"Mən ona dedim ki, cənab prezident əsgər Zəkiyev sizin
verdiyiniz döyüş tapşırığını yerinə yetirdi. Və söz vermişdim ki,
bu medalı ona Silahlı Qüvvələrn yaranması günü hədiyyə edəcəm.
Etdim də".
Trend xəbər verir ki, bunu bu gün Avropa Oyunlarında gözdən əlil
kişi cüdoçular arasında qızıl medal qazanmış paracüdoçumuz, 2 dəfə
Paralimpiya Oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa
çempionu İlham Zəkiyev təltifetmə zamanı Azərbaycan Prezidenti
İlham Əliyevlə olan qısa dialoqunu açıqlayarkən deyib.
Çempion qeyd edib ki, o, bu yarışın məsuliyyətini dərk edərək
ona çox ciddi hazırlaşıb: "Bu yarışa çox ciddi hazırlaşırdıq. Mənə
xəbər veriləndə ki, Avropa Oyunlarında güləşəcəm, bu məsuliyyəti
dərk elədim. Mən uzun müddətdir olimpiya yığma komandasına
hazırlaşırdım. Bir az xırda zədələr olsa da, Allaha şükür ki, onlar
bizə bu yarışda ölkəmizi layiqincə təmsil etməyə mane olmadı. Bütün
Azərbaycan məndən bu qızılı gözləyirdi".
Avropa Oyunlarının qalibi qazandığı medalı dövlət başçısı,
Azərbaycan xalqı və bu gün doğum günü olan oğluna hədiyyə etdiyini
açıqladı: "Bu il Avropa Oyunları tarixi bir hadisə idi. Prezident
İlham Əliyev və birinci xanım mehriban Əliyeva tərəfindən mənə iki
missiya tapşırılmışdı. Birincisi Oyunların açılış mərasimində
məşəli alovlandırmaq və yarışda Azərbaycanı təmsil etmək. Mən
Atəşgahda məşəli yandıranda cənab prezidentə dedim ki, ayın 26-sı
güləşəcəm. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranması
günüdür. Söz vermişdim ki, Ali Baş Komandanımıza medal hədiyyə
edim. Həmd olsun Allahın böyüklüyünə ki, bunun öhdəsindən gəldim.
Bu medalı mən cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham
Əliyevə və bütün xalqımıza həsr edirəm. Allah hamının balasını
saxlasın. Bu gün bizim Həmzə balamızın da 2 yaşı tamam oldu. Atası
tərəfindən ona da bu medal ən böyük hədiyyə olar".
Paracüdoçumuz finalda qarşılaşdığı rəqibi barəsində də maraqlı
hadisə danışıb: "Final döyüşündəki rəqibi ilə 2 il əvvəl Avropa
çempionatında komanda yarışında qarşılaşıb. Hesab 2:2 olan zaman
onunla üz-üzə gəlib və onu məğlub edərək komandamıza qələbə
qazandırıb: "O mənə dedi ki, mən məşq edəcəm və səni udacam. Mən də
dedim ki, get, məşq elə, baxarıq. Dünən tərəziyə, çəkiyə çıxanda
mən onun qolundan tutdum, qolunu yoxladım. Dedim məni udmaq
istəyirsən? O da gülərək dedi ki, İlham səni udmaq olar? Nəhayət,
finalda da ki, mən nəticəni göstərdim".
İlham Zəkiyev xarici KİV-lərdə özü haqqında yer alan məqalələrdə
onun Qarabağ döyüşlərində iştirak etməsi və məhz bu zaman
yaralanmasının yer almasına da münasibət bildirib: "Mən utanmıram
yaralanmağımdan. Mən gözlərimin nurunu, əsgərlikdə olarkən, döyüş
tapşırığını yerinə yetirərkən, Azərbaycan torpaqlarının müdafiəsi
uğrunda itirmişəm. Hər yerdə də məndən soruşanda ki, zədəni harda
almısan, mən fəxrlə deyirəm ki, Azərbaycan torpaqlarının müdafiəsi
uğrunda düşmən gülləsinə tuş gəlmişəm və görmə qabiliyyətimi
itirmişəm. Mən bundan utanmıram. Bizim xalqımız mübariz xalqdır.
Şükür olsun ki, biz bunu bir daha sübut etdik".