Yuxarı

Aşıq Ələsgərə görə məni xain elan edəcəkdilər – Alim

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış tədqiqatçı alim, jurnalist, Atatürk Mərkəzinin şöbə müdiri Nazir Əhmədlinin geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Haqq-nahaqq seçilər Haqq divanında” kitabının işıq üzü görməsi böyük qalmaqal yaratdı. İllərin gərgin əməyinin, tarixi faktların dəqiqliklə öyrənilməsi və tədqiq edilməsinin bəhrəsi olan bu kitab bir çox ədəbiyyat adamını, ələsgərşünasları üz-üzə qoydu. Onun xüsusən “Aşıq Ələsgər 105 il yox, 74 il yaşayıb” sözləri böyük polemikaya yol açdı.

Kult.az Nazir Əhmədli ilə “Haqq-nahaqq seçilər Haqq divanında” kitabının yaratdığı polemika ətrafında müsahibəni təqdim edir:

- Nazir müəllim, son vaxtların ədəbi qalmaqalı sizin adınızla bağlı oldu. “Niyə belə oldu, gərək olmayaydı, yaxud heç yazmayaydım”, - deyə düşündünüzmü heç?

- Əslində, həmin faktları əldə edib ictimaiyyətlə bölüşmək qərarına gələndə yarana biləcək mübahisələri, etirazları, ehtirasları qabaqcadan gördüyümə görə kitaba “Haqq-nahaqq seçilər Haqq divanında” adını verdim. Bununla demək istədim ki, başımızın üstündəki qüvvə - Haqq - kimin haqqın tərəfində durduğunu hamıdan yaxşı bilir və qərar verən də, iradə sahibi də Odur. Bəlkə bu hadisə, dahilərimizin haqqındakı həqiqətlərin üzə çıxarılması da Onun iradəsi ilə baş verdi və xoşbəxtəm ki, O, vasitəçisi kimi məni seçdi. Mənim yerimdə başqaları da ola bilərdi...

- Amma başqaları da vaxtı ilə sizin tədqiqatınızda gündəmi tutan məsələni, o uyğunsuzluğu hiss edibmiş. Məsələn, kitabın rəyçisi Əli Şamil xatırlayır ki, yeniyetməlik dövründə Aşıq Ələsgəri görənlərin söhbətini eşitdikdə danışılanların heç də yazılanlarla düz gəlmədiyinin şahidi olub. Amma susqunluq vardı, həqiqətə doğru addım atılmırdı, sizcə, niyə?

- Əli müəllimin də qeyd etdiyi kimi, hamının gözü qarşısında baş verən saxtakarlıqları düzəltmək üçün insanların, tədqiqatçıların əlində rəsmi sənəd, tutarlı fakt yox idi. İndiyə qədər etiraz edənlər də şifahi xatirələrə, söhbətlərə, kiminsə şahidliyinə əsaslanmalıydı, bu isə perspektivsiz iş idi. Çünki bu vəziyyətdə üstünlük birincilərin tərəfində olurdu, axı ilk sözü onlar söyləmişdilər, etiraz edənlər öz haqlılığını sübut etməyə borclu idi, bu isə çox çətindir. Üstəlik, Aşıq Ələsgərin ailə üzvlərinin iddiasını dəf etmək əlavə çətinliklər törədirdi. Hətta bu qədər sənəd-sübutun qabağında da “filankəs öz babasını, nəslini tanımır ki, arxiv sənədinə istinad edirsiniz?” deyənlər də var.

- Demək, yazdıqlarınızı kitab halında çap etdirməzdən əvvəl təhqir və təhdid olacağını nəzərə almışdınız...

- Bəli, amma açıq deyim ki, bəzilərinin bu qədər cahil olacağını heç ağlıma da gətirməmişdim. Onlar başa düşmək istəmirlər ki, Aşıq Ələsgərin böyüklüyü onun yaşı ilə deyil, yaratdıqları ilə ölçülür.

- Amma Aşıq Ələsgərin 105 il yaşaması sanki əsas idi ki, onun böyüklüyünü daha qabarıq nəzərə çatdırsın.

- Təəssüf ki, belə düşünənlər çoxdur. Misallar gətirdim ki, Mikayıl Müşfiq cəmi 29 il, Səməd Vurğun 50 il, Cavid 59 il, nəhayət Məhəmməd peyğəmbər cəmi 63 il yaşayıb. Bəyəm, biz onları yaşına görə qiymətləndiririk?

Bu primitiv insanlar bəlkə də düşünürlər ki, Aşıq Ələsgər 105 il yaşayacaqdı, Nazir Əhmədli qoymur ki, bu qədər yaşasın. Bir çoxları narahat olur ki, aşığın 200 illik yubileyinə cəmi 4 il qalıb, bəs necə olacaq? N.Əhmədlinin yazdıqları elmi mövqe kimi qəbul ediləcəksə, birdən 200 illik yubileyi ləğv edərlər. Onlara dəfələrlə izah etdim ki, mən tədqiqatçıyam və o cür məsələlər - yubileyin keçirilib-keçirilməməsi mənlik deyil. Həm də məsələnin Aşıq Ələsgərlə məhdudlaşdırılması da düzgün deyil axı. Kitabda XIX əsr Azərbaycan aşıq ədəbiyyatının 6 korifey sənətkarından söhbət gedir.

- Necə düşünürsünüz, tariximizin araşdırılmamış, qat kəsmiş belə səhifələri çoxdurmu?

- Çoxdur. Mən Qərbi Azərbaycan dediyimiz və hazırda işğal altında olan ərazilərimizdə yaşayan bütün əhali haqda məlumatları toplamışam. Bu məlumatlar təxminən 100 min adamı əhatə edir. Dərələyəz və Göyçə mahallarının kameral siyahılarını nəşrə hazırlayıb geniş “Ön söz”lə çap etdirmişəm. Hazırda İrəvan şəhərinin 1831-ci ilə aid kameral təsvirini çapa hazırlayıram. Sonra digər mahallarımızı da çapa hazırlayacağam. Bu iş həddindən artıq qiymətli, amma həm də çox ağır işdir. Əgər bu qaragüruh 3-4 ay başımı qatıb məni işdən ayırmasaydı, indi yəqin ki, İrəvan şəhərinin kameral təsviri hazır idi.

Bilirsiniz bu işlərin tarix üçün əhəmiyyəti nədir? Sabah ermənilər deyə bilməyəcək ki, Ermənistanda türklər yaşamayıb. Mən orada yaşayanların adlarını çap etməklə, bir növ, pasportlaşdırıram. Bundan başqa, Qərbi Azərbaycandan olanlar üçün zəngin məlumat bazası yaradıram ki, əgər kimsə öz yeri-yurdu, əcdadı haqqında nəsə yazmaq fikrinə düşsə, mənim tapıb üzə çıxartdığım, gözümün nuru və şəxsi vəsaitimlə nəşr etdirdiyim hazır materiallardan istifadə etsinlər. Bəzi cahillər isə sosial şəbəkələrdə dövlət orqanlarına müraciət edir ki, qoymayın Nazir o biri mahalları nəşr etdirsin.

Məlumat üçün deyim ki, İrəvan xanlığı 15 mahaldan ibarət idi, ondan yalnız birini - Göyçə mahalını çap eləmişəm. Hələ 14 mahal və İrəvan şəhəri, bundan başqa İrəvan mahalına daxil olmayan Zəngəzur və Şürəyel mahalları qalır. Dərələyəz mahalı isə Naxçıvan xanlığına daxil idi. Təsəvvür edirsinizmi gördüyüm işin miqyasını?

İndiki Ermənistan dövlətində yaşamış bütün türk-müsəlman əhalisinin siyahılarını əldə etmək, rus dilindən tərcümə edib nəşr etdirmək: hamısını da təkbaşına və heç kimdən bir qəpik yardım almadan, istəmədən! Təkcə bu materialların kompüterdə yığılmasının nə qədər ağır iş olduğunu təsəvvür edin. Özü də bu iş 2 dəfə görülür. Bir dəfə tərcümə edib əl yazısı ilə yazıram, sonra əl yazısını kompüterə yığıram. Nəşrə hazırlayanda dəfələrlə oxuyub, redaktə edirəm.

- Yazılı mənbələrdə Aşıq Ələsgərin savadsız olması bildirilirdi. Elə nəvəsi İslam Ələsgərov da bu fikirdə olub.

- Ələsgər savadsız yox, diplomsuz olub. 7 il Ağ Aşıq Allahverdidən mükəmməl təhsil alan Aşıq Alıdan 5 il təhsil alıb, ərəb əlifbası ilə yanaşı, ərəb və fars dillərini mükəmməl öyrənib və Qurani-Kərimi əzbər bilib. Bu cür adama savadsız deməyin özü savadsızlıqdır. Nəvəsi İ.Ələsgər babasını bir az da böyük göstərmək üçün bu fikri uydurub. Çox qəribədir: hamı savadı ilə, elmi ilə öyündüyü halda, bəziləri savadsızlığı ilə öyünməyi daha şöhrətli hesab edir.

- Nazir bəy, niyə bu kitabda başqa klassiklərə yox, məhz Aşıq Ələsgərə görə hücuma məruz qaldınız?

- Bəzi şəxslər Göyçə və Ələsgər mövzusunu sanki inhisara alıblar. Əlavə edim ki, indi mənə qarşı ittihamlar səsləndirənlərdən biri - Qabil Zimistanoğlu bir neçə il bundan qabaq Aşıq Ələsgərin kitabını nəşr etdirmişdi. O vaxt aşığın hələ həyatda olan nəvəsi İslam Ələsgər onu məhkəməyə vermişdi ki, sən kimsən ki, Ələsgərin kitabını çap etdirəsən?! İş gedib məhkəməyə çıxmışdı, dava-qalmaqal, axırı onları barışdırmışdılar.

- Aşıq Ələsgəri inhisarda saxlayıblar ki?

- Bəzi adamlar hesab edir ki, Ələsgər onların xüsusi mülkiyyətidir və heç kim ona yaxın düşməməli, biz təqdim etdiyimiz şəkildə insanlar onunla tanış olmalı, məhz onların variantında oxuyub feyziyab olmalıdır. Amma çox təəssüf ki, onların təqdim etdiyi Ələsgər təhrif olunub və real həyatdan qoparılıb. Onu özünə qaytarmaq cəhdlərini isə süngü ilə qarşılayırlar. Ən azı indiyə qədər inhisarda idi. Amma mən bu tabunu qırdım və bundan sonra nə Aşıq Ələsgər, nə Aşıq Alı, nə də başqaları heç kimin inhisarında olmayacaq.

Tarix
2017.09.06 / 08:00
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla