İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakov
ilə görüşüb.
Azərtac xəbər
verir ki, qonaq Beynəlxalq Sambo Federasiyası İcraiyyə Komitəsinin
qərarı ilə Sambonun Çempion kəmərini dövlətimizin başçısına təqdim
edib.
Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili ŞESTAKOV
dedi: İcazə verin, belə bir bayramı təşkil etdiyinizə görə
təşəkkürümü bildirim. Mən Bakıda hələ 1974-cü ildə olmuşdum. İndi
isə gözlərimə inana bilmirəm.
Prezident İlham ƏLİYEV: O vaxtdan Bakıda
olmamısınız?
Vasili Şestakov: Xeyr, olmuşam. Amma indi bir daha baxdım. Çox
gözəl şəhərdir.
Prezident İlham Əliyev: Çox sağ olun. Şadam ki,
gəlmisiniz və belə bir möhtəşəm tədbiri - idman yarışını, sambonu
izləyirsiniz.
Vasili Şestakov: Dəstəyinizə görə Sizə təşəkkür edirəm. Çox sağ
olun. Çünki məhz Sizin sayənizdə sambo yarışları belə böyük idman
tədbirinin proqramına daxil edilib. Hələ Soçidə sambodan söhbət
düşəndə bu idman növünün Avropa Oyunlarına daxil edilməsinə görə
Sizə təşəkkür bildirildi. Biz də Sizi təbrik etmək və Çempion
kəmərini təqdim etmək istərdik.
Vasili Şestakov Sambonun Çempion kəmərini dövlətimizin başçısına
təqdim etdi.
Prezident İlham Əliyev: Çox sağ olun.
Vasili Şestakov: Belə bir kəmər fəxri prezident kimi Vladimir
Vladimiroviçə təqdim edilib. Sambonun Azərbaycanda və bütün dünyada
inkişafına göstərdiyiniz böyük xidmətlərə görə Beynəlxalq Sambo
Federasiyası İcraiyyə Komitəsinin qərarı ilə Sizə Sambonun Çempion
kəmərini təqdim edirik. Bu, ikinci belə kəmərdir. Birincisi
Vladimir Vladimiroviç Putinə təqdim olunub.
Prezident İlham Əliyev: Çox sağ olun. Mən işimə verilən
qiymətə görə minnətdarlığımı bildirirəm. Siz qeyd etdiyiniz kimi,
sambo birinci Avropa Oyunlarının proqramına daxil edilib. Bu
Prezident Putinlə mənim birgə təşəbbüsüm idi. Biz bu barədə hələ
ötən ilin yazında müzakirə aparmışdıq. Biz Avropa Olimpiya
Komitəsinə müraciət etdik ki, sambo ilk Avropa Oyunlarının
proqramına daxil edilsin. Deməliyəm ki, Oyunların proqramına daha 7
idman növü üzrə yarışların daxil edilməsi planlaşdırılırdı. On
doqquzu artıq müəyyənləşdirilmişdi və yalnız bir idman növü
qalırdı. Əlbəttə, biz Avropa Olimpiya Komitəsinə xahişimizi təmin
etdiklərinə görə də minnətdarıq. Beləliklə, belə bir gün gəlib
çatdı. Həqiqətən də idmanın bu növü bizi birləşdirir.
Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakov
Azərbaycanda güclü sambo məktəbinin olduğunu və bunun maraqla
izləndiyini vurğuladı.
Prezident İlham Əliyev: Bu, sambonun gələcəkdə Olimpiya
Oyunlarının proqramına daxil edilməsinə aparan yoldur. Bu idman
növü bizdə çox sevilir. Bu yarışlardan sonra, fikrimcə, sambo
bölməsinə axın daha da artacaq. Çünki hamı gözəl bilir ki, cüdo
Olimpiya idman növü olduğuna görə gəncləri və uşaqları özünə daha
çox cəlb edir. Hamı Olimpiya çempionu olmaq istəyir. Biz sambonu da
bu cür dəstəkləyirik və dəstəkləyəcəyik.
Vasili Şestakov: Ümid edirəm ki, Sizin dəstəyinizlə sambo
Olimpiya Oyunlarına yol tapacaq. Sizin çox məşhur - 7 dəfə dünya çempionunuz Ceyhun Məmmədov
var. O, sambonun əfsanəsidir. Buna görə də o, Beynəlxalq
Federasiyanın ən yüksək mükafatına - Qızıl nişana layiq görülüb.
Tarixdə cəmi bir idmançı bu nişanla mükafatlandırılıb. O, ən yaxşı
samboçular onluğuna daxil olub.
Prezident İlham Əliyev: Çox sağ olun.
***
Sonra Azərbaycan Sambo Federasiyasının Prezidenti Ceyhun
Məmmədov qonaqlarla görüşüb.