Rusiya Gümrü şəhərindəki 102-ci hərbi bazasını çıxarmaq istəsə, Ermənistan hökuməti buna etiraz etməyəcək.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
“Biz heç vaxt Rusiya hərbi bazası məsələsini müzakirəyə çıxarmamışıq. İndi məsələni müzakirəyə Rusiya çıxarıb və biz də bu müzakirə çərçivəsində mövqeyimizi müəyyənləşdiririk. Bəs nə edək, “Güclü Ermənistan”ın lideri (Samvel Karapetyan) kimi deyək ki, baza çıxarılsa, sahibsiz qalacağıq? Çıxarmaq istəyirlərsə, qoy çıxarsınlar.
2022-ci ilin sentyabr hadisələri göstərdi ki, 102-ci hərbi bazanın Ermənistanın təhlükəsizliyi üçün həyati əhəmiyyəti yoxdur. Elə bir hal olmayıb ki, bizim hansısa vəzifəli şəxsimiz hansısa rusiyalı vəzifəli şəxsin qarşısında belə bir məsələ qaldırsın və ya bu məsələni müzakirəyə çıxarsın. Əgər bazanı çıxarmaq qərarına gəlsələr, etiraz etməyəcəyik. 102-ci hərbi baza Ermənistanın təhlükəsizliyinə heç nə əlavə etmir. Əgər çıxarmaq istəmirlərsə, biz bu məsələni də müzakirə etməyə hazırıq”, - Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, Ermənistan balanslaşdırılmış və şaxəli xarici siyasəti həyata keçirir:
“Nəhayət, bizi KTMT-dən çıxmaqla hədələməyə ehtiyac yoxdur. Çıxarmaq istəyirlərsə, qoy çıxarsınlar. Çıxarmaq istəmirlərsə, qoy çıxarmasınlar”.