Yuxarı

Özəl klinikaların ölüm reseptləri: Pulunu ver və...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət əvvəl “VİP STYLE” özəl tibb mərkəzində Bakı sakini Səidə Əliyevanın üzünün kimyəvi dərmanlarla yandırılaraq tanınmaz hala salınması barədə məlumat yayılıb. 4 ay ərzində klinikanın prosedurlarından istifadə edən qadının üz dərisi tamamilə qaralıb və sağalması müşkülə çevrilib. Bu müddət ərzində hətta qadına 3 min manatdan artıq müxtəlif kosmetik vasitələr də aldırıblar. Əvəzində isə dərisində sağalması mümkün olmayan çox ciddi problemlər yaranıb. Bir sözlə, həm sağlamlığından olub, həm də pulundan.

Qəribəsi isə odur ki, ölkəmizdə fəaliyyət göstərən özəl klinikalarda bu cür hallar tez-tez yaşanır və medianın gündəminə düşür. Lakin özəl klinikaların bu cür özbaşınalığına qarşı heç bir addım atılmır. Məsuliyyət kimin üzərinə düşür? Kimdir günahkar? Bu halla qarşılaşmamaq üçün və qarşılaşdıqdan sonra nə etməliyik?

Nazirliyə rəsmi müraciət etməlidir

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cavid Xəlilov bildirib ki, nazirliyin 9103 “Qaynar xətti” və Elektron Səhiyyə Mərkəzi var:

“Hər bir vətəndaş səhiyyə xidmətlərinə dair suallarını bu xidmətlərə ünvanlaya bilər. Özəl klinikalarda göstərilən xidmətlərlə bağlı vətəndaşın şikayəti varsa, Səhiyyə Nazirliyinə rəsmi müraciət etməlidir. Müraciət daxil olduqdan sonra məsələ araşdırılır və nəticələr barədə vətəndaşa məlumat verilir”.

Özəl klinikalardan şikayət çox, nəticə isə yox

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, belə faktlar daha çox özəl kliniklarda olsa da, Səhiyyə Nazirliyi bu məsələyə görə məsul orqandır. Axar.az-a açıqlama verən İB sədrinin sözlərinə görə, dəfələrlə belə şikayətlərə görə dövlət qurumlarına müraciət olunub, lakin nəticə yoxdur:

“Adı çəkilən klinika ilə bağlı da bizə dəfələrlə şikayət daxil olub. Adətən yararsız kosmetik və parfümeriya məhsullarından gördükləri zərərlə müraciət ediblər. Biz də dəfələrlə dövlət orqanlarına müraciət edib, məsələ qaldırmışıq ki, faktlar araşdırılsın. Ancaq ya araşdırılmayıb, ya da onlara qarşı addımlar atılsa da, yenə də fəaliyyətlərini davam etdiriblər.

Bu klinikalarda prosedur belədir: bir xanıma yaxınlaşıb şirnikləndirici təkliflər irəli sürür, pulsuz üz masajı və müalicəsi vəd edirlər. Bunun qarşılığında isə xanımlardan tanıdıqları 6 xanım nömrəsi vermələrini tələb edirlər. Proses bu şəkildə davam edir və onlar özlərinə müştəri yığırlar. İlk müalicədən razı qalan xanımlara əlavə təkliflər edib pul tələb edirlər. Bu şəkildə davam edən prosesdə xanımlar aldadılaraq 4-5 minə qədər pul xərcləyirlər, son nəticəsə isə pullarından və sağlamlıqlarından olurlar”.

Əzraildən daha qorxulu özəl klinikalar

E.Hüseynovun sözlərinə görə, uzun illərdir ki, Azərbaycanda özəl klinikalarla bağlı böyük problemlər yaşanır:

“Azərbaycan həkimi qəbul etdiyi xəstəyə yazdığı reseptin altına imza çəkmir, gördüyü iş barədə izahat yazmır. Yalnız pulunu alır və qəbz verir. Çox hallarda bu qəbzlər də saxta olur. Özəl klinikalarda proses bu şəkildə gedir və problemə səbəb də budur. İndi hər kəs əzraildən deyil, Azərbaycan həkimindən qorxur”.

İB sədri deyir ki, Səhiyyə Nazirliyinin özəl klinikalara nəzarət edən şöbəsi var. Ancaq bu klinikalarda baş verən proseslərə görə heç kəs məsuliyyəti üzərinə götürmür və ona görə də vətəndaşlar pis vəziyyətdə qalır:

“Həkim pasienti qəbul edəndə, xəstə klinikadan çıxanda bir kağız almalıdır ki, klinikada ona hansı xidmətlər göstərildi, hansı müalicə və əməliyyatlar yazıldı, hansı dərmanlar məsləhət görüldü və sair. Bunu ona görə etmirlər ki, hər hansısa problem yarandığı zaman bir iz qalmasın”.

Qanunlar pasienti qoruyur

Bu tip şikayətlərlə bağlı dəfələrlə pasient hüququ qoruyan vəkil Fərhad Mehdiyev Axar.az-a açıqlamasında bildirib ki, qanunvericilik tamamilə pasienti qoruyur:

“Mənim praktikamda belə bir hal baş verib. Biz xəstəxanaya etiraz məktubu göndərdik. Bildirdik ki, pasientimizin sizin xəstəxanada aldığı müalicədə filan qədər ziyanı olub, xahiş edirik, həmin ziyanı ödəyin, əks təqdirdə bununla bağlı hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət olunacaq. Elə ilk etiraz məktubumuzdan sonra klinika pasientə dəymiş zərəri ödədi. Xəstəxana özü həkimdən bunu tələb etmişdi. Çünki bir həkimin etdiyi səhv müalicəyə görə bütöv bir xəstəxana etibarını itirir. Bu səbəbdən də xəstəxana həmin həkimə pulu ödətdirdi”.

Vəkil məsləhət görür ki, belə hallarla qarşılaşan pasientlər ilk növbədə etiraz məktubu yazmalıdır. Məktubda bütün faktlar qeyd edilməli, qanunsuzluq harada baş verib, proses necə gedibsə, hamısı yazılmalıdır:

“Pasientə vurulan zərər müalicə aldığı tibb mərkəzi tərəfindən ödənilməlidir. Əgər pasientin üzü daha sonra bərpa olunmayacaq şəkildə xəsarətə məruz qalıbsa, artıq mənəvi təzminat da olmalıdır. Yəni pasient müalicə pulundan əlavə mənəvi təzminat da tələb edə bilər.

Belə hallarla qarşılaşan pasientlərə məsləhət bilərdim ki, hüquq-mühafizə orqanlarına müraciət etməyə tələsməsinlər. Əvvəlcə mülki qaydada məhkəməyə müraciət etsinlər. Bu prosesdə qurulan taktika daha önəmlidir. Çünki pasient əvvəlcə hüquq-mühafizə orqanına müraciət edən zaman, ekspertiza keçirilir və polisin müraciəti əsasında ekspertiza keçirən səhiyyə qurumu təəssüf ki, yalnız klinika və həkimi müdafiə edir və rəy verir ki, həkimin heç bir günahı yoxdur, o öz işini görüb. Belə rəy gəldikdən sonra məhkəmənin perspektivi də olmur. Pasient əvvəlcə məhkəməyə müraciət edib vəkil köməyi alsa, proses onun xeyrinə gedə bilər. Çünki vəkil belə hallarda daha soyuqqanlı və taktikalı olur”.

Tarix
2017.10.23 / 10:31
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla