İlin sonuna qədər biz fəal işləməliyik ki, qarşıda duran
bütün vəzifələri icra edək. Bir daha qeyd etmək istəyirəm, ötən
altı ayın nəticələri göstərir ki, Azərbaycan 2016-cı ili də uğurla
başa vuracaq. Əlbəttə ki, biz əsas prioritet istiqamətlər üzrə
işimizi daha da təkmilləşdirməliyik.
Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər
Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan
iclasda yekun çıxışında bildirib.
Dövlət başçısı deyib: "Bu gün çıxışlarda da həm görülmüş və
görüləcək işlər, həm də əsas prioritet istiqamətlər haqqında
məlumatlar verildi. Əslində, bu gün çıxışlarda səslənən fikirlər
bizim gələcək fəaliyyətimizin istiqamətlərini müəyyən edir, yəni,
bir daha göstərir ki, sənaye potensialı və kənd təsərrüfatı gələcək
inkişaf üçün əsas rol oynayacaq. 2016-cı ilin birinci yarısının
iqtisadi göstəriciləri də çox ümidvericidir. Bir daha qeyd etmək
istəyirəm ki, qeyri-neft sənayemiz 2,4 faiz, kənd təsərrüfatı isə
3,1 faiz artıb. Ancaq əminəm ki, xüsusilə kənd təsərrüfatı
istehsalı ilin sonuna qədər daha da artacaq.
Sənaye istehsalı ilə bağlı həm iri layihələr icra edilir və eyni
zamanda, orta və kiçik sahibkarlığın inkişafı sənaye potensialımızı
daha da gücləndirəcəkdir. Mən iri layihələr arasında əlbəttə ki,
Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələri qeyd
etmək istəyirəm. Onların arasında SOCAR Polimer kompleksinin
tikintisi xüsusi yer tutur. Buraya böyük investisiya - təqribən 700
milyon dollardan çox sərmayə qoyulur. İki ildən sonra artıq bu
müəssisə hazır məhsul istehsal edəcək. İdxaldan asılılıq tamamilə
aradan götürüləcək və böyük ixrac potensialı yaranacaqdır. Gələcək
fəaliyyətimiz üçün bu, əsas istiqamət, prioritet olmalıdır.
İdxaldan maksimum dərəcədə asılılığımızı aradan götürmək, ixrac
potensialımızı artırmaq və bununla paralel olaraq, ixrac
bazarlarının araşdırılması və müəyyən edilməsi istiqamətində də
ciddi işlər aparılmalıdır. Əlbəttə, birjada satılan məhsullar üçün
bazar axtarmağa ehtiyac yoxdur. Ancaq digər məhsullar üçün biz indi
gərək rəqabətə girək. Çünki indi dünyada ixrac bazarları uğrunda
böyük rəqabət aparılır. Böyük dövlətlər, böyük firmalar artıq
bazarları böyük dərəcədə bölüblər. Ona görə bu bazarlara öz
məhsulumuzla girmək üçün gərək böyük səylər göstərək.
Eyni zamanda, 2018-ci ildə azot gübrələri zavodunun istismara
verilməsi planlaşdırılır. Bu da gübrələrə olan tələbatımızı tam
təmin edəcək, idxala artıq ehtiyac olmayacaq və böyük həcmdə ixrac
potensialı yaranacaqdır. Burada da üstünlük ondan ibarətdir ki, bu
məhsulların satışı ilə bağlı heç bir problem olmayacaq. O ki qaldı
polimer zavodunun fəaliyyətinə bu, birinci mərhələ olmalıdır. Ondan
sonra və bəlkə də indidən özəl sektor da qoşulmalıdır ki, artıq
onlar da hazır məhsul istehsalına başlasınlar. Çünki bu xammalın
istehsalı böyük imkanlar yaradır. Bu zavoddan faydalanan özəl
sektor çox cəld fəaliyyət göstərməlidir, çevik siyasət aparmalıdır.
Əgər lazım olarsa, tezliklə dövlətin dəstəyi ilə bir çox kiçik və
orta müəssisələr yaradılmalıdır ki, onlar Azərbaycanda hazır məhsul
istehsal etsinlər.
Digər iri sənaye müəssisələri yaradılır, yaradılacaq. Ancaq əgər
inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, orada
iqtisadi potensialı müəyyən edən orta və kiçik sahibkarlardır. Biz
də bu yolla getməliyik və sahibkarlığın inkişafı üçün əlavə
tədbirlər görüləcəkdir".