirməyən nümunələr axtarmışam. İsgəndər bəy Münşini oxuyanda gördüm ki, Şah Təhmasib ona tabe olmayan oğlunu 19 il, 6 ay, 21 gün Qəhqəhə qalasında həbsdə saxlayıb. Özü də deyilənə görə, çox igid, qəhrəman bir şəxsiyyət imiş. Bu mövzu məni maraqlandırdı. Ümumiyyətlə, mən tarixi əsərlərimdə hadisələrə, şəxsiyyətlərə çox həssaslıqla yanaşmışam. Çünki tarixi şəxsiyyətlərimiz haqqında yanlış bir ifadə tarixi məlumatı az olan insanların yaddaşına daha tez çökür və yanlış olaraq nəsildən-nəslə ötürülür. Heç bir yazarın öz əsərinə görə tarixi təhrif etməyə haqqı yoxdur. Bədii əsərlərdə tarixi şəxsiyyətə münasibət ciddi olmalıdır. Millətin gözündə uca olan şəxsiyyətləri onların gözündən salmağa heç kimin ixtiyarı yoxdur. Elə dəyərlər var ki, onlara toxunmaq olmaz.

– Bəs bu günün, yeni dövrün qəhrəman obrazı necə olmalıdır?

– Əlbəttə, bu gün Sovet dövründə yaradılan qəhrəman obrazını indi yaratsan, gülməli görünər. Bu günün qəhrəmanın yaratmaq bir az çətindir.

– Əsərlərinizin dili həm rəvan, həm sadə, həm də musiqilidir. Bir yazıçı bütün bunlara necə nail olur?

– Mən çox xoşbəxtəm ki, kənddə doğulub böyümüşəm. Təbiətlə təmasda olmuşam. At çapmışam, dağlarda gəzmişəm, bulaqlarından su içmişəm... Yəni bütün bu təbiəti içimə sığışdırmışam. Ona görə də bütün yazılarımda gördüyüm təbiət lövhələri təsvir olunur. Elə təsvirlər var ki, onu yaşamasan, hiss eləməsən, yaza bilməzsən. Yazsan da, o qədər də təsirli alınmaz. “Xallı gürzə” romanımda Pənah xan Şuşa qalasını tikmək istəyir, ona muxru qururlar. Muxru çadırdan böyük olur. Axı xandı, onun yanına gəlib-gedənlər olurdu. Balaca bir çadıra xanı sığışdırmaq olmaz. Muxru qurulur. Dağlarda qəfildən yağış başlayır. Damcıların o muxrunun qarşısında, üstündə oynaşmasını təsvir eləməsən, nə ləzzəti var.

– Sizcə, insan başqasından hansı cəhətiylə üstün ola bilər?

– Ancaq insani keyfiyyətləri, düşüncəsi ilə. Mən kəndimizə gedəndə bəzən sinif yoldaşlarımı görürəm, atın belində gəlir, yaxud tanıdığım adamlarla hardasa oturublar. Dərhal qarşılarına gedib birinci mən əl uzadıram. Birinci mən görüşürəm, özümə borc bilirəm ki, onların qarşısına gedim və birinci mən əl uzadım. Fikirləşirəm ki, birdən hansısa o addımı atmaz, deyər ki, arada məsafə var. Bütün peşələr, sənətlər, vəzifələr xidmətdir. Amma insanlıq onlarla ölçülmür axı. Yazıçı ol, əxlaqdan yaz, öz əxlaqın olmasın, vətəndən yaz, vətənpərvərlikdən yaz, amma vətənpərvər olma. Bunu necə başa düşək, insanlığı olmayan adamın əsəri kimə lazımdır?

...Mustafa Çəmənlinin sualından sonra sual vermədik, istədik ki, bu sual açıq qalsın və düşündürsün.

Tarix
2018.02.28 / 08:00
Müəllif
Xanım Aydın, Vüsal Nuru
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla