Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Noyabr 2017


Qarsa gedən “sülh və müharibə qatarı”

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ilin Qış Olimpiadasının keçirildiyi Soçinin gözəl arxitekturalı yarış arenalarını inşa edən türkiyəli tikinti şirkətləri iki əsr əvvəl Qafqaz və Qara dənizin vadilərində çar I Nikolayla döyüşən Osmanlı qoşunlarına bənzəyir. Birisinin silahı ağır toplar və tüfəngdirsə, o biriləri çəkic və mala ilə Günəş altındakı yeri ələ keçirməyə çalışırlar.

İlk baxışda, aparılan paralel yersiz görünə bilər. Çünki orduların təyinatı başqadır. Onlar dağıdır, yerlə-yeksan edir və düşmənə məxsus izləri silib atırlar. Ancaq layihəçinin, arxitektorun və mühəndisin missiyası da müxtəlif təyinatlı hərbi dəstələrdən bir o qədər fərqlənmir. Çünki dünyada savaş mədəniyyətinə tabe etdirilməyən fəaliyyət növü qalmayıb. Sülh Nazirliyi heç kimə lazım deyil.

Rəssamın fırçası nədirsə, millətlərin əlində ox, kaman, Kalaşnikov avtomatı və ya Tomahavk raketi də eyni funksiyası ilə qiymətsiz qanlı tablolar yaradır. Ona görə süngülərdən doğulan “müharibə mədəniyyəti” termini ilə qarşılaşan hər kəs Nikolay Berdyayevin dediyi kimi, savaşların müqəddəs iş olduğuna inanır və bəşəriyyətin xilas yolunu yalnız bunda görür. Nəticədə dinc dövrün sənət əsərləri heç kəsə zövq vermir. Əksinə, bir-birini məhv etməyi körükləyən hər bir əsər, bədii yaradıcılıq nümunələri yüksək incəsənət sayılaraq bir günün içindəcə dünya şöhrəti qazanır. “Qremmi mükafatları”nın siyahısında siz münsiflərin hansı süjet xətlərinə heyran olduqlarını yaxşı görə bilərsiniz.

Sirr deyil ki, qafalardakı nifrət və yad fikrə dözümsüzlük kiçik qruplarda münaqişə doğurduğu kimi, milli və etnik mədəniyyətlər arasındakı fərqi güclə aradan qaldırmaq istəyi də silahlı toqquşmalarla nəticələnir. Deməli, müharibə ilk növbədə şüurlarda başlayır. Milyonların ölümünə səbəb olan ideologiyalar insan ağıllarında gedən deformasiyaların nəticəsində meydana çıxır. Ən yüksək ideallara həqarət kütləviləşəndə zor və qəddarlığa pərəstiş artır.

Diqqət yetirin, adicə bir əmək kollektivində aqressiya nümayiş etdirən, dava-dalaş və kobudluq vasitəsilə rəhbərliyi ələ keçirən adamlar həmkarlarının iradəsi ziddinə hər cür mənəvi və fiziki linçetmə qaydalarını ümumi normaya çevirə bilirlər. Axı belələri liderliyin başqa yolunu tanımırlar. Halbuki yoldaşlarının inamını qazanmaq, xeyirxahlığı və sülhpərvərliyi təşviq etmək sayəsində daha yüksək nəticələr qazanmaq olardı. Konkret bir tarixi misal çəkək. Ötən əsrin 50-60-cı illərində Birləşmiş Ştatlar irqi diskriminasiyadan əziyyət çəkirdi. Ölkə əhalisinin mütləq əksəriyyətində müstəsnalıq hissi və digər rənglərə həqarət az qala ilahi təyinat sayılırdı. Yüz illərlə ağ Amerikaya qarşı dirəniş göstərən millətləri qeyri-zorakı vasitələrlə mübarizəyə inandırmaq demək olar ki, mümkün deyildi. Nəhayət, vətəndaş müharibəsini durdurmaq və hər kəsin qanun qarşısında bərabərliyinə nail olmaq üçün keçirilən küçə manifestlərini, tətillər və iqtisadi sabotajları bir adam uğurlu məcraya yönəltdi. Fərqli həyat amalları ilə yaşayan Martin Lüter Kinq təmsil etdiyi irqin daşıyıcılarına - hamıya sevgi ilə yanaşmağı öyrətdi. O dedi ki, bizim məqsədimiz ağlar üzərində qələbə çalmaq və onları əzmək deyil: “Bizim hərəkat cəmiyyətin azad olunmasında bütün xalqların iştirakına nail olmaq istəyir!”

Qaradərili lider sülh mədəniyyətini hər cür münaqişələrdən üstün tuturdu. O, yaxşı bilirdi ki, ayrı-seçkilik üzərində hökmranlıq edənlərə istismarçı sinfin öz silahı ilə qalib gələ bilmək mümkün olmayacaq.

Halbuki 1933-cü ildə Kayzer Almaniyasında hakimiyyətə gələn nasistlər hər cür müxalif fikri cəzalandırır, bir partiyadan başqa digər siyasi qüvvələrin fəaliyyətini dayandıraraq, ölkədə yalana və zora əsaslanan 3-cü Reyxi qururdular. Belə şəraitdə istismarçılıq və köləlik siyasətinin başında dayananla sonuncu tapşırığı yerinə yetirən arasında heç bir fərq yox idi. Çünki humanizmi, ləyaqəti və bərabərliyi yabançı sayan dünyagörüşün daşıyıcıları üçün birincliyə nail olmağın tək bir yolu vardı: heç kəsə rəhm etməmək!

Belə yerdə media və kitablar senzura altında olduğundan həqiqət üzərində tabu rejimi hökm sürür. Hitlerin gizli polisləri hər kəsi təqib edir və siyasi rəqibləri həbs düşərgələrində işgəncəyə məruz qoyurdular. Adamlar özlərini müdafiəsiz hiss etdiklərindən ölkədən qaçmaqdan başqa çarələri qalmamışdı. Bir tərəfdə tüğyan edən böyük imperiya təbliğatı, o biri yanda yoxsulluq və haqsızlıq girdabında inildəyən milyonların məhrumiyyətləri..

Məktəblər yüksək təhsilli və tərbiyəli gənclər ordusu yetişdirmək əvəzinə, militarizmin qurbanına çevrilərək gənc faşist ittifaqlarında birləşirdilər. Belə hərbi millət olmağın nəticəsi hamıya bəllidir: ikinci dünya müharibəsi 53 milyona qədər insanın həyatını yedi. Onlardan az qala yarısı dinc vətəndaşlar idi.

“Dəmir və qan” ifadəsi həmin qəddarlığın sinonimi kimi yaranıb. Deyirlər ki, milyonları məhv etmək üçün istifadə olunan bu poetik fraza ölməz əsərlərin müəllifi olan ingilis şairi Alfred Tennisona məxsusdur. O, poemalarının birində yazırdı ki, milləti arzularla deyil, dəmir və qanla formalaşdırmaq olar. Sonralar o qanadlı misralar Prussiya kansleri Bismarkın dilindən təkrarlanaraq min illik Reyxin quruculuğu naminə dillər əzbəri olmuşdu. Hətta bir xalqın müharibə üçün doğulduğunu iddia edənlər yumorla “iki alman bir araya gələndə marşla hərəkət etməyə başlayır”deyirdilər. Lakin bütün millətlərin qanını test edərək savaş və ya sülh üçün doğulduqlarını ortaya qoyan heç bir fundamental araşdırma mövcud deyil.

Ona görə də Qafqazlarda özünü bütün quruculuq strategiyalarına qarşı qoyan Ermənistan hakim rejiminin Bakıdan yola düşən qatarın Qarsda qarşılanmasına münasibəti regional sülhün faydasına deyil, təklənməyə və keçmiş bəlalı tarixin yenidən dirçəldilməsi ideyasına daha çox xidmət edir. Çünki başqa alternativlər zəifdir, sülh ordularının sayı silahlılardan qat-qat geri qalır.

Bildiyiniz kimi, erməni tarixi özü üçün 1920-ci ilin 30 oktyabrını “ləkə günü” kimi qeyd edir. Başqa necə adlandırsınlar - axı 19-cu əsrin 70-ci illərində gedən rus-türk müharibəsinin nəticəsində Qars Rusiyanın təbəəliyinə keçmişdi. Osmanlının taxt-tacı çökəndə erməni orduları birinci respublika quruluşunun özəyini təşkil edərək bir neçə türk vilayətinə hücum çəkdilər. Lakin iki il sonra həmin hərbi dəstələr döyüş meydanlarını kütləvi olaraq tərk etdilər və indi böyük sərkərdə, milli ideoloq, güclü siyasət adamı kimi heykəlinə təzim etdikləri Qaregin Njdeninin sözləri ilə desək, bütün erməniçiliyin “utanc səhifəsi”ni yaratdılar. Məgər, ordular toqquşanda qalib və məğlub tərəfin sərkərdələr və təbəələr deyil, xalqların olduğunu kim bilmir ki?! Nijdeyə görə, Qarsın divarları arasında yerə sərilən təkcə insan cəsədləri deyildi, eləcə də bir millətin döyüşə qadir olmayan, mərdlikdən məhrum edilmiş ruhu idi.

Ötən bir əsrdə Ağrı dağından öz keçmişinə boylanan erməni xalqı itirilmiş cənnətin ağrısı altında heç bir qurucu, birləşdirici ideya tapa bilməyib. Çox sonralar Qars fəlakətini ermənilərin əsrlərdən gələn yorğunluğu ilə əlaqələndirirək, din və siyasət adamlarından millətə yeni qalxınma proqramlarını hazırlamağı tələb ediblər. Tapşırığa əsasən, məsələn, arxiyepiskop Qaregin Ovsepyan bütün bəlaları o dövrün bolşevik inqilabının ayağına yazaraq, milli təskinlik yaratmağa çalışdı. Sən demə, erməni kommunistlərinin liderləri Qarsdakı bütün qarnizonlara və hərbi qərargahlara məlumat göndərib ki, yeni qurulan Türkiyə Cümhuriyyəti Osmanlı Türkiyəsi deyil və ermənilərə hər hansı düşmənçilik hissi bəsləmir. Hətta Atatürkün Leninlə razılaşmasına istinad etməklə yeni respublikanın Rusiya ilə ittifaqda imperialist siyasət yürüdən Fransa və Britaniyaya qarşı azadlıq savaşı apardığı xüsusi vurğulanır. Belə olan şəraitdə Ermənistanın özünə paytaxt elədiyi Qarsda qələbə qazanmaq sən demə, bolşeviklərin dünyəvi düşmənlərinin işinə yarayacaq. Bu isə inqilabın Yaxın Şərqdən Qafqazlara qədər böyük bir məkanda uduzması demək olar. Ona görə çalışıb türk əsgərini xilaskar gözdə görərək, ona təslim olmaq lazımdır.

Göründüyü kimi, səhihliyi şübhə doğuran belə sənədlərin məqsədi təkcə bolşevik hakimiyyətinin son qoyduğu müstəqil Zaqafqaziya dövlətlərinin süqutuna səbəb olan tarixi gerçəkləri təhrif etmir, eləcə də tarixi qələbələr haqda yaradılmış mifin puç olduğunu üzə çıxarır.

Lakin Qars məğlubiyyətini daha böyük kontekstdə izah edən müasir erməni fikir adamları təkcə 20-ci əsrin əvvələrində dünyada tüğyan edən fəhlə-kəndli inqilabına istinad etmir, eləcə də erməni hərbi-siyasi elitasının təmsil etdikləri xalqa necə həqarətlə baxdıqlarını araşdırmağı tələb edirlər.

Təsəvvür edin, orduya rəhbərlik edən Tovmas Nazarbekyan özünü mənşəcə mənsub olduğu millətə deyil, ruslara aid edir və hərbi kazarmalarda hər gün əsgərlərin “Tanrı, çarı qoru” mahnısının sədaları ətrafa yayılır. Onun kimi əksər komandirlər tabeçiliyində olanlara rus dilində əmrlər verir, erməni dövlətinə mövsümi bir hadisə kimi yanaşır və gəlib ruslara qatılmağı yeganə düzgün yol sayırdılar.

Hətta yüzlərlə mənbədə açıq ifadə olunur ki, özünü mədəni və mental olaraq yad adamlar kimi aparanların böyük bir dəstəsi türk əsgərinə əsir düşəndə qətiyyən müstəqil dövlətin məhvindən təəssüflənmirdilər və belə vəziyyətə görə qəlb ağrısı çəkənlərin sayı 3-4 nəfər idi.

Üstündən yüz il keçəndən sonra Ermənistanda həmin sual yenə də milli dövlət qurmaq istəyənlərin başının üstünü kəsib. Qarabağı ələ keçirəndən sonra itkilərin miqyası katastrofik səviyyədədir. Bakı nefti əldən çıxıb. Regiona yönələn bütün iqtisadi-siyasi layihələrin bəhrəsini görən başqalarıdır. Gürcü hökuməti çox uğurlu bir şəkildə Ermənistan-Azərbaycan münaqişəsindən istifadə edərək, büdcəsini doldurmağa çalışır. Ceyhanın, Anadolunun ardınca Qars şəhərinin strateji önəmi artdıqca özünüməhvetmə tendensiyaları cəmiyyət şüurunda daha da möhkəmlənir. Ona görə də qədim bir xalqın hərbi qəhrəmanlıq salnamələri deyil, yüz il əvvəl 30 oktyabrda türk əsgərinə döyüşsüz təslimiyyət sanki apokaliptik şəkildə təkrar olunur.

Müharibə mədəniyyəti ermənilərə lazımdırmı? Bəlkə yolu dəyişməyin və milli siyasətə yenidən baxmağın vaxtı gəlib çatıb. Hətta soyqırımlar haqqında nəzəriyyələr doğrudursa, onda hər bir xalqa fərqli mifologiyalar, nağıllar, folklor nümunələri, bir sözlə, sülh ideologiyası gərəkdir.

Tarixdən dərs almaq heç vaxt gec deyil. İkinci Dünya müharibəsi zamanı Britaniyanın büdcəsini qəbul etmək üçün ona təqdim olunan maliyyə sənədlərinə nəzər yetirəndən sonra böyük Uinston Çörçil hökumət təmsilçisindən soruşur ki, burada mədəniyyət üçün ayırmalar hanı? Cavabında maliyyə naziri deyir ki, müharibə getdiyi bir şəraitdə mədəniyyətmi yada düşür. Onda Baş nazir “əgər mədəniyyət olmayacaqsa, biz nəyin uğrunda vuruşuruq” deyərək, dünyaya silahın gözündən baxan bütün toplumlara əvəzsiz örnək qoyub gedib.

Gerçəkdən də əgər Qarsa yola düşən qatara erməni xalqını qoşmaq istəyən Sərkisyan hökuməti türk əsgərinə uduzmuş bir tarixdən nəticə çıxarıb, yeni mədəniyyətə, davranışa və həyat amalına baş vura bilməzmi?

30 oktyabrı erməni xalqı üçün ikiqat kədərə çevirməməyin yolu bundan keçir.

Sərksiyan sülh qatarına minə bilmədiyindən Çörçilə deyil, Njdeyə baş əyir.

Tarix
2017.11.07 / 17:14
Müəllif
Zahid Oruc
Şərhlər
loading...
Digər xəbərlər

1500 erməninin başını istəyən Mikoyan

Portret arxasında böyük pulların növbəti rekordu…

“Qoca tülkü” ləqəbli çekist Şeva...

“Foros əməliyyatı”: Qorbaçov generalları necə məhv etdi

Putinin çeçen ordusu, yaxud Uollesdən Kadırova

Medvedyevin İrəvana qəfil səfəri...

Xalqı soymaq üçün “müqəddəslik” donu

Qarabağda rus tankları, Putindən hesab soran general

Naxçıvandan İrəvana zərbə və itirilən müstəqillik

Müqəddəs Pavelin Bakıdan İrəvana göstərişləri

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla