Sirxanla "voronok"da
tanış oldum. 3-cü gün idi həbs olunmuşdum. İki gün Nərimanov rayon
Polis idarəsinin müvəqqəti saxlanma məntəqəsində (bura dustaqlar
ŞİZO deyir) saxlandıqdan sonra Bayıl türməsinə
aparılırdım.
"Məhbəs xatirələri" layihəsində:
Sirxan
Əvvəlcə Xətai, sonra isə Yasamal rayon Polis idarəsində
saxlanılan dustaqları maşına götürdülər. "Voronok"da artıq sıxlıq
yaranmışdı. Yasamaldan maşına mindirilənlər içərisində bir nəfər
özünü daha sərbəst aparırdı. Sanki hansısa dayanacaqda marşrut
avtobusuna minirdi. Ağbəniz oğlan idi. Yaşı 30-35 ancaq olardı,
bəlkə də az.
"Voronok"a gircək hər kəsə ünvanlanan ümumi salam verdi. Hər bir
kəsi diqqətlə süzüb, onunla maşına mindirilən əli "nakolka"lı adama
tərəf döndü:
- Çoxu "pasajirlərdi". Sifətlərindən oxunur.
Mən belə "dobrı" olmamışam
Sonra da mənim yanımda yerini rahatladı. Konvoylara da söz
atmağı unutmadı:
- Pampers bağlamısız? Bu, nə iydir sizdən gəlir? Qorxmayın, mən
hələ belə "dobrı" olmamışam.
Əli silahlı konvoyların kimdən və nədən qorxacağını heç ağlıma
da gətirmədim. Onları biz dustaqlarla qalın dəmir barmaqlıqlar
ayırırdı. Barmaqlıqlar çox sıx toxunmuşdu. Oradan siqaret giləsi
zorla keçirdi. Əsgərlərdən biri siqaret istəyəndə bunu görmüşdüm.
Bu adamın saymazyana hərəkəti əsgərlərin vecinə də olmadı.
Bir-birlərinə baxıb gülümsədilər. Əli "nakolka"lı isə əsgərlərin
gülüşünü həzm edə bilmədi:
- Nəyə gülürsən, alə, salaqa?..
Əsgərlərdən biri digərinə:
- Fikir vermə, görmürsən əlində o birinin "veşini" aparır. Bu,
təmiz oğlan deyil.
Əsgərin sözü əli "nakolka"lını qəzəbləndirdi:
- Kaş "volya"da əlimə düşəsən də...
Ölüm hökmü altında yatmışam
Özünü daha sərbəst aparan adam "nakolka"lıya çəpəki baxdı. Araya
sükut çökdü. Maşın tərpəndi. İlk dəfə həbs olunanlar özlərini
möhkəm tutdu – maşın yırğalananda kimsəyə toxunub artıq söz-söhbətə
rəvac verməsinlər deyə. Mən də ayaqlarımı döşəməyə möhkəm sıxdım.
Bu yanımda əyləşən özünü daha çox sərbəst aparan dustağın
diqqətindən yayınmadı. Gülümsədi. Təbəssümündə özündən tam
arxayınlıq vardı. Mənə tərəf çevrildi:
- Kişi, narahat olma. Sərbəst otur. Hamımız eyni gündəyik. Tanış
olaq. Mənim adım Sirxandı. Şəkiliyəm. Ölüm hökmü altında yatmışam.
Sonradan dəyişdirilib hökmüm.
Özünütəqdimi əslində mənə yox, "voronok"da olanların hamısına
ünvanlayırdı. Amma üzünü mənə tərəf tutmuşdu.
- Bu mənim 3-cü "xodka"mdı. Görürəm, bu həyat sənə yaddır.
Çöldəki adamlarına de, evini də satsalar, səni qurtarsınlar. Elə
hamıya aiddi. – Üzünü gənc dustaqlara tutdu: – Yoxsa zay olacaqsız,
adamlıqdan çıxacaqsız. Narkoman, oğru, yalançı, "moşennik"
olacaqsız. Sizi içəri atanlar sizi çölə o vaxt atacaq ki, yenidən
içəri düşməyə hazır olacaqsız. Yəni çöldə dayana bilməyəcəksiz.
Sizlər türmə işçiləri, prokuror, müstəntiqlər üçün bir obyekt,
qazanc yeri olandan sonra.
Dil boğaza qoymurdu, içərinin xoş olmayan aurasından danışırdı.
Onunla birgə mindirilən dustaq isə onun dediklərini təsdiq edirdi.
Sirxan mənə yenə də üz tutdu:
- Kişi, adın nədir?
Dedim. Artıq o mənə "Faiq kişi" deyərək müraciət edirdi. Bir
qədər də söhbət etdikdən sonra əli "nakolka"lıya tərəf dönüb
soruşdu:
- Səni nəyə görə saxladılar? Çoxdan burda idin? Görən kimi
tanıdım.
Əli "nakolka"lının üz-gözünə yaltaq təbəssüm "dağıldı".
Onun gözlərinə bax
Başa düşdüm ki, bunlar çoxdanın tanışı olsalar da, elə indicə
bir-birlərini görüblər. İkilikdə etdikləri söhbətdən məlum oldu ki,
nə vaxtsa eyni yerdə cəza çəkiblər. Sirxan arada "nakolka"lıya
mənim haqda dedi:
- Sən allah, onun gözlərinə bax. Necə də durudur, təmizdir.
Çirkabdan, hiylədən uzaqdı...
"Nakolka"lı isə gözlərimə baxmadan başı ilə onun dediklərini
təsdiq edirdi. Mənə maraqlı gəldi. Cəmi iki gün idim həbs
olunmuşdum. Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müstəntiqləri
Tariyel Əhmədovun, Elçin Məmmədovun verdikləri suallarda onları
qane edə bilməyən cavabları aldıqda Sirxandan tam fərqli olaraq
haqqımda bir-birlərinə demişdilər:
- Görmürsənmi, gözlərində hansı hiyləgərlik var?
İndi Sirxan danışdıqca "görəsən hansılar daha dəqiq idi? - deyə
düşündüm...
Bayılda bizi birinci korpusun 2-ci qatında yerləşən karantin
adlanan kameraya saldılar. Sirxan içəri girən kimi bizdən qabaq
gələn dustaqların və kamerada məskunlaşanların üstünə çımxırdı.
- Tez üç yer hazırlayın. Alt qatda olsun.
Mənə üzünü tutdu:
- Görmürsən qorxaq siçovullardı? Yaxşı bir yer seç özünə.
Məhkum polkovnik
Mən divarın 90 dərəcəsində yerləşən çarpayını seçdim. Təhlükə
ancaq bir tərəfdən ola bilərdi. Digər tərəf və başımı qoyacağım yer
divara bitişik idi. İçəridə 16 nəfər dustaq olardı. 4 nəfərə
yatmağa yer çatmadı. Onlar iki günü oturduqları yerdə mürgülədilər.
Dördü də İmişlidən olan at oğruları idilər.
Kamerada diqqətimi çəkən bir nəfər də var idi. Ayağını ayağının
üstünə aşırıb çox arxayın və məğrur oturmuşdu. Üzündən alicənablıq
və qorxmazlıq oxunurdu. Siqaret çəkirdi. Bir neçə dəqiqədən sonra
ona verilən sualdan məlum oldu ki, bu adam hərbçidir. 130 saylı
hərbi hissənin komandiri olub. Adı Gülağa, rütbəsi polkovnik idi.
Ona qardaşım Balabəyin vaxtı ilə həmin hərbi hissədə batalyon
komandiri olduğunu dedim. Gülağa:
- Sən cəlilabadlısan? – soruşdu. - Qardaşın haqda çox eşitmişəm.
Yaxşı zabit olub, - dedi.
Bundan sonra onunla daha yaxından tanış olduq. Əslən Masallıdan
idi. O Müdafiə naziri Səfər Əbiyevlə mübahisənin, ona qaytardığı
cavabın qurbanı olmuşdu. 3 aya yaxın Gəncə türməsində "yatmışdı".
İndi onu Bakıya etap etmişdilər. O, qəzetlərə verdiyi müsahibələri
mənə göstərdi:
- Bax, oxu. Bu müsahibələrdə naziri pisləmişdim. Onun ordu
quruculuğundan xəbəri yoxdur, demişdim.
Oxudum və zarafatla dedim:
- Səni elə haqq edib tutublar. Bəs bilmirsən ki, hara
ilişibsən?
"Krışa"lıq yaxşı hal deyil
Sirxan at oğrularına:
- Nəyiniz var, tökün ortaya, - dedi. Burada gərək hamı qardaş
ola. "Krışa"lıq yaxşı hal deyil.
Bir azdan süfrə açıldı. Başda Sirxan və "nakolka"lı oturdu və
polkovnikə tərəf döndü:
- Paqon, gəl bir tikə də sən götür, bizə səninlə çörək kəsmək
yaraşmasa da, ta neynəyək. Nə olsun sən paqon daşımısan, dur
gəl.
Gülağa əsəbi halda ona çımxırdı:
- Sən kimsən, adə, mənimlə belə danışırsan?!. Siçovul kimi
uşaqların yeməyini əlindən alırsan, hələ bir utanmırsan da...
Mübahisə düşdü. Mən keçib Gülağanın yanında oturdum. At oğruları
da. Başqa iki kişi də bizim yanımıza keçdi. Gərginliyi Sirxan
aradan qaldırdı.
Sən burda "neprav"san
"Nakolka"lıya tərəf acıqla:
- Brat, paqon olub, nə pislik edib ki... "Uçastkovı" deyil,
müstəntiq deyil, prokuror deyil. Erməni ilə vuruşub da. Sən burda
"neprav"san. Dur, kişinin könlünü al.
"Nakolka"lı udqundu:
- Qədeş...
- Nə deyirəm, onu da elə. Üzr istə! - Bu dəfə qəzəblə dedi.
"Nakolka"lı polkovnikə tərəf döndü:
- Sən məni düzgün anlamadın. Gəl, çörək ye.
- Öz yeməyin, süfrən olanda dəvət edərsən, - bunu da polkovnik
dedi. Sonra da uzanıb siqaret çəkdi. Elə bu vaxt mənə "peredaça"
gəldi. İsti plov, qızardılmış toyuq, çörək, su, meyvə, siqaret.
Qəbul etdikdən sonra polkovnikə yemək təklif etdim. Durub əl-üz
yuyana tərəf getdi. Qurşaqdan yuxarı yuyundu. Gəlib oturdu. Yemək
yedik. Sirxan da təklif gözləmədən bizimlə gələn nemətdən
daddı.
Gözləmədiyim sovqat
Bir azdan qonşu kameraların birindən bizim kameraya "qrev"
gəldi. Qənd, çay, siqaret, kolbasa və iki ağ çörək. "Nakolka"lı
"qrevi" qəbul edib Sirxana tərəf döndü:
- Qədeş, qardaşlar bilib ki, burdayıq.
Sirxan siqaret çəkərək:
- Alə, nə danışırsan. "Pervıy raz zamuj çtoli?". Karantində
olanlara "qrev" mütləq olunur. Kimliyindən asılı olmayaraq. Gör bir
"malyovka" var?
"Nakolka"lı "var, - dedi, - amma bizim dildə yazmayıblar, oxuya
bilmirəm". Kiçik kağız parçasını Polkovnikə uzatdı. Məlum oldu ki,
namə latın əlifbası ilə yazılıb. Polkovnik oxudu: "Faiq Balabəyliyə
Əyyub Qiyasdan və bratvadan". Sən demə, qonşu kamerada cəza çəkən
tanınmış yazıçı Əyyub Qiyas gəzintiyə çıxanda məni koridorda
görübmüş. O mənə "qrev" göndərmişdi. Əyyub bunu bir neçə dəfə
təkrarladı. Mən də onunla əlaqələri qırmamağa çalışdım.
Sirxan mənim nəyə görə həbs olunduğumu bildikdən sonra elə həmin
axşam öz hekayətini nəql etdi. Və mən onun taleyinə doğurdan da
acıdım. O, həbs olunanda doğurdan da saf uşaq imiş...
(davamı var)