Azərbaycan millisi ilk dəfə keçirilən Avropa Oyunlarında
56 medalla ikinci yeri tutaraq çıxışını başa vurub.
APA-nın məlumatına görə, 17 gün ərzində 20 idman növü üzrə davam
edən yarış həm təşkilatçılıq, həm də idmançılarımızın çıxışı
baxımından möhtəşəm uğurla nəticələnib.
Belə ki, Azərbaycan tarixində ilk dəfə belə mötəbər turnirə ev
sahibliyi edib. Ölkəmizə "köhnə qitə"nin 50 ölkəsindən 6 mindən çox
idmançı, o cümlədən 10 minə yaxın nümayəndə heyəti təşrif buyurub.
Onların içərisində işğalçı ölkə Ermənistan da olmaqla, hər biri
ölkəmizdə xoş təəssüratlar qazandığını əminliklə söyləmək
mümkündü.
Bununla yanaşı, idmançılarımızın çıxışı həm Avropa, həm də
xalqımız üçün sevindirici olub. Çünki tariximizdə ilk dəfə ən böyük
heyətlə məhz Avropa Oyunlarına qatılmışıq. 291 atletimizin mübarizə
apardığı yarış isə Azərbaycan üçün tarixi rekordla əlamətdar
olub.
Yığmamız Bakı-2015-i 56 medalla başa vuraraq, qitənin ikincisi
adını qazanıb. 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanan
komandamız Avropanın şəksiz lideri olan Rusiyadan geri qalıb.
Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Ukrayna və Türkiyə kimi
nəhəngləri arxada qoyan millimiz Rio-2016 öncəsi azarkeşlərinə
böyük ümid verib. Sonuncu – London Olimpiadasında 10 medal qazanan
idmançılarımız potensialının daha böyük olduğunu və Cənubi
Amerikada daha yüksək nəticə göstərə biləcəyini nümayiş etdirə
bilib.
Komandalarımızın üzvləri Avropa Oyunlarına daxil edilən 20 idman
növünün 30 bölməsindən 12-də fəxri kürsüyə qalxıb.
Böyük ümidlər bəslənilən boks, taekvondo, güləş və karate
etimadı tam doğruldaraq, qitənin ən yaxşılarından oldu. Təsadüfü
deyil ki, bu növlərin 2-də Azərbaycan Rusiya da daxil olmaqla,
hamını arxada qoydu. Güləşdə (3 növ üzrə) isə yalnız şimal
qonşularımızdan geri qaldı. Lakin güləşdə də boks kimi rekord sayda
– 6 çempionluq sevincimiz oldu.
4 idman növündə azarkeşlərimiz xoş sürprizə sevindi. İnkişaf
yoluna yeni qədəm qoyan idman gimnastikası, batut və triatlon,
həmçinin uzun müddətdi uğura həsrət qaldığımız qılıncoynatmada
qazanılan medalların da dəyəri böyükdü. Çünki artıq bu növlərdə də
perspektivli gənclərimiz yetişir.
Bu növlərlə bağlı bəzi məqamlar xüsusi diqqət çəkir. İdman
gimnastımız Oleq Stepko eyni yarışda 5 medal qazanan ilk idmançımız
kimi tarixə düşüb. O, 1 qızıl, 2 gümüş və eyni sayda bürünc
mükafatla Bakı-2015-də 1-dən artıq medal qazanan yeganə atletimiz
olub. Həmçinin, yarışda mükafat qazanan yeganə komandamız da
gimnastikanı təmsil edib. Stepko ilə yanaşı, Eldar Səfərov və Petro
Paknyuk komanda hesabında 3-cü yeri tutub. Qılıncoynatma növündə
isə fəxri kürsüyə yüksələn Sevil və Sevinc bacıları da ilk imza
atıb. Əkizlər gümüş və bürünc medal qazanmaqla, böyük yarışlar
tarixində ilk dəfə 2 Azərbaycan bayrağının yanaşı yüksəlməsinə nail
olublar. Bu uğur Avropa Oyunlarında daha bir dəfə təkrar
edilib.
Medal qazandığımız digər 4 növdə isə ümidlərimizin tam
doğrulmadığını söyləmək olar. Hər halda, daha böyük potensiala
malik sambo, cüdo, bədii gimnastika və avarçəkmə qazanılan
medalların sayı heç də gözlənilənləri əks etdirmir. Düzdü, 4 gümüş
medalla ümumi sıralamada 4-cü olan sambo yığmamız ikinci yerlərlə
təsəlli tapa bilər. Lakin bütün finallarını uduzulması, həmçinin
son anda 3 "bürünc"ün əldən getməsi yarışı müsbət akkordla
tamamlamağımıza imkan vermədi. Bədii gimnastikada isə buna hakim
haqsızlığı mane oldu. Hərçənd, Marina Durunda 1 deyil, daha çox
medal qazanmağa yaxın idi. Müxtəlif yarışlarda dəfələrlə çempion
olan avarçəkənlərimiz doğma divarlar arasında qızıla həsrət qaldı.
Cüdoçuların fiaskosunu paracüdoçular sığortaladı. Eyni vaxtda 2
idmançımızın – İlham Zəkiyevlə Zakir Mislimovun fəxri kürsüdə yer
alması Bünyatova bacılarından sonra ikinci belə uğurumuz oldu. 14
çəki dərəcəsində cəmi 1 medal qazanıb bu idman növünün nüfuzunu
kölgə altına salan cüdoçularımız meydan sahibi kimi qatılmalı
olduğu komanda yarışlarına da çıxmadı.
İdmançılarımız mübarizə apardığı 18 bölmədə mükafata həsrət
qaldı. Bunlar arasında kamandan oxatma, üzgüçülük, sinxron
üzgüçülük, suyatullanma, badminton, atletika, atıcılıq, BMX
velosiped, dağ velosipedi, şosse velosipedi, akrobatika, aerobika,
stolüstü tennis var. Bu komandalarımızdan şosse velosipedçilərimizə
böyük ümidlər bəslənsə də, Maksim Averinin start xəttinə çıxmaması
hər şeyi korladı.
Komanda növlərində mübarizə apardığımız su polosu, çimərlik
voleybolu, voleybol, basketbol 3X3 növü və çimərlik futbolu
növlərindən yalnız birində medala çox yaxın olduq. Ənənəvi iddialı
olan qadın voleybolçulardan ibarət millimiz son 2 oyunu tay-brekdə
uduzmaqla, medalsız qaldı.
291 idmançımızdan 54-ünün fəxri kürsüyə çıxması da yeni
rekorddu. Digər idmançılarımızın böyük hissəsi isə yaşlarının az
olması səbəbindən elə medal dəyərində olan böyük təcrübə
qazandılar. Çünki qitənin güclü idmançıları ilə mübarizə aparmağın
özü belə onların gələcək inkişafı üçün təkan ola bilər.
Beləliklə, Avropa Oyunlarını həm yığmamız, həm də ölkəmiz adına
böyük nailiyyət hesab etmək olar. Çünki ən azından Azərbaycan yeni
yaranan yarışın təməlini qoyaraq, növbəti ev sahibləri üçün
əlçatmaz nümunə göstərdi.
Avarçəkmə
Valentin Demyanenko – 2-ci yer (200 m, kanoe)
Batut
İlya Qrişunin – 3-cü yer (fərdi hərəkətlər)
Bədii gimnastika
Marina Durunda - 2-ci yer (lentlə hərəkət)
Boks
Elvin Məmişzadə (52 kq) – 1-ci yer
Albert Səlimov (60 kq) – 1-ci yer
Lorenzo Sotomayor (64 kq) – 1-ci yer
Pərviz Bağırov (69 kq) – 1-ci yer
Teymur Məmmədov (81 kq) – 1-ci yer
Abdulqadir Abdullayev (91 kq) – ci yer
Xaybulla Musalov (75 kq) - 2-ci yer
Tayfur Əliyev (56 kq) – 3-cü yer
Məhəmmədrəsul Məcidov (+91 kq) – 3-cü yer
Anna Əlimərdanova (54 kq) – 3-cü yer
Yana Alekseyevna(60 kq) – 3-cü yer
Cüdo
Orxan Səfərov (60 kq) – 2-ci yer
Paracüdo
İlham Zəkiyev (+90 kq) – 1-ci yer
Səbinə Abdullayeva (+57 kq) – 2-ci yer
Zakir Mislimov (+90 kq) – 3-cü yer
Güləş
Yunan-Roma güləşi
Rəsul Çunayev (71 kq) – 1-ci yer
Elvin Mürsəliyev (75 kq) – 1-ci yer
Rafiq Hüseynov (80 kq) - 2-ci yer
Sabah Şəriəti (130 kq) – 2-ci yer
Elman Muxtarov (59 kq) - 3-cü yer
Həsən Əliyev (66 kq) - 3-cü yer
Qadın güləşi
Mariya Stadnik (48 kq) – 1-ci yer
Anjela Doroqan (53 kq) – 1-ci yer
Natalya Sinişin (55) – 3-cü yer
Sərbəst güləş
Toğrul Əsgərov (66 kq) – 1-ci yer
Xetaq Qazyumov (97 kq) – 1-ci yer
Hacı Əliyev (61 kq) – 3-cü yer
Ruslan Dibirhacıyev (70 kq) – 3-cü yer
Cəbrayıl Həsənov (74 kq) – 3-cü yer
Camaləddin Maqomedov (125 kq) – 3-cü yer
İdman gimnastikası
Oleq Stepko – 1-ci yer (paralel qollar)
Oleq Stepko – 2-ci yer (gimnastika atı)
Oleq Stepko – 2-ci yer (fərdi çoxnövçülük)
Oleq Stepko – 3-cü yer (dayaqla tullanma)
Azərbaycan millisi (Oleq Stepko, Eldar Səfərov və Petro Paknyuk)
– 3-cü yer (komanda yarışı)
Karate
Firdovsi Fərzəliyev (60 kq) – 1-ci yer
Rafael Ağayev (75 kq) – 1-ci yer
Ayxan Mamayev (84 kq) – 1-ci yer
İrina Zaretska (68 kq) – 1-ci
Niyazi Əliyev (67 kq) – 3-cü yer
İlahə Qasımova (55 kq) - 3-cü yer
Qılıncoynatma
Sevil Bünyatova – 2-ci yer (sablya)
Sevinc Bünyatova – 3-ci yer (sablya)
Sambo
İslam Qasımov (57 kq) – 2-ci yer
Amil Qasımov (74 kq) – 2-ci yer
Vasif Səfərbəyov (+100 kq) – 2-ci yer
Nəzakət Xəlilova (52 kq) – 2-ci yer
Taekvondo
Ayxan Tağızadə (68 kq) – 1-ci yer
Milad Beiqi Harçeqani (80 kq) – 1-ci yer
Radik İsayev (+80 kq) – 1-ci yer
Fəridə Əzizova (67 kq) - 2-ci yer
Patimat Abakarova (49 kq) – 3-cü yer
Triatlon
Rostislav Pevtsov – 3-cü yer
Qeyd: idman növləri əlifba sırası ilə düzülüb.b