Azərbaycanda ağır tonnajlı avtomobillərin yüklərinin
müəyyən edilmiş standartlara cavab verməməsi gündəmin əsas
mövzularından biri olaraq qalmaqdadır. Bu cür avtomobillərə arxadan
gələn nəqliyyat vasitələrinə və ya yolun asfalt örtüyünə zərər
dəyməməsi üçün həddindən artıq yük yüklənməməli, yükün üzəri qalın
əşya ilə örtülməlidir. Hətta ekspertlər yol qəzalarına yük
maşınlarının daha çox səbəb olduğunu bildirirlər. Ağır tonnajlı
avtomobillərin apardığı qum, çınqıl, mişar daşları yollara
tökülərək digər nəqliyyat vasitələrinin qəza törətməsinə səbəb
olur. Eyni zamanda, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhəd
avtomobil yolunun bir çox hissələrində deformasiyaya uğramış,
dağılmış asfalt örtükləri, çatlar, çuxurlar nəqliyyat vasitələrinin
təhlükəsiz hərəkətinə maneçilik törədir.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətinin
rəhbəri Kamran Əliyev Report-a bildirib ki, yükdaşımalarla bağlı
mövcud olan qanunvericilik dağılan, səpilən məhsulların üzərinin
mütləq şəkildə örtülməsini tələb edir: "Bu normalara bütün
sürücülər riayət etməlidir. Əgər sürücü postu keçdikdən sonra hər
hansı bir səbəbdən daşıdığı yükün üstünü açıq saxlayıb, yola daşın,
çınqılın tökülməsinə səbəb olursa, digər sürücülər bizim "902
Qaynar xətti"mizə zəng edib şikayətlərini bildirə bilərlər. Bu kimi
qayda pozuntusu ilə üzləşən sürücülər həmin yük maşınının dövlət
qeydiyyat nişanını, hərəkət etdiyi yolu, yaxud ərazini bildirməklə
problemi yoluna qoya bilər. Şikayət əsasında qaydanı pozan həmin
nəqliyyat vasitəsi şəhərin giriş hissələrində, yaxınlıqdakı postda,
yaxud həmin ərazidə xidmət aparan yol patrul inspektorları
tərəfindən saxlanılır və qayda pozuntusu ilə bağlı müvafiq
tədbirlər görülür. Yaxud bu kimi halların şahidi olan sürücülər
DYP-nin stasioanar postlarında xidmət aparan inspektorlara
yaxınlaşmaqla qaydanı pozan nəqliyyat vasitəsini şikayət edə
bilərlər".
Onun sözlərinə görə, yükdaşıma qaydalarının pozulmasına görə
nəqliyyat vasitələri cərimələnir: "Bu kimi hallarda ən aşağı cərimə
haqqı 40 manat təşkil edir. Amma nəqliyyat vasitələrinin
parametrləri aşılmaqla yüklənməsinə görə cərimələr fərqlidir.
Fiziki şəxlər kütlə parametrlərini aşmağa görə 600 manat dəyərində
cərimə edilir. İl ərzində qaydanı təkrar pozan şəxslərin sürücülük
hüququ altı aydan bir ilə qədər məhdudlaşdırılır. Eyni zamanda,
həmin sürücülər qaydaları təkrar pozduqlarına görə 1 200 manat
dəyərində cərimə edilirlər. Eləcə də həm vəzifəli, həm də hüquqi
(yəni həm yükləyən, həm də yükləməni təşkil edən) şəxslərin
cəriməsi də az deyil. Bu halda qanunvericiliklə vəzifəli şəxslər
üçün 1 400 manatdan 1700 manata, hüquqi şəxslərə isə 4 000 manatdan
5 000 manata qədər cərimələrin tətbiq edilməsi nəzərdə
tutulub".
Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı deyib ki,
sığorta şirkəti avtomobilə dəymiş ziyanı ödəməlidir: "Əgər
yükdaşıma qaydaları pozulubsa, sığorta şirkəti həmin yük
avtomobilinin sürücüsünə qarşı regret qaydada məhkəməyə müraciət
etməklə pul tələb edə bilər".
"Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli
qeyd edib ki, normadan artıq yüklənmiş ağır tonnajlı avtomobillərin
hərəkəti nəticəsində yolların monolit beton örtüyündə müəyyən
çatlar və dağılmalar yaranır: "Bu daha çox Qubadan Bakıya doğru
olan avtomobil yolu istiqamətində baş verir. Eyni zamanda, yük
maşınları Xaçmaz, Qusar istiqamətindən Bakıya gələn yolu dağıtmaqla
yanaşı, həm də digər hərəkətdə olan nəqliyyat vasitələri üçün böyük
təhlükə törədirlər. Bu səbəbdən aidiyyəti qurumlar tərəfindən yük
daşıyan nəqliyyat vasitələrinə nəzarət daha da gücləndirilməlidir.
Ümumiyyətlə, bu kimi vəziyyətlər nəqliyyat vasitələrinin təhlükəsiz
hərəkət etməsinə problem yaradır".
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov vurğulayıb ki, Azərbaycan
qanunvericiliyində dağılan, səpələnən yüklərin daşınması zamanı
onların üzərinin örtülməsi birmənalı olaraq göstərilib: "Əgər yolda
hər hansı bir hadisə baş verərsə, bu zaman birbaşa sürücü
təqsirkardır. Əgər zərərçəkən avtomobilin icbari sığortası varsa, o
zaman ziyanı sığorta ödəyir".