"Avropa Oyunlarının açılış
günüdən başlayaraq bütün oyunlarla bağlı təəssüratlarım yüksələn
xətlə inkişaf edir. Oyunlardan qazandığımız medallar təki daha da
çoxalsın, bizlər bir az da tıxaclarda gözləyərik".
Bu sözləri Axar.az-a "Həftə.az" saytının baş redaktoru Səbinə
Əvəzqızı Avropa Oyunları ilə bağlı təəssüratlarını və izlədiyi
oyunlar haqda fikirlərini bildirərkən deyib.
S.Əvəzqızının da bir çox həmkarı kimi oyunları canlı olaraq
izləmək imkanı olmasa da, təşkilatçılıq və qazanılan uğurlarla
bağlı təəssüratı yüksəkdir.
Beləliklə, baş redaktorların Avropa Oyunları ilə bağlı
fikirlərini təqdim edirik:
Səbinə
Əvəzqızı, "Həftə.az"ın baş redaktoru:
"Avropa Oyunları çərçivəsində keçirilən oyunları canlı izləmək
imkanım olmayıb. Çünki yarışlar başlayandan işlərimiz 2 qat artıb.
Oturub kompüter arxasında həm oyun izləyirik, həm də çalışırıq.
Açığı, təəssüratımın belə olacağını heç düşünməmişdim. Açılış
günündən başlayaraq təəssürat yüksələn xətlə inkişaf edir. Təki
medallar daha da çoxalsın, bizlər bir az da tıxaclarda
gözləyərik.
Medal qazananlar barəsində yaxşı mənada çox şey demək olar.
Hamısına təşəkkür edirəm, bizi fərəhləndirdikləri üçün. Düzü,
güləşçimiz Toğrul Əsgərovla bağlı o qədər yazmışdılar ki, guya
şöhrət onu dəyişib–filan. O qazananda daha çox sevindim. Bağlanış
mərasimində isə iştirak etməyi çox istəsəm də, inanmıram imkan
olsun. Yuxarıda dediyim kimi, iş rejimimiz elədir ki, belə bir
lüksümüz olmur".
Rəşad
Məcid, "525-ci qəzet"in baş redaktoru:
"Avropa Oyunlarının Bakıda keçirilməsini mən böyük, tarixi
hadisə hesab edirəm. Bu tarixi hadisəni izləməmək olmazdı. Bu
səbəbdən müxtəlif oyunları izləmək üçün özüm şəxsən 100-dən artıq
bilet almışam. Bir çox həmkarlarıma da biletlər vermişəm. Hazırda
da Azərbaycan Gimnastika Arenasındayam və oyunları izləyirəm, böyük
zövq alıram. Bundan başqa, yüngül atletika, üsgüçülük, sinxron
üzgüçülük, su polosu yarışlarını da izləyəcəyəm. Mən daha çox
idmanın incəsənətlə, musiqi və rəqslə bağlı olan növlərinə maraq
göstərirəm. Həm də cüdo, karate, boks, voleybol kimi yarışları
Bakıda adi günlərdə də izləmək mümkündür. Ancaq sinxron üzgüçülük,
su polosu yarışları Azərbaycan üçün xarakterik idman növü
olmadığına görə bu fürsəti əldən vermək istəmirəm. Həmçinin bədii
gimnastika yarışlarında da rəqs, idman, müsiqinin vəhdəti məni belə
oyunlara baxmağa sövq edir. Bağlanış mərasiminə isə getmək fikrim
var idi, ancaq təəssüf ki, bilet tapa bilmədim. Ümid edirəm ki,
təşkilatlardan, dövlət orqanlarından, əvvəlcədən bilet sifariş edən
qurumlardan hansısa mənə də bilet hədiyyə edəcək".
Rauf
Arifoğlu, "Yeni Müsavat" qəzetinin baş redaktoru:
"Birinci Avropa Oyunlarına akkreditə olunduğuma görə, oyunları
izləmək üçün bilet problemim də yoxdur. Lakin xaricdə olduğuma görə
hələ oyunlara gedə bilməmişəm. Ancaq qapanış törəninə və bir neçə
oyuna baxmağı düşünürəm. Bu mərasimə mənə bilet ayırıblar -
akkreditə olunmuş jurnalistlərlə birgə. Orada olmağa çalışacağam.
Oyunlar ərəfəsində nə qədər medal qazanılması isə məncə, ikinci
plandadır. Çünki əsas olan Avropa Oyunlarının ilk dəfə Bakıda
keçirilməsidir. Statistika sonra gəlir".
Elçin
Mirzəbəyli, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru:
"İlk Avropa Oyunlarının açılış mərasimində həmkarlarımla
birlikdə iştirak etmişəm və çox böyük zövq almışam. İnşallah,
qismət olarsa, bağlanış mərasimində də iştirak edəcəyəm. Oyunları
isə canlı olaraq izləmək imkanım olmayıb. Bir baş redaktor, media
təmsilçisi olaraq əsas vəzifəmi vətənimiz üçün böyük önəm daşıyan
Avropa Oyunlarına informasiya dəstəyi verməkdə, analitik yazılar
hazırlamaqda görürəm. Gün ərzində imkan düşdükcə "İdman Azərbaycan"
kanalında yayımlanan yarışları izləyirəm. İdmançılarımızın
uğurlarına sevinirəm, həyəcan keçirirəm. Qazanılmış medallar
şübhəsiz ki, məni qane edir və hesab edirəm ki, oyunların sonunadək
Azərbaycan idmançıları daha böyük uğurlara imza atacaqlar. Oyunlar
zamanı məni ən qürurlandıran məqam isə gənc taekvandoçumuz Ayxan
Tağızadənin Azərbaycan himnini ifa etməsi oldu. O anı unuda
bilmirəm. Çox ürəkdən oxuyurdu. Və arzu edərdim ki, bütün
idmançılarımız ondan örnək götürsünlər".
Hacıbəy
Heydərli, "Azxeber.com" saytının baş redaktoru:
"İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi çox məsuliyyətli
və qürurvericidir. Avropa Oyunları çərçivəsində keçirilən idman
yarışlarını yaxından təqib etməyə çalışıram, demək olar ki, bütün
yarışları izləyirəm. Arenadan isə sərbəst güləşçilərin yarışını
izlədim və təəsüratım çox yüksəkdir. Bu yarışlarda mənim ən çox
diqqətimi çəkən məqam arenaların bütün yarışlarda dolu olmasıdır.
Bağlanış mərasimində də iştirak etməyə çalışacam".