Bakı-2015 I Avropa Oyunlarının boks yarışında gümüş
medal qazanan Qevorq Manukyan müsahibə verib. 91 kq çəki
dərəcəsində Ukraynanı təmsil edən erməni əsilli idmançı ölkəmizdən
razı ayrıldığını açıqlayıb. O, mükafatlandırma mərasimində fitə
basılarkən, Azərbaycan prezidenti İlham Əliyevin jestini -
azarkeşləri bunu dayanmağa çağırmasını yüksək
qiymətləndirib.
- Bakıda keçirilən I Avropa Oyunları ilə bağlı
təəssüratlarınız necədi?
- Bakı-2015-lə bağlı təəssüratların çox müsbətdi. Oyunların
təşkilatçılığı yüksək səviyyədə idi. Təşkilatçılıq da, yarışın
keçirilməsi də xoşuma gəldi.
- Finalda azərbaycanlı boksçu Abdulqadir Abdullayevlə
üz-üzə gəlməyinizə mane olan zədə sağalıbmı?
- Bəli, sağalıb. Bu yüngül zədə idi.
- Əgər zədəniz olmasaydı, qələbə şansınızı necə
dəyərləndirirsiz?
- Zədələnənə kimi yaxşı formada idim. 4 görüş keçirib, hamısında
qalib gəlmişdim. Sualınıza cavab vermək, qələbə şansımı
dəyərləndirmək çox çətindi.
- Bakını gəzib, şəhərlə tanış ola bildizmi?
- Paytaxtınız çox xoşuma gəldi. Bakı çox gözəl şəhərdi. Orada
daha çox gəzib, gözəlliyinə heyran olmaq istəyirdim. Lakin mən bura
ilk növbədə Avropa Oyunlarında iştirak üçün gəlmişdim. Vaxtımın
çoxunu Atletlər kəndində keçirdim. Bu səbəbdən şəhərə çıxmağa çox
vaxtım da olmadı. Bakıda məni yaxşı qəbul etdilər və heç kimdən
narazılığım yoxdu. Azərbaycanın Bayraq Meydanı da çox xoşuma gəldi.
Bildiyimə görə, bu bayrağın uzunluğu 70, eni 35 metrdi. Bu çox
gözəl bayraqdı. Dənizkənarı park göz oxşayır. Bakı qeyri-adi
şəhərdi ki, burada müasir tikililərlə qədimi binalar vəhdət təşkil
edir.
- Mükafatlandırma mərasimində azarkeşlər əvvəl sizi fitə
basdılar. Buna münasibətinizi bilmək istərdik.
- Hər şey yaxşı oldu. Buna fikir vermədim. Sizin prezidentinizin
hərəkəti çox xoşuma gəldi. O, yaxşı insandı. Əlimi sıxıb, mənə
"afərin" dedi və uğurlar arzuladı. Məndə onun haqda yaxşı fikir
formalaşdı. Böyük şərəfdi ki, mənə mükafatı Azərbaycan prezidenti
təqdim edib.
- Yəqin bilirsiz ki, Azərbaycanla sizin tarixi vətəniniz
Ermənistan arasında Dağlıq Qarabağa görə müharibə gedir. Azərbaycan
ərazisinin 20 faizi işğal olunub, 1 milyon adam qaçqın düşüb.
Tamaşaçılarımızın soyadı "yan"la qurtaran idmançıya reaksiyası da
bununla bağlı idi...
- Bu münaqişə haqda eşitmişəm. Bilirəm ki, müharibə gedir. Amma
bununla dərindən maraqlanmamışam.
- Bakı gəzintisi zamanı yerli əhali ilə ünsiyyətiniz
oldumu?
- Bəli, danışmışıq. Bəlkə də onlar mənim erməni köklərimin
olduğunu bilsəydilər, belə münasibət qurmazdılar. Ümumilikdə
götürdükdə isə azərbaycanlılar qonaqpərvər və ünsiyyətcildilər.
- Yenidən belə imkan düşsə, Bakıda keçirilən idman
tədbirləri üçün gələrsizmi?
- Məmnuniyyətlə gələrəm. Bakıda hər şey xoşuma gəlib. Mən hətta
boks üzrə Azərbaycan millisində yeni tanışlar tapmışam.