18:21
Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonunun
Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisi ilə bağlı
əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti
məlumat yayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. On iki min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini
birləşdirən Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun başa
çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il
dövlət büdcəsində "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunda
nəzərdə tutulmuş vəsaitdən 1,8 milyon (bir milyon səkkiz yüz min)
manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və "Azəravtoyol"
Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamın 1-ci hissəsində nəzərdə
tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş
qaydada təmin etsinlər".
***
19:30
İlham Əliyev "İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzinin Nizamnaməsi"ndə dəyişikliklər edilməsi
haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel
tarixli 879 nömrəli Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016, №4, maddə 684) ilə təsdiq edilmiş
"İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin
Nizamnaməsi"nə aşağıdakı məzmunda 2.2.1-1 – 2.2.1-4-cü yarımbəndlər
əlavə edilsin:
"2.2.1-1. dövlət qurumlarının sifarişi əsasında iqtisadi yönümlü
dövlət proqramlarının və strategiyaların, iqtisadi təşviq
layihələrinin texniki-iqtisadi əsaslandırılmasını və risk təhlilini
aparır, həmin layihələrlə bağlı maraqlı şəxslər arasında sorğular
keçirir;
2.2.1-2. dövlət qurumlarının sifarişi əsasında sənaye parkları,
məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətin, habelə
iqtisadi yönümlü dövlət proqramlarının monitorinqini və
qiymətləndirilməsini aparır;
2.2.1-3. dövlət qurumlarının sifarişi əsasında icra müddəti
bitmiş dövlət proqramlarının və dövlət investisiya layihələrinin
iqtisadi səmərəsini qiymətləndirir;
2.2.1-4. iqtisadi islahatlara dair təkliflərin hazırlanması və
həmin islahatların tətbiqi ilə əlaqədar sorğular keçirir və
istehlakçı məmnunluq reytinqlərini nəşr edir;".
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. iqtisadi təşviq layihələrinin monitorinqi və
qiymətləndirilməsi qaydasının layihəsini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
2.2. dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və
qiymətləndirilməsi qaydasının layihəsini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
2.3. bu Fərmanın 2.2.1-1 – 2.2.1-3-cü yarımbəndlərində nəzərdə
tutulan məqsədlər üçün müvafiq dövlət qurumları tərəfindən İqtisadi
İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə sifarişlərin
verilməsi və maliyyələşdirilməsi qaydasının layihəsini üç ay
müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
2.4. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
2.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".
***
İlham Əliyev metallurgiya kompleksində sağlamlaşdırma və
restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında
sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların
sürətləndirilməsi, ölkənin metallurgiya kompleksində sağlamlaşdırma
və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi, bu sahəyə
investisiyaların cəlb edilməsi məqsədi ilə "Azərbaycan
Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət
Proqramı"nın 2.2.19-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 aprel
tarixli 2875 nömrəli Sərəncamı ilə (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013, № 4, maddə 429; 2014, № 4, maddə 403;
2016, № 2 (II kitab), maddə 349) Azərbaycan Polad İstehsalı
Kompleksinə daxil edilmiş "Daşkəsən Filizsaflaşdırma" Açıq Səhmdar
Cəmiyyəti özəlləşdirməyə açıq elan edilsin və bu məqsədlə
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin
sərəncamına verilsin.
2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsi:
2.1. "Daşkəsən Filizsaflaşdırma" ASC-nin dövlətə məxsus
səhmlərinin investisiya müsabiqəsi vasitəsilə satışı üsulu ilə
özəlləşdirilməsini təmin etsin;
2.2. investisiya müsabiqəsinin dövlətin strateji maraqlarına
uyğun şərtlərlə və daha səmərəli keçirilməsi məqsədi ilə nüfuzlu
məsləhətçi şirkətin cəlb edilməsi ilə əlaqədar zəruri tədbirlər
görsün.
3. Müəyyən edilsin ki, bu Sərəncamın 2.1-ci bəndində göstərilən
səhmlərin özəlləşdirilməsində yerli investorlarla yanaşı xarici
investorların da iştirakına icazə verilir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi
və "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyəti
ilə birlikdə "Daşkəsən Filizsaflaşdırma" ASC-nin balansında olan
əmlakla Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilməsini
və bununla bağlı təhvil-təslim işlərinin bir ay müddətində başa
çatdırılmasını təmin etsin;
4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. "Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 aprel
tarixli 2875 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013, № 4, maddə 429; 2014, № 4, maddə 403;
2016, № 2 (II kitab), maddə 349) 3-cü hissəsi ləğv edilsin".
***
İlham Əliyev biznes mühitinin əlverişliliyinin
artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da
yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam
imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikasında iqtisadiyyatın davamlı və
rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli
fəaliyyət həyata keçirilir. Aparılan davamlı iqtisadi islahatlar və
iqtisadiyyatın diversifikasiyası siyasəti nəticəsində qeyri-neft
sektorunun inkişafı təmin edilmiş, bu sahədə əhəmiyyətli
irəliləyişlərə nail olunmuşdur.
Bu tədbirlərin davamı olaraq, növbəti dövrlərdə də
iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi və
sahibkarlığın inkişafına əsaslanan rəqabətqabiliyyətli milli
iqtisadiyyata çevrilməsi, biznes və investisiya mühitinin daha da
yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirmək əsas
strateji hədəflərdən biri kimi müəyyən edilmişdir.
Göstərilən hədəfə nail olmaq üçün dövlət tərəfindən ardıcıl
olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes
və investisiya mühitinin yaxşılaşdırılması, dövlət tənzimləməsinin,
o cümlədən inzibati qayda və prosedurların təkmilləşdirilməsi,
sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin
aradan qaldırılması, sahibkarlara dövlət dəstəyi və təşviq
mexanizmlərinin formalaşdırılması, rəqabətqabiliyyətliliyin və
ixrac imkanlarının genişləndirilməsi, ən yüksək beynəlxalq
standartlara uyğun olaraq elektron dövlət xidmətləri göstərilməsi
sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilmişdir.
Ölkədə sahibkarlığın inkişafı onun rəqabət qabiliyyətinin
artırılması istiqamətində dövlət tənzimləməsinin
təkmilləşdirilməsini, biznes və investisiya mühitinin
əlverişliliyinin daha da artırılmasını, ən qabaqcıl beynəlxalq
təcrübəyə uyğun daha da cəlbedici biznes və investisiya mühitinin
formalaşdırılmasını, mütərəqqi tənzimləmə və hüquqtətbiqetmə
praktikasına nail olunmasını zəruri edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq, ölkənin biznes və investisiya
mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün
cəlbediciliyini daha da artırmaq, sahibkarlıq sahəsində son illərdə
nail olunmuş sürətli inkişafın davamlığını təmin etmək və rəqabət
qabiliyyətini möhkəmləndirmək, beynəlxalq reytinqlərdə Azərbaycanın
mövqeyini daha da yaxşılaşdırmaq məqsədi ilə qərara alıram:
1. Aşağıdakı tərkibdə Komissiya və Komissiyanın Katibliyi
yaradılsın:
Komissiyanın sədri
Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci
müavini
Komissiyanın üzvləri:
Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat
naziri
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
Tahir Budaqov – Azərbaycan Respublikasının Dövlət Statistika
Komitəsinin sədri
İnam Kərimov – Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin sədri
Vüsal Qasımlı – İqtisadi İslahatların Təhlili və Kommunikasiyası
Mərkəzinin icraçı direktoru
Məmməd Musayev – Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının
prezidenti
Komissiyanın Katibliyinin rəhbəri
Elxan Mikayılov – Azərbaycan Respublikası Prezidentinin İqtisadi
islahatlar üzrə köməkçisi xidmətinin sektor müdiri.
2. Komissiyaya tapşırılsın:
2.1. bu Sərəncamın 1-ci bəndində qeyd olunan dövlət qurumlarının
hər birindən bir nümayəndə olmaqla, on gün müddətində Komissiyanın
Katibliyinin formalaşdırılmasını təmin etsin;
2.2. sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin
edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitini
yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq
reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün
qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsinə və bu
istiqamətdə digər zəruri tədbirlərin görülməsinə dair təkliflərini
iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
2.3. bu Sərəncamın 2.2-ci bəndində müəyyən olunmuş istiqamətlər
nəzərə alınmaqla, tədbirlər planının layihəsini hazırlayıb üç ay
müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin.
3. Müəyyən edilsin ki:
3.1. Komissiyanın cari fəaliyyətinin təşkili məqsədi ilə bu
Sərəncamın 1-ci hissəsinə əsasən yaradılan Komissiyanın
Katibliyinin üzvləri Komissiya üzvlərinin təklifi ilə, onların
təmsil etdiyi qurumların nümayəndələrindən ibarət olmaqla,
Komissiyanın sədri tərəfindən təsdiq olunur;
3.2. bu Sərəncamın 2.2-ci və 2.3-cü bəndlərində nəzərdə tutulmuş
təkliflərin və layihələrin hazırlanması işinə Komissiya tərəfindən
yerli və xarici ekspertlər, mütəxəssislər, beynəlxalq təşkilatlar
və elmi müəssisələr cəlb oluna, müxtəlif dövlət orqanlarının və
maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər
üzrə işçi qrupları yaradıla bilər.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu
Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
4.4. bu Sərəncamın 3.2-ci bəndində nəzərdə tutulmuş hallarda
Komissiyanın müraciəti əsasında maliyyələşdirmənin həyata
keçirilməsini təmin etsin;
4.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
6. Bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və
aidiyyəti dövlət qurumlarına tapşırılsın ki, bu Sərəncamdan irəli
gələn vəzifələrin icrası ilə bağlı Komissiyanın fəaliyyətinə lazımi
kömək göstərilməsini, onların müraciəti əsasında zəruri
məlumatların və sənədlərin təqdim olunmasını, habelə Komissiyanın
fəaliyyətində nümayəndələrinin iştirakını təmin etsinlər".
***
Prezident İlham Əliyev "Antidempinq, kompensasiya və
mühafizə tədbirləri haqqında" fərman imzalayıb.
Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Antidempinq,
kompensasiya və mühafizə tədbirləri haqqında" Azərbaycan
Respublikasının 2016-cı il 31 may tarixli 261-VQ nömrəli Qanununun
qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Antidempinq, kompensasiya və
mühafizə tədbirləri haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Antidempinq, kompensasiya və mühafizə
tədbirləri haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1. "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında"
Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində, 15.7-ci
maddəsinin birinci və ikinci cümlələrində, 16.1-ci maddəsinin
birinci cümləsində, 16.4-cü maddəsinin birinci cümləsində, 16.5,
16.11, 17.1-ci maddələrində, 17.4-cü maddəsinin birinci cümləsində,
17.5, 17.11, 18.2, 18.6, 19.2, 19.7, 20.3, 20.6, 23.1-ci
maddələrində, 23.4-cü maddəsinin ikinci cümləsində, 24.2, 24.3,
24.6, 25.2, 25.4-cü maddələrində və 27.18-ci maddəsinin birinci
cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti
həyata keçirir;
3.2. həmin Qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq
icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;
3.3. həmin Qanunun 27.15-ci maddəsində nəzərdə tutulmuş müvafiq
icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan
Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata
keçirirlər".
***
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında
dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət
Proqramı"nda dəyişikliklər edilməsi haqqında fərman
imzalayıb.
Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq, dövlət müəssisələrinin və hüquqi
şəxslərin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin (payların)
idarə edilməsinin səmərəliliyinin artırılması məqsədi ilə qərara
alıram:
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli
586 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007, № 6, maddə 599; 2009, № 3, maddə 163; 2010, № 2,
maddə 80, № 7, maddə 610; 2014, № 5, maddə 477) ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin
təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nda aşağıdakı dəyişikliklər
edilsin:
1. 7.9.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 7.9.4-cü yarımbənd
əlavə olunsun:
"7.9.4. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən
edilmiş hallar istisna olmaqla, nizamnamə kapitalında dövlətin payı
olan səhmdar cəmiyyətlərinin və birgə müəssisələrin idarəetmə
orqanlarında dövlətin nümayəndəsini təyin edir.".
2. 9.2-ci bəndin birinci və ikinci cümlələri aşağıdakı
redaksiyada verilsin:
"Dövlət müəssisələrində dövlət əmlakının qorunub saxlanılmasına
və ondan təyinatı üzrə səmərəli istifadə olunmasına, daşınmaz
dövlət əmlakının təyinatının dəyişdirilməsinə nəzarət Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata
keçirilir. Nəzarətin həyata keçirilməsi məqsədi ilə dövlət
orqanları, sahə mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq,
bütün dövlət müəssisələri təsdiq olunmuş forma üzrə hər ilin
əvvəlinə xüsusi hesabatlarını 1 aprel tarixindən gec olmayaraq,
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə
təqdim etməlidirlər.".
3. 9.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
"9.3. Dövlət əmlakının idarə edilməsinə və ondan səmərəli
istifadə olunmasına nəzarət etmək məqsədi ilə Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, tabeliyindən və
sahə mənsubiyyətindən asılı olmayaraq, dövlət müəssisələrində,
nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərdə
monitorinq və araşdırmalar aparır, onların nəticəsi barədə
Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə, həmçinin müvafiq dövlət
orqanlarına məlumat verir."
***
Prezident İlham Əliyev "Hərbi qulluqçuların dövlət
icbari şəxsi sığortası haqqında" fərmana dəyişiklik edilməsi barədə
fərman imzalayıb.
Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq, "Hərbi qulluqçuların dövlət icbari
şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016 cı il 4
mart tarixli 149-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara
alıram:
"Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında"
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli
620 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1997, № 5, maddə 400; 2002, № 8, maddə 478; 2004, № 1,
maddə 19; 2005, № 12, maddə 1105; 2006, № 12, maddə 1034; 2008, №
8, maddə 719; 2013, № 12, maddə 1526) 2-ci hissəsinin dördüncü
abzasından "Maliyyə Nazirliyi," sözləri çıxarılsın".