Sentyabr ayından daha 6 marşrut xətti üzrə hərəkət edən
avtobuslarda kart ödəniş sistemi tətbiq olunacaq. Yaxın zamanda 18,
61, 65, 79, 85, 96 saylı marşrut xətlərində vahid kart sisteminin
tətbiq olunması nəzərdə tutulub.
Axar.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin
mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.
N.Allahyarova qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər
Kabineti yanında Bakı Nəqliyyat Agentliyi Bakı şəhərində nəqliyyat
axınının daha da yaxşılaşdırılması, ictimai nəqliyyatdan istifadə
edən sərnişinlərin rahat və təhlükəsiz gediş-gəlişinin təmin
edilməsi məqsədilə zəruri tədbirləri davam etdirir. Bakı Nəqliyyat
Agentliyi mütəmadi olaraq müəyyən edilən tələblərlə bağlı paytaxtda
müntəzəm sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətləri
məlumatlandırıb. Qoyulan tələblər sırasında ən mühümü nəqliyyatda
vahid ödəmə kart sisteminə keçidin təmin edilməsidir. Bakı
Nəqliyyat Agentliyi daşıyıcı şirkətlərin qısa vaxt ərzində bu
sistemə keçidinə nail olmaq üçün bütün zəruri addımları atır.
"Vahid ödəmə kart sisteminə keçid ictimai nəqliyyatda mövcud
olan bir sıra problemlərin birdəfəlik həllinə imkan verəcək. Belə
ki, kart sisteminə keçid daşıyıcı şirkətlərin sürücülərə aylıq əmək
haqqı verməsinə səbəb olacaq ki, bu da sürücüləri gündəlik plan
ödəməkdən azad edir. Məhz plan öhdəliyi sürücülərin yollarda sürət
həddini aşmasına, lüzumsuz olaraq dayanacaqlarda uzun müddət
dayanmalarına, avtobusa tutumundan dəfələrlə artıq sərnişin
mindirməsinə, avtobusu dayanacaqdan kənarda saxlamasına səbəb
olurdu. Bu isə haqlı olaraq sərnişinlərin narazılığına yol açırdı.
Bu sistemə keçid həm də ictimai nəqliyyatda ödənişlərin beynəlxalq
standartlara uyğunlaşdırılmasına gətirib çıxaracaq, həm də sürücü
ilə sərnişin arasında birbaşa əlaqəni aradan qaldıracaq. Nəqliyyat
sektorunda ödəniş sisteminin liberallaşması ilə yanaşı, vəsaitlərin
hərəkətinə nəzarəti mümkün edəcək. Çünki vahid ödəniş sistemi
nəqliyyat sektorunda ödənişlərlə bağlı dövriyyəni müəyyənləşdirməyə
imkan verəcək. Bu da vergiyə cəlb olunma və şəffaflığın təmin
edilməsi baxımından əhəmiyyətli olacaq. Sistemin önəmli olan digər
bir tərəfi isə sərnişin axınının real vəziyyətinə dair dəqiq
statistikanın müəyyənləşməsinə imkan verməsidir", - deyə
N.Allahyarova bildirib.
Qeyd edək ki, hazırda kart sistemi 1, 2, 3, 5, 6, 7, 8, 13, 14
saylı marşrut xətlərində, eləcə də "28 May" metro stansiyasından
Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edən
ekspress avtobuslarda tətbiq olunur. Yaxın vaxtlarda 18, 61, 65,
79, 85, 96 marşrut xətləri üzrə hərəkət edən avtobuslarda da kart
ödəniş sisteminə keçid təmin ediləcək. Hazırda kart sistemi tətbiq
ediləcək marşrut avtobuslarının keçdiyi ərazilərdə sərnişinlərin
rahatlığını təmin etmək üçün ödəniş terminalları quraşdırılır.