Ana səhifə Avto |
Azərbaycanda Rusiya istehsalı olan 2-ci əl avtomobillər
kəskin ucuzlaşmağa başlayıb. Ucuzlaşma avtomobil satışları ilə
bağlı elanlarda daha çox müşahidə edilir. Avtomobil ekspertlərinin
sözlərinə görə, may ayının sonundan etibarən Rusiya istehsalı olan
avtomobillər 2 dəfəyə yaxın ucuzlaşıb.
Alsat.az saytının rəhbəri Vaqif Hüseynov fins.az-a bildirib ki, son dövrdə bu
avtomobillərə Azərbaycan bazarında tələbat azalıb. Hətta yollarda
da bu avtomobillərə az-az rast gəlinir.
Rusiya avtomobillərini yol polisinə görə
satırlar
V.Hüseynovun sözlərinə görə, bunun bir neçə səbəbi var. Belə ki,
Rusiya istehsalı olan avtomobillər, xüsusilə də "Vaz 2107" və
"Niva"larla bağlı "avtoxuliqan avtomobili" təəssüratı formalaşıb.
Buna əsaslanan yol polisləri "Vaz 2107", "Niva" və digər Rusiya
istesalı olan avtomobilləri daha çox saxlayaraq nöqsan tapmağa
çalışırlar. Qaydalara riayət edən "Vaz 2107" sürücüləri isə bu
tipli yoxlamalardan yorulublar. V.Hüseynovun sözlərinə görə,
sürücülərin böyük hissəsi məhz buna görə Rusiya istehsalı olan
avtomobillərdən yaxa qurtarmağa çalışırlar. Nəticədə satış elanı
verən "Vaz" sahiblərinin sayı artıb. Məsələn, may ayında Rusiya
istehsalı olan ikinci əl avtomobillərlə bağlı elanlarının sayı
50-yə yaxın idisə, indi bu rəqəm 80-nə qədər yüksəlib. Bu
avtomobillərlə bağlı satış elanlarının hədsiz artması isə təbii ki,
qiymətlərə təsir edib.
Türkiyədə istirahət etmək istəyənlər "VAZ 2107"lərini
satırlar
Bundan əlavə, maraqlıdır ki, sürücülərin bir hissəsi yayı
Türkiyədə və digər ölkələrdə istirahət etmək üçün 2000-2500
manatlıq avtomobillərini satmağa çalışırlar. V.Hüseynov bildirib
ki, son bir neçə gündə saytda elan yerləşdirən 5-6 müştəri "Vaz
2107"lərini satmalarını istirahətə getmələri ilə
əsaslandırıblar.
4 000 min manatlıq "VAZ 2107" 2 000 manata düşüb
V.Hüseynovun sözlərinə görə, bazarda bu avtomobillərə tələbatın azalması da qiymətlərə kəskin təsir edib. Nəticədə may ayında 4 min manata satılan Rusiya istehsallı avtomobilləri indi 2000-2500 manata almaq olar. Buna "Vaz 2107", "Vaz 2106", "Vaz 21011", "Niva" modellərini aid etmək olar. Məsələn, hazırda 2000, 2002-ci il model "Vaz 2107" avtomobilləri 2000 manata almaq olar. "Vaz 2106" modelləri 3500 manatdan 1700-1800 manata kimi ucuzlaşıb. Buna baxmayaraq, ikinci əl Rusiya avtomobillərini alan yoxdur. Alıcılar daha çox avtomobil alverçiləridir. Onlar yaranan fürsətdən istifadə edərək 2000 min manata avtomobil alıb. Üzərində kiçik kosmetik təmir aparmaqla avtomobili bazardakı qiymətlərdən xəbəri olmayan müştərilərə 3000-3500 manata satırlar.
Smartfon qiymətinə avtomobil
Sayt rəhbərinin sözlərinə görə, indi hətta bəzi işlək vəziyyətdə
olan Rusiya avtomobillərini smartfon qiymətinə almaq mümkündür.
Belə ki, 1995-2000-ci il model "Vaz 2106", "Vaz 2107", "Vaz 21011"
və furqon "Vaz 21 04"lər 2000-2500 manatdan 1000-1500 manata kimi
ucuzlaşıb: "İndi hətta avtomobilin qiymətini soruşanda "telefon
qiymətinə"- deyə cavab verirlər".
"Rusiya avtomobilləri ucuzlaşmaqda davam edəcək"
V.Hüseynov hesab edir ki, yay mövsümü ilə əlaqədar olaraq ikinci əl Rusiya avtomobilləri sentyabr ayına kimi daha 10-20 % ucuzlaşacaq. Avtomobil bazarında digər modellərin qiymətləri ilə bağlı hər hansı bir dəyişiklik yoxdur. Belə ki, 5-10 min manatlıq "Mercedes" və digər markalara tələbat yüksəkdir. Ona görə də bu avtomobillərin qiymətlərində enmə müşahidə edilmir.
Tarix
2016.07.20 / 12:10
|
Müəllif
Axar.az
|