İyunun 26-da ordu günündə paralimpiyaçı cüdoçularımız
hər əyarda medal qazanmaqla Azərbaycan xalqına böyük sevinc bəxş
etdi. Yarışın 15-ci günündə tatami üzərinə çıxan olimpiyaçı
cüdoçularımızdan fərqli olaraq paralimpiyaçılarımız Avropa
Oyunlarında sözün əsl mənasında tüğyan etdi.
Hələ +90 kq çəki dərəcəsində çıxış edən 2 qat paralimpiya, 2 dünya
və 5 qat Avropa çempionu əfsanəvi idmançımız İlham Zəkiyevin
qələbəsi, himnimizi səsləndirməsi hər bir azərbaycanlının sevincini
birə beş artırdı.
Təbii ki, bu cür qələbələr üçün idmançılara göstərilən qayğıdan
əlavə yaxşı təlim-məşq və birlik lazımdır. Paralimpiyaçı
cüdoçularımızın da yetişməsində komitənin cüdo üzrə baş məşqçisi
İbrahim İbrahimovun da yeri danılmazdır. Biz də onun
təəssüratlarını öyrənməyə çalışdıq.
İbrahim müəllim Publika.az-ın əməkdaşı ilə söhbəti zamanı bu cür
sevinci sözlə ifadə etməyin çətin olduğunu bildirdi. Həmçinin baş
məşqçi idmançılardan razı qaldığını, onun verdiyi bütün
tapşırıqların öhdəsindən tam şəkildə gəldiklərini dedi:
- 3 paracüdoçumuzun üçünün də medal qazanması təbii ki,
gözəl duyğudur. Bir məşqçi olaraq sizin təəssüratlarınızı öyrənmək
maraqlı olardı...
- Sevincimi necə sizə çatdıracağımı bilmirəm. Çünki gərək bunu
yaşayasan, hiss edəsən. Sözlə ifadə etmək çox çətindir. Bu gün üçün
biz çox əziyyət çəkmişdik. Məşqlərimizi daha da gücləndirmişdik. Bu
medallar üçün çalışmışdıq. Deyə bilərəm ki, hər 3 idmançımız mənim
verdiyim tapşırığı tam yerinə yetirdi.
- Səbinə Abdullayevanın zədəsi vardı?
- Səbinə buradakı görüşdə dizindən zədələndi. Bundan əlavə də
əvvəlcədən onun çiynindən zədəsi var idi.
- Səbin Abdullayeva da qızıl qazana bilərdi?
- Bizim yarışa çıxmamışdan öncə Səbinəyə tapşırığımız finala
çıxması ilə bağlı idi. O da bu tapşırığı yerinə yetirdi. Finala
qədər yüksəldi, gümüş medal qazandı. Elə Zakir Mislimov da üzərinə
düşən işi yerinə yetirdi, qələbə qazandı...
- Bəs maraqlıdır, ən çox həyəcanı hansı idmançı tatami
üzərində olarkən keçirdiniz?
- Əlbəttə, bir məşqçi kimi hər üçü yarışarkən çox
həyəcanlanırdım. Ancaq etiraf edim ki, İlham Zəkiyev tatami üzərinə
çıxarkən daha çox həyəcan keçirirdim. Ona görə ki, bütün məsuliyyət
İlham Zəkiyevin üzərinə düşürdü.
- Zəkiyev ilk görüşə çıxdığı zaman qızılın gələcəyindən
əmin idiz?
- Əmin idim. Mən bunu qaldığımız Olimpiya Kəndində yazmışdım.
Qeyd etmişdim ki, İlham qızıl qazanacaq.
- Bir daha bir məşqçi kimi sizi, komandanızı və medal
qazanan hər 3 cüdoçumuzu təbrik edirəm.
- Təşəkkür edirəm.