Yol-nəqliyyat hadisələrinin
profilaktikası sahəsində həyata keçirilən tədbirlər respublika üzrə
hadisələrin və onların ağırlıq dərəcəsinin artmasının qarşısının
alınmasına, qəza nəticəsində ölən və yaralananların sayının
azalmasına müsbət təsir göstərib.
Baş Dövlət Yol Polisi İdarəsindən
Axar.az-a verilən məlumatda bildirilib ki, cari ilin səkkiz ayı
ərzində respublika ərazisində 1331 yol-nəqliyyat hadisəsi qeydə
alınıb. Nəticədə 490 nəfər ölüb, 1409 nəfər yaralanıb. Ötən ilin
müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 128 fakt (8,8 faiz),
həlak olanların sayı 93 nəfər (16 faiz), yaralananların sayı 123
nəfər (8 faiz) azalıb.
Paytaxt ərazisində baş verən 440
yol-nəqliyyat hadisəsi nəticəsində 118 nəfər ölüb, 463 nəfər
yaralanıb. Ötən illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak
olanların və yaralananların sayı müvafiq olaraq 99 fakt (18,4
faiz), 35 nəfər (22,9 faiz), 124 nəfər (21,1 faiz) azalıb.
Respublika üzrə qeydə alınmış
yol-nəqliyyat hadisələrinin 39,5 faizi (527 hadisə, 193 ölüm, 579
yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 22,8 faizi
(304 hadisə, 132 ölüm, 282 yaralı) nəqliyyat vasitələrinin yüksək
sürətlə idarə olunması, 12,3 faizi (164 hadisə, 39 ölüm, 202
yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,9 faizi (26
hadisə, 12 ölüm, 28 yaralı) nəqliyyat vasitələrinin sərxoş
vəziyyətdə idarə olunması nəticəsində baş verib. Yol-nəqliyyat
hadisələrinin 40,4 faizini (539) piyadaların vurulması təşkil edib.
Nəticədə 195 piyada həlak olub, 394-ü yaralanıb. Respublika üzrə
qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində 35 uşaq və
yeniyetmə ölüb, 124 nəfər yaralanıb.