Ana səhifə Gündəm |
Bakı 1990-cı ilin yanvarında nəhəng imperiyanın çöküşü ərəfəsində indi bəşəriyyətin qorxu və şokla qarşıladığı karantini öz dərisində yaşamışdı. Bütün dövlət maşınının millətin sağlığına və təhlükəsizliyinə cəlb edildiyi 2020-ci ilin Azərbaycanından fərqli olaraq, dünyanın demokratik və totalitar mərkəzlərinin məqsədi o vaxt tamam başqa idi.
Bəli, 70 yaşlı sovet idarəçiliyinin son fəsli paytaxt Moskva və bir neçə müttəfiq respublikada komendant saatları, şəhərlərə hərbi qüvvələrin yeridilməsi və ordunun süngüsü altında xalqın ev məhkumluğu ilə başa çatmışdı. Vladimir Dubinyakın dəyənəyi, Mərkəzin total nəzarəti və hazırda Çinin Uhan vilayətində koronavirusun qarşısını almaq üçün adamların çölə çıxmasını qadağan edən süni divarlara bənzər tikanlı məftillər İttifaqı qoruyub saxlamağa imkan verməmişdi.
Ancaq təəssüflər olsun ki, Azərbaycanın müstəqillik atəşfəşanlığı, azadlıq paradı uzun sürməmişdi, əksinə, qazandıqlarını da qısa müddətdə itirmişdi. Halbuki dünyanın “xalqlar həbsxanası” adlandırdığı çətirin altına daxil olarkən müttəfiq sovet respublikalarının acınacaqlı durumu ilə 70 illik birgəyaşayışdan sonrakı vəziyyəti eyni deyildi.
Azərbaycanda 1918-ci ildə özündə ali təhsil almaqdan məhrum xalqın içərisində cəmisi 1418 nəfər oxumuş (oxumaqda olan) adam vardı. Əhalisinin az qala 100 faizi yazıdan-mütaliədən məhrum şəraitdə Nobel qardaşları və 5-6 milli burjua təmsilçimizin yaratdığı neft sənayesinin müqabilində bizim ölkəmiz indiki dillə desək, ekzitə çatana qədər xalqın mütləq əksəriyyəti dünyanın ədəbi inciləri ilə öz dilində tanış olmağa imkan qazanmışdı, “müstəbid” rəhbərlərini ədalət məhkəməsinə verə bilirdi, “sovet karantini” adlandırdıqları quruluşdan çıxarkən 27 dövlət teatrına, 1230 irili-xırdalı sənaye müəssisəsinə, 103 texnikuma, 17 ali təhsil ocağına, 4.500-dək orta məktəbə və 47 milyon nüsxədən artıq kitaba, o cümlədən, 63 rayona, 10 respublika tabeli şəhərə və 250-dən artıq qəsəbəyə sahib idi.
Lakin 1991-ci ilin 2 mart tarixində mərkəzi qərargahı ABŞ-ın Nyu York şəhərində yerləşən Birləşmiş Millətlər Təşkilatının qapısının kandarına çatanda ölkəmizin tanıtım statistikası tamam dəyişmişdi. O vaxtdan Dağlıq Qarabağ münaqişəsi 30 ilə yaxındır ki, sayları 13 milyona çatan iki xalqı karantin rejimində saxlamaqda davam edir.
Bəşəriyyətin indi üzləşdiyi koronavirus pandemiyası qarşısında bütün imkanları səfərbər edən ABŞ lideri Donald Trampın 2 trilyon dollarlıq iqtisadi stimul paketi, Fransa rəhbəri Emmanuel Makronun 50 milyard avroluq antiböhran proqramı, Almaniya kansleri Angela Merkelin Avropa Birliyilə ələ-ələ verərək 750 milyard avroluq hərtərəfli tədbirlər proqramından fərqli olaraq, 1993-cü ildə Azərbaycanı karantindən çıxarmaq üçün milli lider Heydər Əliyevin sərəncamında heç bir resurs yox idi və o meydanda tək qalmışdı. Dövlət büdcəsi boş, iqtisadiyyatı dağılmış, xarici donorlarsa gözləmə mövqeyində. Lakin böyük siyasi patriarx tarixin bütün dövrləri və siyasi quruluşları üçün qibtə olunacaq nümunələr yaratmağı bacarmışdı.
İndi BMT Təhlükəsizlik Şurasını əvəz edən Ümumdünya Səhiyyə Təşkilatının rəhbərləri hər həftə ekranlara çıxıb bəşəriyyətin xilası üçün direktivlərini elan edir. Gəlin, müqayisə aparaq, məgər dünya səhiyyəsinin başında duran Tedros Qebreyesus Baş katib Antonio Quttereşdən daha cəsur və ədalətli görünmürmü? Hər halda adam bütün dövlətlər və xalqlara eyni cür yanaşdığına, vahid standartlar və tələblərdən çıxış etdiyinə şübhə yeri qoymur. Birisinə buyurulan normanı qitədən-qitəyə, güclüdən zəifə keçdikcə dəyişmir. Dünyanın siyasi təhülkəsizliyi üçün məhz bu çatışmırdı.
Lakin Vaşinqtonda və Brüsseldə çıxarılan qərarlar məhrumiyyətlər içərisində yaşayan qaçqınların sayını hər il daha da artırır. UNDP-nin ölüm saçan statistikasına diqqət yetiriək: 2-ci Dünya müharibəsindən sonra ev-eşiyini tərk etməyə məcbur edilmiş insanların sayı görünməmiş dərəcədə artaraq hazırda 71 milyon nəfərə çatıb. Hər 2 saniyədə bir adam qaçqına çevilir və 25 milyona yaxın didərginin az qala yarısını 18 yaşdan aşağı şəxslər təşkil edir. Qaçqınların həyat hekayəsi isə hər kəsə bəllidir - sosial, irqi, milli, dini və dil diskriminasiyaları onlara çıxarılmış “məcburi sosial izolyasiya” verdiktidir.
Son köçkün dalğası 7 ildir davam edən Suriya müharibəsinin sonu görünməyən tuneli ilə üzü Türkiyəyə, Avropaya və Ərəb yarımadasına doğru axmaqda davam edir. Rəsmi rəqəmlərsə artıq quru statistikaya çevrilib. 6.7 milyon insan min illik torpaqlarını tərk edib, 3.5 milyon adam daxildə təhlükəsiz sığınacaq axtarışı ilə isti ocaqlarından uzaq düşüb və ən azı 5 dövlətin hərbi qüvvələri burun-buruna dayanıb, Yaxın Şərqi bölməklə məşğuldular.
ABŞ, Fransa, Almaniya, Rusiya, İran, Səudiyyə Ərəbistanı, Tükiyə və digər dövlətlər Suriyanı bölüşə bilməyincə, müasir qırıcı təyyarələrin və pilotsuz raketlərin savaşını dayandıran koronavirus pandemiyasının Yaxın Şərqə gəlməsi səhrada su kimi görünür. Əgər BMT Təhlükəsizlik Şurasının 30-dək qərarı müharibəni durdura bilmirsə, kiçik bir mikroorqanizmin təhlükəsi nüvə hökmranlarını Hələbdə, yaxud İdlibdə dayandırırsa, sülh istəyən hər kəs koronavirusa xilaskar kimi baxır.
Bir vaxtlar dünyanın sosialist düşərgələrində minlərlə insan küçələrə çıxıb Panamada, Qvatemalada, yaxud Livanda “imperializmin qurbanlarına qarşı” etiraz səslərini qaldırırdı. İndi Liviya, Tunis, Yəmən və Suriya torpaqlarında yerlə-yeksan edilən millətlərə görə bircə küçə də boşaldılmır, məktəblərdə dərslər durdurulmur, sərhədlər bağlanmır...
Demokratiya tankları altında on ilərdir karantinə gömülən insanların faciəsi BMT-nin dayaqlarına, təhlükəsizlik zirehi kimi gövdəsinə öldürücü zərbələr vurur. Ona görə də koronavirusdan sonrakı formasiyada ədaləti olan hər kəs yeni siyasi düzən istəyir.
Dünyada yoxsulların sayı, indi “worldometers.info”nun infeksiyaya yoluxanlarla bağlı təqdim etdiyi xronikadan fərqli olaraq, nəhəng informasiya quruluşlarına yalnız təsirli səhnələr çəkmək üçün gərəkdir. Ekstremal vəziyyətlərdə yaşamağa məhkum olanların xüsusi çəkisi ümumi əhalinin 36 faizinə bərabərdir ki, bu da gündəlik 1,25 dollarlıq muzdla keçinən 1 milyard 850 milyon insandır. Əvəzində dövlətlərin hər il artan hərbi büdcəsi və 2008-ci il maliyyə böhranından sonra sayı iki dəfə artan milyaderlərin məcmu kapitalı son 11 ildə 900 milyarda yaxın böyüyüb. 26 ən zəngin adamın varidatının miqdarı Yer əhalisinin yarısının gəlirinə mütənasibdir. Oksfam təşkilatının obrazlı təsvirinə görə, “Forbes”in reytinqinə düşən isimlərin sərvətini 100 dollarlıq əsginazları üst-üstə yığmaqla davam etdirsəydilər, yoxsullarla müqayisə Yerlə-göy arasındakı məsafə qədər olardı.
Belə əbədi karantində yaşamağa məhkum edilənlər üçün indi hamının ümidlə baxdığı elmi-tədqiqat institutları, iri korporasiyalar, beyin mərkəzləri və sivil quruluşlar arxalarındakı klubların maraqlarından kənar təsirli aksiyalar keçirə bilmirlər. O insanlara nəfəs aparatları və layiqli çarpayılar heç vaxt çatmayacaq, çünki hazırki iqtisadi arxitekturanın əsasını qoyan Bretton-Vud sistemi və indiki Beynəlxalq Valyuta Fondunun qapısını borc üçün döyən 80 ölkənin postvirus dövründəki üst-üstə qalaqlanan 1 trilyon dollarlıq yükü daha da ağırlaşacaq və çəkilməz olacaq.
Demokratiyaların tiraniyalardan daha çox öldürdüyünü deyənlərin əsasları da buna söykənir. Ona görə də Əsəddən qaçıb Brandenburq qapılarında və keçmiş sovet hərb düşərgələrində ömür sürən milyonlarla insan onların xilaskarına çevrilən COVUD-19-a heykəl qoyub ona təzim etsə, təəccüblənməyinə dəyməz.
Əgər karantindən sonra tanklar dayandıqları yerdən işğallara davam edəcəksə, hər zaman yerin-həyatın dibində qalan adamlar bəşəriyyəti özlərinin yanına çəkəcəklər. Küçələri, məktəbləri, muzeyləri, qəsrləri boş, xəstəxanaları və qəbristanlıqları isə dolu.
NATO ordularına qarşı gedən , BMT qətnamələrinə lənət yağdıranlar deyir ki, sizin maskasız mənəviyatınız dünyaya o kürsülərdən daha çox təhlükə yayır...
ABŞ-ın dünya səhiyyə reytinqi 83-dür. Yəni, varlı, güclü və inkişaf etmiş bir göstərici. Lakin bir anda ilğım dağıldı və bəlli oldu ki, ölkə pandemiya testindən keçmədi. Onlarla ştatda baş qaldıran kütləvi psixozun, köməkslziyin, faşizm təmayüllərinin və müxtəlif əyarlı ayrı-seçkliyin yaratdığı mənzərələr, küçələrdə qurulan çadır şəhərcikləri üçüncü ölkələri xatırladır.
Ona görə də dünya xalqlarının siyasi gigiyenasını formalaşdırmağa çalışan nasional-sosializmin rəhbərlərinin “sterilizasiya”sı 50 milyon insanın yer üzündən silinməsi ilə nəticlənmişdi. Nəinki dövlət başçıları, eləcə də Vatikanın rəhbərləri 3-cü Reyxin xoşuna gələn liturgiyalar icra edir, Tanrıdan onlara güc və qüdrət istəyirdilər.
Üstündən 80 il keçəndən sonra bir amerikalı din xadiminin, luizianalı pastor Toni Pellin cəsarəti sabiq Roma papaları ilə müqayisədə hər cür ehtirama layiqdir. O, Nyu Yorkda qapısı bağlanan BMT binasına baxıb dünyada bütün müharibələrin dayandığını görərək, “təmiz əllər” istəyən dövlətlərə çağırış edir ki, gedib dua etməsinə mane olmasınlar, çünki etiqadına sədaqət anı məhz indidir və bir də hamıya çatdırsın ki, “Allah axmaqları sevmir”. Gerçəkdən də karantində qalanların mədəsi ilə məşğul olan müəssisələr kimi, qəlbi və inancı ilə də məscidlər, kilsələr, sinaqoqlar məşğul olmalıdır.
Lakin siyasətçilərin əllərini yumaqla təmiz dünya və karantinsiz bəşəriyyət qurmaq mümkündürmü”?
Tarix
2020.04.09 / 22:09
|
Müəllif
Zahid Oruc
|