İyulun 8-də Daxili İşlər
Nazirliyində (DİN) 2016-cı ilin birinci yarısında cinayətkarlıqla
mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin
təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran
vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası
keçirilib.
DİN-dən Axar.az-a verilən məlumata görə, Daxili İşlər naziri,
general-polkovnik Ramil Usubov bildirib ki, dünyada və onun
ayrı-ayrı regionlarında mövcud siyasi gərginliklərə, iqtisadi
böhrana baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla davam etdirilən
hərtərəfli islahatlarda və quruculuq işlərində yaxından iştirak
edən daxili işlər orqanları tərəfindən respublikada ictimai asayiş
və təhlükəsizlik 2016-cı ilin 6 ayında da etibarlı qorunub.
Cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan
müsbət təmayüllər davam edib, cinayətlərin qarşısının alınması,
açılması, istintaqı, insan hüquq və azadlıqlarının müdafiəsi
sahəsində digər hüquq mühafizə strukturları ilə birgə həyata
keçirilən kompleks tədbirlər müsbət nəticələr verib, kriminogen
durum nəzarətdə saxlanılıb.
Daxili işlər orqanları və Daxili Qoşunlar digər hüquq mühafizə
və xüsusi xidmət strukturları ilə qarşılıqlı əlaqədə respublikanın
müxtəlif yerlərində keçirilmiş yüzlərlə kütləvi və beynəlxalq
tədbirdə, o cümlədən "Formula - 1 Avropa Qran-Pri" yarışlarında
asayişin və təhlükəsizliyin təmini sahəsində üzərlərinə düşən
vəzifələri layiqincə yerinə yetiriblər. O, qeyd edib ki, şəxsi
heyətin gərgin əməyi dövlətimizin başçısı tərəfindən növbəti dəfə
yüksək qiymətləndirilərək bir qrup əməkdaş dövlət mükafatları ilə
təltif olunub, ali xüsusi rütbələrə layiq görülüb.
Geniş məruzə ilə çıxış edən daxili işlər nazirinin birinci
müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib ki,
hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin
subyektləri üzrə 14.251 cinayət qeydə alınıb. Onların 94,2 faizi və
ya 13.429-u daxili işlər və prokurorluq orqanları tərəfindən
ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub. Bu
cinayətlərin 85,2 faizini böyük ictimai təhlükə törətməyən və az
ağır, yalnız 14,8 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.
Məqsədyönlü surətdə davam etdirilən profilaktik fəaliyyət
nəticəsində cinayətkarlığın dinamikasında son illər mövcud olan
müsbət təmayül də qorunub saxlanılıb.
Belə ki, şəxsiyyət əleyhinə olan cinayətlərin strukturunda
qəsdən adam öldürmələr 5,2 faiz, zorlamalar 16,7 faiz,
avtonəqliyyatın qaçırılması 13 faiz, xuliqanlıqlar 6,4 faiz,
yol-nəqliyyat hadisələri 13,4 faiz, qəzalarda həlak olanların sayı
25,3 faiz, xəsarət alanların sayı 13,2 faiz azalıb.
Qeyd olunub ki, cinayətlərin açılması sahəsində
əməliyyat-axtarış tədbirləri və prosessual fəaliyyət əvvəlki
illərdə olduğu kimi, kriminal qəsdlərin qurbanlarının pozulmuş
hüquqlarının və qanuni mənafelərinin bərpasına yönəlib.
Cinayətlərin açılması yaxşılaşaraq 84,4 faiz təşkil edib. O
cümlədən ağır və xüsusilə ağır cinayətlərin açılması 0,5 faiz,
şəxsiyyət əleyhinə olan cinayətlərin açılması 1,2 faiz, qəsdən adam
öldürməyə cəhdlərin açılması 2,3 faiz, qəsdən sağlamlığa ağır zərər
vurmaların açılması 1,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin
açılması 2,6 faiz, xuliqanlıqların açılması 2,4 faiz
yaxşılaşıb.
Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış
205, əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində "isti
izlərlə" isə 581 və ya müqayisə edilən dövrə nisbətdə 24,4 faiz çox
cinayət açılıb.
Polis general-leytenantı Vilayət Eyvazov bildirib ki, xidməti
funksiyaların həyata keçirilməsində müasir iş metodlarının, o
cümlədən informasiya texnologiyalarının tətbiqi də müsbət nəticələr
verib. "102" Zəng mərkəzinə daxil olan məlumatlar üzrə görülən
operativ tədbirlərlə 2759 hüquqazidd əməlin qarşısı alınıb, 2022
cinayət işi başlanılıb. "Təhlükəsiz şəhər" xidmətinin texniki
imkanları ilə 162 cinayət açılıb, 6366 yol-nəqliyyat qəzası,
piyadaların vurulması ilə nəticələnən 135 hadisə aşkarlanıb,
axtarışda olan 68 avtomobil saxlanılıb.
Cinayətlərdə təqsirləndirilən və şübhəli bilinən şəxslərin
axtarışının nəticələri 4,1 faiz yaxşılaşaraq istintaq və məhkəmə
orqanlarından yayınan 1536 nəfər tutulub. İnterpolun Milli Mərkəzi
Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 51 nəfərin və bu
təşkilata üzv ölkələr tərəfindən axtarılan 26 şəxsin yeri müəyyən
olunub. Ümumilikdə, axtarılanların 56,8 faizinin tutulması təmin
edilib.
Xidməti fəaliyyətdə böyük əhəmiyyət kəsb edən mütəşəkkil
cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış
tədbirləri ilə 611 ağır və xüsusilə ağır cinayət törətmiş 141
cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz olaraq odlu silah
saxlayan və daşıyan 90 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş
əməliyyat tədbirləri ilə 18 saxta pul hazırlama və satma cinayəti
aşkarlanıb. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 24.700
manat və 10 min ABŞ dolları olan 347 ədəd əskinas, habelə istifadə
müddəti ötmüş 13 tona yaxın yeyinti məhsulu və tikinti materialı
çıxarılıb.
Transmilli mütəşəkkil cinayətlərdən olan narkotiklərin qanunsuz
dövriyyəsinə qarşı mübarizə tədbirləri də səmərəli olmaqla, əsas
diqqətin qeyri-leqal dövriyyədən daha böyük çəkidə narkotik
vasitələrin çıxarılmasına yönəldiyi nəzərə çatdırılıb. Nəticədə
narkotiklərlə əlaqədar müəyyən edilmiş 1675, o cümlədən onların
satışı ilə bağlı 429 fakt üzrə ötən ilin 6 ayı ilə müqayisədə 177
kiloqram çox, bütövlükdə 609 kiloqram narkotik vasitə
götürülüb.
Həyata keçirilən əməliyyat və profilaktik tədbirlərlə 75
nəfərdən ibarət 31 cinayətkar qrup zərərsizləşdirilib, 62,8
kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə
gətirilməsinin qarşısı alınıb, ümumi çəkisi 102 tona yaxın olan
çətənə və xaş-xaş kolu aşkarlanaraq yaşıl kütlə halında məhv
edilib.
İnsan alverinə qarşı mübarizədə müvafiq qanunvericilik aktları
və Milli Fəaliyyət Planı əsasında görülən işlər də sistemli və
ardıcıl olub. Ötən ilin 6 ayı ilə müqayisədə 16,2 faiz çox, yaxud
93 insan alveri cinayəti müəyyən edilib. Bu faktlar üzrə
başlanılmış cinayət işlərinin istintaqı ilə 16 nəfər məhkəmə
məsuliyyətinə verilib, həmin əməllərin qurbanı olmuş 52 şəxsin
cəmiyyətə reinteqrasiyası təmin olunub.
Nazirin birinci müavini qeyd edib ki, kriminal təhdid və
çağırışlara qarşı cavab tədbirlərinin görülməsində, törədilmiş
əmələ görə cəzanın labüdlüyü prinsipinin reallaşmasında mühüm
funksiyaları həyata keçirən istintaq və ixtisaslaşmış təhqiqat
qurumları üzrə fəaliyyətin nəticələri də ümumən qənaətbəxş olub.
Prosessual fəaliyyətin əsas göstəricilərindən olan dövlətə, hüquqi
və fiziki şəxslərə dəymiş maddi ziyanın ödətdirilməsi işində də
müsbət təmayül müşahidə olunub və bu istiqamətdə işin nəticələri
7,9 faiz yaxşılaşaraq 85,6 faiz təşkil edib.
Cinayət xarakterli məlumatlara baxılmasında və qərarlar qəbul
edilməsində əhəmiyyətli rolu olan təhqiqatçıların iş həcmi isə cari
ilin 6 ayında təxminən 28 faiz artıb.
Məruzəçi bildirib ki, xidməti fəaliyyətin əsas istiqamətlərindən
biri olan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində
həyata keçirilən profilaktiki tədbirlər də müsbət nəticələr verib.
Belə ki, respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat
vasitələrinin sayının 15 mindən çox artması fonunda, yol-nəqliyyat
hadisələrinin, qəzalarda ölənlərin və xəsarət alanların sayı
nəzərəçarpacaq dərəcədə azalıb.
Konkret olaraq, 2015-cı ilin 6 ayı ilə müqayisədə hesabat
dövründə 25 faiz çox və ya 1.402.254 yol hərəkəti qaydaları
əleyhinə olan inzibati xəta aşkarlanıb. Bununla yanaşı,
avtomobilinin şüşələrinə pərdə və plyonka çəkilmiş 2.404 şəxs,
həmçinin nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 6.574
nəfər və avtoxuliqanlığa görə 183 sürücü barəsində qanunauyğun
tədbirlər görülüb. Həmin qayda pozuntuları ilə bağlı
qanunvericiliyin sərtləşdirilməsinin, məqsədli şəkildə aparılan
təbliğat işinin və keçirilən reydlərin nəticəsi olaraq, onların
sayında ilbəil azalma qeydə alınır.
Vətəndaşların şəxsiyyəti təsdiqləyən sənədlərlə təmini üzrə
fəaliyyət çərçivəsində 59,2 faiz çox, yəni 972.383 nəfərə şəxsiyyət
vəsiqəsi, 179.792 nəfərə isə ümumvətəndaş pasportu verilib.
Mühafizə xidmətləri tərəfindən qorunan obyektlərdə 94 oğurluq
hadisəsinin qarşısı alınmaqla 41 nəfər, habelə xidməti marşrutlarda
56 cinayət törətmiş 65 şəxs yaxalanıb.
Məruzədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və
qayğısı sayəsində daim təkmilləşən və inkişaf edən Daxili
Qoşunlarda xidməti-döyüş hazırlığının və səfərbərliyin
yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi, maddi-texniki
təchizatın və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində tədbirlərin planlı şəkildə davam etdirildiyi nəzərə
çatdırılıb.
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə
Prezidentinin qarşıya qoyduğu proqram vəzifələrin və zəruri
təşkilati-əməli tədbirlərin DİN rəhbərliyinin, xüsusən daxili işlər
nazirinin şəxsi nəzarəti altında cari ilin birinci yarısında da
yerinə yetirildiyi, hesabat dövründə 3 mindən çox, o cümlədən
qabaqcadan təsdiqlənmiş cədvəl əsasında respublikanın ayrı-ayrı
bölgələrində 2849 vətəndaşın qəbul edildiyi, qaldırılan məsələlərin
əksəriyyətinin yerində həll olunduğu vurğulanıb.
Polis general-leytenantı Vilayət Eyvazov dövlət başçısının
diqqət və qayğısı sayəsində şəxsi heyətin yüksək tələblərə cavab
verən şəraitdə xidmətinin təşkili, peşə hazırlığının artırılması,
maddi-texniki bazanın möhkəmləndirilməsi, müasir
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi,
infrastrukturun təkmilləşdirilməsi ilə bağlı görülən işlər barədə
də ətraflı məlumat verib.
Məruzə ətrafı çıxışlarda Nazirliyin ayrı-ayrı struktur
qurumlarının, şəhər, rayon polis orqanlarının rəisləri görülmüş
işlər, mövcud nöqsanların aradan qaldırılması üzrə qarşıda duran
vəzifələr barədə məlumat veriblər.
İclasa yekun vuran nazir Ramil Usubov hesabat dövründə
əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu,
qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini,
habelə cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin
təmin edilməsi sahəsində əməkdaşların və hərbi qulluqçuların yüksək
peşəkarlığı ilə fərqləndiyini, eləcə də digər hüquq-mühafizə
orqanları ilə birgə ölkədə daxili sabitliyin və asayişin qorunması
işinin hazırda da uğurla davam etdirildiyini bildirib.
Cinayətkarlığa qarşı mübarizə və ictimai qaydanın qorunmasında
şəxsi heyətin fəaliyyətini ümumilikdə qənaətbəxş hesab edən nazir,
bununla yanaşı, Kollegiya iştirakçılarının diqqətini həlli vacib
olan məsələlərə yönəldib, tapşırıq və tövsiyələrini verib.
Daxili işlər naziri deyib ki, daxili işlər orqanlarının
əməliyyat-xidməti fəaliyyətində olan nöqsan və çatışmazlıqlar qısa
müddətdə aradan qaldırılmalı, cinayətkarlığa qarşı mübarizədə əldə
olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi ciddi nəzarətdə
saxlanılmalı, şəxsi heyətin peşəkarlığının artırılması
istiqamətində tədbirlərin görülməsi davam etdirilməlidir.
Nazir əmin olduğunu bildirib ki, şəxsi heyət cinayətkarlığa
qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin
edilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin qarşıya qoyduğu vəzifələri, eləcə də ölkədə hüquq
qaydasının və qanunçuluğun möhkəmləndirilməsi, əməliyyat-xidməti
fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əmr və göstərişlərini tam
yerinə yetirəcək, sabitliyin, əmin-amanlığın, dövlətin, hüquqi və
fiziki şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən
qorunmasında qüvvə və bacarığını əsirgəməyəcək.