Bakı-2015 I Avropa Oyunları
iyunun 28-də möhtəşəm bağlanış mərasimi ilə başa
çatdı.
Axar.az xəbər verir ki, dünən keçirilən möhtəşəm bağlanış
mərasimi Avropanın aparıcı media orqanları tərəfindən geniş
işıqlandırılıb.
"Sportsmax.tv" idman portalı bağlanış mərasiminin möhtəşəmliyini
qeyd edərək Bakı Olimpiya Stadionunda keçirilən tədbirə dünya
şöhrətli ulduzların da qatıldığını vurğulayır. Məqalədə Avropa
Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin fikirləri də yer
alıb: "Azərbaycanın gələcəyi parlaqdır. Avropa Oyunlarının gələcəyi
parlaqdır. Bu cür mükəmməl təşkil edilən yarışlardan sonra Avropa
Oyunlarının çox uzun bir tarixə malik olacağı qətidir".
Fransanın "ladepeche.fr" saytı birinci Avropa Oyunlarını
xarakterizə edərək "Olimpiya Oyunlarının ideal surəti" ifadəsini
işlədib.
Sayt Bakının Oyunların təşkili ilə digər böyük idman
tədbirlərinə də ev sahibliyi etməyə qadir olduğunu sübut etdiyini
yazıb:
"Təşkilatçılıq çox gözəl idi. Bakı iki il yarım ərzində 68 min
nəfərlik Olimpiya Stadionu tikməklə böyük şücaət göstərib.
Medallarda da Olimpiya halqaları təsvir olunmuşdu. Oyunlarda 12 min
könüllü yüksək peşəkarlıq nümayiş etdirib. Yollarda yalnız
akkreditasiyalı avtomobillərin istifadəsi üçün xüsusi xətt
çəkilmişdi".
Məqalədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin
də Bakıda keçirilmiş oyunlarla bağlı fikirləri yer alıb. AOK
prezidenti Oyunların yüksək səviyyədə keçdiyini və Azərbayanın
Olimpiya Oyunlarına iddialı olduğunu bildirib.
Həmçinin qeyd olunub ki, hələlik 2024-cü il Olimpiya Oyunlarına
ev sahibliyi məsələsi gündəmdə olmasa da, Azərbaycan 2016-cı ildə
Formula 1 yarışlarına, 2017-ci ildə İslam Həmrəylik Oyunlarına və
2020-ci il futbol üzrə Avropa çempionatının bəzi oyunlarına ev
sahibliyi edəcək.
Frans Press Agentliyi də iyunun 28-də ilk Avropa Oyunlarının
təntənəli bağlanış mərasimi ilə bağlı geniş məqalə yayıb.
"Azərbaycanda keçirilən birinci Avropa Oyunları möhtəşəm
bağlanış mərasimi ilə başa çatdı" sərlövhəli məqalədə müəllif
"rəngli xoreoqrafiyalar, heyranedici atəşfəşanlıq Avropa Oyunları
üçün ideal sonluq idi", - agentlik yazısında bildirib.
İdmançıların təəssüratlarını da qələmə alan məqalə müəllifi
Oyunların mükəmməl təşkil edildiyini qeyd edib.
Agentlik məqalədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik
Hikkinin də fikirlərinə yer verib:
"Bakı Olimpiya Oyunları üçün hazırdır. İnfrastruktur və
təşkilatçılıq qabiliyyəti Azərbaycana bu Oyunları keçirmək üçün
imkan verir. Birinci Avropa Oyunları hər addımda gözləntilərimizə
cavab verdi".
"Times of Malta" qəzetində Azərbaycanın ilk Avropa Oyunlarına
uğurla ev sahibliyi etməsi ilə bağlı məqalə dərc olunub.
Məqalədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun
Bakı-2015 ilk Avropa Oyunları haqqında fikirlərinə yer verilib.
Nazir bildirib ki, Bakı-2015 vasitəsilə yeni idman mədəniyyəti
formalaşıb. Əsas hədəflərimizdən biri də Azərbaycanın dünyada
tanıdılması idi ki, artıq buna nail olunub.
Yazıda Avropa Oyunlarında Azərbaycanın 50 ölkə arasında
medalların sayına görə ikinci yerdə qərarlaşdığı da qeyd
olunub.
"Önəmli idman tədbirlərinə ev sahibliyi edən Azərbaycanda
2016-cı ildə Formula 1 Avropa Qran-prisi, Şahmat Olimpiadası,
2017-ci ildə IV İslam Həmrəylik Oyunları, 2020-ci ildə futbol üzrə
Avropa çempionatının final mərhələsinin dörd oyunu keçiriləcək" –
yazıda bildirilib.
Məqalədə, həmçinin Bakı-2015 ilk Avropa Oyunları Əməliyyat
Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin
Azərbaycan idmançılarının yarışlardakı uğurlu çıxışları barədə
fikirləri yer alıb.
Rusiya mətbuatı birinci Avropa Oyunlarının gedişi ilə yanaşı,
bağlanış mərasimini də geniş işıqlandırıb.
Rossiya-24 telekanalı ilk Avropa Oyunları ilə bağlı yekun
videomaterial hazırlayıb.
Süjetdə yarışların sonuncu günündə də idmançıların fəal iştirak
etdiyi vurğulanır. Həmçinin rusiyalı idmançıların da üstünlüyü qeyd
olunur.
Bağlanış mərasiminə də toxunan müxbir birinci Avropa Oyunlarının
əsl bayram və dostluq əhval-ruhiyyəsində keçdiyini vurğulayır.
Bildirilir ki, bağlanış mərasimində milli elementlərin də əks
olunması böyük maraq doğurub.
"Azərbaycan böyük idmanla qısa müddətə olsa da vidalaşır. Amma
yaxın vaxtlarda dünya Bakının təqdimatında Formula 1 və futbol üzrə
Avropa çempionatının yarışlarını izləyəcək", - videomaterialda qeyd
olunur.