Yuxarı

Sovet qırıcı təyyarəsini Türkiyəyə qaçıran azərbaycanlı – Müsahibə/II

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

1964-cü ildə Sovet İttifaqı üçün o dövrdə sensasiya sayıla biləcək dəhşətli bir hadisə baş verir: Sovet qırıcısının pilotu hərbi təyyarə ilə birlikdə Türkiyəyə qaçır və orada siyasi sığınacaq alır.

1961-ci il böhranından kifayət qədər uğurlu çıxan və hegemonluğunu bir daha sübut edən, hərbi-iqtisadi-siyasi gücü ilə dünyaya meydan oxuyan Sovet İttifaqında bu cəsarəti kim göstərə bilərdi? Dünyanı bir KQB kabusu dolaşdığı məqamda bu addımı atan şəxs Sovet xəfiyyəsinin əlindən qurtula biləcəyini necə düşünə bilərdi?

Bu, o illər idi ki, Sovet kəşfiyyatı ABŞ-ın özündə əməliyyatlar keçirirdi: Con Kennedi olayından tutmuş ABŞ aliminin bir gecəyə oğurlanıb-qaytarılması və ixtirasının ələ keçirilməsinə qədər elə bir mif dolaşırdı ki, KQB-ni dünyanın ən mükəmməl kəşfiyyatı imicinə yüksəltmişdi.

Yalnız bir düşüncə yardım edə bilərdi. 1964-cü ildə Sovet İttifaqında Xruşşov loyallığı hələ tamamilə çəkilməmişdi və "Brejnev buntu" dəmir çətiri daha da qalınlaşdırmamışdı. Bütün bunların KQB casuslarının dünyanı saran fəaliyyətinə aidiyyəti olmasa da, ölkədən qaçıb da salamat yaşamağa kiçicik bir stimul verə bilərdi.

Hər nədirsə, əksəriyyətimizin əsl ad-soyadını və hansı zərurətin onu rəsmi Ankaraya sığınmağa məcbur etdiyini bilmədiyimiz, Türkiyədə "Mehmet Altunbay" kimi tanınan soydaşımızın izinə düşürük. Sırf təsadüfən Bakıya gəlmiş Türkiyənin tanınmış iş adamlarından Necati Keserdən dostlar vasitəsilə xəbər tuturuq ki: Mehmet Altunbay adlı belə bir azərbaycanlı varmış və Necati bəy onunla birgə işləyibmiş.

Əslində, Necati bəy onun haqqında daha çox məlumat öyrənmək üçün Azərbaycanda Mehmet bəyin taleyi ilə maraqlanıb. Amma burda məlum olub ki, Bakıda onun haqqında ümumiyyətlə bilgi yoxdur.

Sovet sistemi bu hadisəni elə yat-yut edib ki, təyyarənin qaçırılması da Mehmet Altunbayın varlığı kimi ilğıma çevrilib.

Əlbəttə ki, belə olmalıydı: kimsənin ağlının ucundan belə keçə bilməzdi ki, Sovet qırıcısını oğurlamaq, qaçırtmaq və bir NATO ölkəsinə sığınmaq, hətta sağ-salamat, ömrünü sonacan yaşamaq olar.

İlk ip ucu kimi vaxtilə "abi" deyib yanında işlədiyi Mehmet Altunbay kimi tanınan azərbaycanlının vətəninə indi iş adamı kimi sərmayə qoymağa gələn Necati bəyi aradıq.

(əvvəli burada)

- Necati bəy, Məhmət bəy Oqtaydan başqa uşaqlarının olduğunu deyirdimi heç?

- Oqtayın o zaman 4-5 yaşı olardı. Dedim ha, danışmazdı, elə oturub dərin-dərin düşünərdi.

MƏHMƏT ALTUNBAY GƏNCƏDƏN İDİ

- Siz onu da bilmədiniz ki, o, Azərbaycanın harasından idi?

- Bu vaxta qədər Azərbaycanın harasından olduğunu bilmirdim. Oğlu bu gün məktub göndərdi, ondan öyrəndim. Gəncədən imiş. Oğlu 1989-cu ildən sonra iki dəfə Azərbaycanda olub, Gəncəyə gedib, qohumlarının qəbirlərini tapıb, dualar oxuyub. Oqtay bu gün, elə siz gələrkən mənə məktub göndərib. İstəsəniz o məktubu oxuyum.

- Buyurun, gözəl olar.

Eynəyini taxır, mobil telefonun geniş monitorunda Oqtaydan gələn məktubu oxuyur:

"Dəyərli abi, mesajınızı indi oxudum. İşlərimin çoxluğundan internetə bu gün girə bilmişəm. Feysbukda göndərdiyiniz dostluq təklifini də qəbul etdim. Rəhmətlik atamın ən böyük arzusu dünyadan köçmədən əvvəl bir dəfə də olsa məmləkətini görə bilmək idi. Amma olmadı, ömrü yetmədi..."

Necati bəy məktubun oxunuşuna ara verir. Kövrəlir, səsi titrəyir, gözlərinin yaşı eynəyinin arxasından yanağı boyu süzülür. Və çiyinləri əsir, xırda-xırda hıçqırır. Bu qos-qoca bir iş adamının, yaşlı bir kişinin göz yaşları, sızlaması deyildi, bu 14-15 yaşlı bir çocuğun titrəyişi, sızlaması idi. Necati bəy artıq 1964-65-ci illərə qayıtmışdı. Kimsəsiz, kasıb bir uşaq olaraq, vətənindən uzaqlarda yaşayan qərib bir adama sığındığı, işçisi olduğu zamanın içində idi... onu toxtamağa çağırıram və xahiş edirəm ki, məktubun ardını fotomüxbirimiz İsmi oxusun. Telefonu əməkdaşımıza uzadır. İsmi oxuyur:

"Mən 1989-cu ildən sonra bir neçə dəfə Azərbaycana getdim. Bakıda və atamın doğulduğu Gəncədə oldum. Böyüklərimizin qəbirlərinin üstə dualar oxudum. Necati abi, mən hələ İsveçrədəyəm. "501 nömrəli hücrə" filmin təəssüf ki, kopyası da əlimdə mövcud deyil. İnşallah vaxtım olanda və Türkiyəyə gəldiyimdə bu filmin çəkimində payı olan Ankara Quru Qoşunları Komutanlığı foto-film studiyası arxivindən filmin neqativlərini əmanətən alıb filmin 1 kopyasını özüm üçün köçürdüb və əlbəttə sonra geri verəcəm. Və o zaman əlimdə 1 CD və ya kaset olacaqdır. İnşallah, bu, gerçəkləşdiyində sizinlə əlaqə saxlayacam. Yazdığı kitablara gəlincə, məndə kitablar əlbəttə ki, Türkiyədədir. Amma siz Ankaraya döndüyünüz zaman kitabları Azərbaycan Kültür Dərnəyindən təmin edə bilərsiniz. Salam və sayğılarımla Oqtay Altunbay".

Necati bəyin gözləri divarın bir küncünə dikilib. Xəyalı isə hələ də özünə ata kimi gördüyü Məhmət bəyli günlərdədir. Onu xəyallarından ayırmaq istəyirəm:

- Deyirsiz ki, arada sizinlə söhbət edərdi. Deyin, ən çox nələrdən danışardı?

- Çox az danışardı. İş barədə və xırda söhbətlər... o, mənimlə demək olar dərdləşməzdi. O öz xəyallarının dostu idi. Uzaqlara baxardı, bizlər yaxınları gördüyümüz kimi o uzaqları görərdi, sanki...

Səsin titrəyişi, hıçqırtının müşayiəti hələ sona çatmayıb. Hiss edirəm ki, bu günün tarixi üçün abisi ilə az danışmasından narahatdır; Gərək çox şeyləri öyrənəydi...

- Sonradan siz özünüz bir iş adamı oldunuz, işçiləriniz oldu. Necati bəy, necə oldu, Məhmət bəyin sizə etdiklərindən bir məktəb keçmiş kimi öyrənib də işçilərinizə tövsiyələriniz oldumu?

O, İŞÇİLƏRİNİ İNCİTMƏZDİ

- Əlbəttə ki. Məhmət bəy öz yanında işləyənlərlə insan kimi davranardı. Onları sadəcə işçi kimi görməzdi. Elə görsəydi, mən bu gün onun üçün göz yaşı tökməzdim ki...

- O vaxtlar sizin, ailənizin maddi durumu necə idi?

- Biz çox kasıb idık. Mən kasıb olduğuma görə oxuya bilmədim. Getdim orda işlədim, ailəmə kömək etdim. 6 sinif oxumuşam mən...

- Oqtayın məktubundan belə başa düşdüm ki, Məhmət bəyin bir neçə kitabı da çıxıbmış.

- Məndə bir-iki kitab vardı. Amma 1968-ci illərdə itirdim o kitabları. Çox işlər oldu, köçdük və sair... Bir də Məhmət abinin dəyəri xüsusilə yoxluğundan sonra bilindi.

- Siz əsgər gedənə qədər heç o kitabları oxudunuz?

- Bəli. Amma çox şey yadımda qalmadı.

O BİR ƏFƏNDİ İDİ

- Yer adı, məkan adı tanış deyildi deyə, yadınızda qalmadı, ya uşaq təfəkkürünün o dərəcəyə qalxmamasından?

- O zamanlar uşaq olduğumdan çox şey başa düşmürdüm. İndi Məhmət abini başa düşürəm. O zamanlar mən nə bilim ki, Vətən həsrəti nədir. O bir əfəndi idi, sevirdik onu, amma çəkdikləri, düşündükləri nə idi, bilməzdik ki...

- Mən bir şeyi öyrənmək istəyirəm. Heç deyirdimi babam, ya dədəm Gəncədə kimlərdən idi?

- Yox, mən uşaq idim deyə, elə şeylər danışmazdı.

- Kiminsə üstünə hirslənməyi, əsəbiləşdiyi olurdumu:?

TƏMKİNLİ KOMUTAN

- Yox, heç vaxt. Qətiyyən, iş zay olsa da, onun səsinin qalxdığını qəti eşitməzdim. Təmkinli, tədbirli əfəndi, komutan idi.

- Türk Cümhuriyyəti Məhmət bəyi qəbul etdi. Ona - keçmiş Sovet zabitinə, komutana yatırım yapmaq üçün yardım etdimi, görən?

- Ordu heç vaxt kənara iş verməzdi. Ona kömək edirmiş deyə, iş vermişdilər. Axı onun atelyesi orduya soba hazırlayırdı. Bu onun qayğısına qalınmasıydı.

- Azərbaycan türkü Məhmət bəyi tanıdıqdan sonra ağlınızdan keçdimi türklərin yaşadığı o qədər də uzaq olmayan, sərhədləri möhkəm bir dövlət, bir ölkə də var dünyada?

- Bilmirdim. Bizim tariximizdə elə şeylər öyrətmirdilər. Hərçənd mən 6 il oxumuşdum. Azərbaycan haqda Məhmət abidən öyrəndim, tanıdım. O mənim kimi bunu bilməyən çox adamımıza türkün böyük bir ərazidə və hər yerdə olmasını tanıtmaq üçün gəlmişdi sanki...

KİMƏ BAXIRAMSA, MƏHMƏT ABİNİ GÖRÜRƏM

- Sizə Azərbaycanı ilk tanıdan, sevdirən Məhmət bəy oldu?

- Bəli. Mən burada kimə baxıramsa, Məhmət abini görürəm. Onu sevdiyim üçün onları Məhmət abi kimi qəbul eləyirəm.

- Heç evində oldunuzmu?

- Oldum. Bayramda 2-3 dəfə evinə getdim. Bizdə dini bayramda kiçiklər evlərə gedib böyüklərin əlini öpərlər. Mən onun əlini öpərdim və bu mənə şərəf verərdi.

- Bəs Novruz bayrami?

- Yox, biz Novruz bayramından xəbərsizdik.

BAXIŞLARI GÜLƏRDİ

- Nə vaxtsa onu bayram əhval ruhiyyəsində gördünüzmü, yoxsa həmişə qayğılıydı?

- Həmişə qayğılıydı. Dərin-dərin fikirləşərdi. Çox az gülərdi. Dəftərxanada oturardı, fikrə gedərdi. O, fikirli olanda da fərqli olardı. Baxışları gülərdi, bəzən, çöhrəsində qayğı hiss olunardı. Həm də çox qüvvətli idi, mənəvi cəhətdən də...

RUSLAR TÜRK OVUNA ÇIXIB

- Siz indi iş adamısız, Ankarada böyük şirkətiniz var. Azəbaycanda da nümayəndəlik açmısız. Bəs nə üçün Azərbaycana gec gəldiniz? Axı bir doğmalıq vardı.

- Yox, mən Azərbaycana gec gəlmədim. İlk dəfə 1990-cı ildə gəldim. Batuma getdim, oradan Tiflisə gəldim. Orada bir neçə dostum vardı. Mən onlara dedim ki, məni Azərbaycana aparın, Azərbaycanı görmək istəyirəm. O vaxt da burda böyük qarğaşa vardı. 20 yanvar hadisələri baş vermişdi. Mahaçkalaya gəldim. Bizi buraxmadılar. Amma Qubaya qədər gələ bildim. Dedilər siz türksüz, indi Bakıda ruslar türk ovuna çıxıb...

- Sizin danışığınızda bizim Azərbaycan ifadələri də var. Bunlar Azərbaycana gələndən sonra oldu, ya Məhmət bəydənmi götürdünüz?

- Gələndən sonra çox oldu. Mən Azərbaycana gələndə buradakı dostlarımın danışığının 20 faizini başa düşürdüm. Amma bir kəndə getdiyim zaman 50-60 faizini rahat anlayırdım. Onlar bizim köhnə nənələrimizin, dədələrimizin danışdığı dildə danışırdılar. Amma Bakıda əhalinin çox faizi rusca danışırdı. Bizim köhnə insanlarımızla sizin kənddə yaşayanların dili eynidi. Bəzi sözləri də indi eşidərkən yadıma salıram ki, Məhmət abi də bu sözləri işlədərdi.

Necati bəylə söhbətimiz bitir. Onun işgüzar görüşləri var, heç biz də onu o qədər incitmək istəmədik. Sonda minnətdarlığını bildirdi:

- Məni 50 il öncəyə apardınız. Uşaqlığıma döndüm. Abimi gördüm, mənə həyatı, işi, insanlarla münasibət qurmağı o öyrədib, ondan görüb, götürmüşəm. Allah onu rəhmət eləsin. Ruhuna dualarım var...

P.S. Bu dəqiqələrdə Məhmət Altunbayla bağlı çox önəmli məlumat aldıq. Necati bəylə müsahibənin birinci hissəsini oxuyan Məhmət Altunbayın Avropada yaşayan oğlu Oqtay Altunbay müsahibimiz vasitəsi ilə saytımıza məktub göndərib. Atası haqqında bilmədiyimiz çox ilginc məlumatların az bir qismini yaza bildiyini qeyd edib. Axar.az-a göndərilən məktub türkcəmizə uyğunlaşdırılan kimi saytımıza yerləşdiriləcək.

Tarix
2014.06.10 / 12:11
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla