Azərbaycan Prezidenti İlham Əliyev akademik İsmayıl
İbrahimovun vəfatı ilə bağlı nekroloq imzalayıb.
Axar.az xəbər verir ki, nekroloqun mətnini təqdim edir:
"Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın
tanınmış alimi və ictimai xadimi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ
Dövlət Mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının
həqiqi üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdçüsü, əməkdar elm xadimi, texnika elmləri doktoru, professor
İsmayıl Əli oğlu İbrahimov 2016-cı il iyulun 16-da ömrünün 101-ci
ilində vəfat etmişdir.
İsmayıl İbrahimov 1915-ci il dekabr ayının 31-də Azərbaycanın
Ordubad şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra
o, 1930–1935-ci illərdə Bakı şəhərində Sənaye Politexnik
Texnikumunun mexanika fakültəsində oxumuş, 1935–1941-ci illərdə isə
Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsində ali təhsil
almışdır.
1941-ci ildə Azərbaycan Baş Energetika İdarəsində əmək
fəaliyyətinə böyük mühəndis olaraq başlayan İsmayıl İbrahimov elə
həmin il ordu sıralarına çağırılaraq 1942-ci ilədək Budyonnı adına
Hərbi-Elektrotexniki Rabitə Akademiyasında təhsil almışdır. O,
döyüşən ordu sıralarına göndərilmiş və cəbhədə bacarıqlı hərbi
mütəxəssis kimi fərqlənərək batalyon komandirliyinə qədər
yüksəlmişdir.
İsmayıl İbrahimov İkinci Dünya müharibəsindən qayıtdıqdan sonra
1946–1988-ci illərdə Azərbaycan Sənaye İnstitutunda baş laborant,
assistent, baş müəllim, dosent, professor və kafedra müdiri
işləmişdir. O, 1960–1970-ci illərdə Azərbaycan Neft və Kimya
İnstitutunun rektoru vəzifəsini tutmuşdur. 1970-ci ildə Azərbaycan
SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli
çəkilən İsmayıl İbrahimov 1978-ci ildə yenidən Azərbaycan Neft və
Kimya İnstitutunun rektoru təyin olunmuş və 1988-ci ilədək həmin
vəzifədə çalışmışdır. O, 1997-ci ildən ömrünün sonunadək Azərbaycan
Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda baş
elmi işçi vəzifəsində çalışmışdır.
İsmayıl İbrahimov 1952-ci ildə texniki elmlər üzrə namizədlik,
1964-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmiş, 1968-ci
ildə isə professor adını almışdır. O elə həmin ildə Azərbaycan
Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü
seçilmişdir.
Akademik İsmayıl İbrahimov uzun illər ərzində səmərəli elmi
fəaliyyəti sayəsində Azərbaycanda kibernetika, idarəetmə
sistemləri, avtomatlaşdırma və informasiya texnologiyalarının
inkişafında mühüm xidmətlər göstərmişdir. Alim özünün çoxillik elmi
yaradıcılığı ilə ölkədə neftayırma, neft-kimya emal qurğu və
proseslərinin kompleks avtomatlaşdırılması üzrə sxemlərin işlənib
hazırlanaraq sənayedə tətbiqi işinə töhfələr vermişdir. Bu
tədqiqatlar istehsalatın səmərəliliyinin yüksəldilməsi üçün lazımi
zəmin yaratmışdır. İsmayıl İbrahimov 140-dan artıq elmi əsərin, o
cümlədən 20-dək monoqrafiyanın, elmi-metodiki vəsait və
dərsliklərin müəllifi idi. Alimin rəhbərliyi altında 40-dan çox
fəlsəfə və elmlər doktorları hazırlanmışdır. O, bir sıra mötəbər
beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları ilə ölkə
elmini layiqincə təmsil etmişdir.
İsmayıl İbrahimov elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə
ahəngdar şəkildə əlaqələndirmişdir. Alim respublikada və onun
hüdudlarından kənarda tanınan mötəbər bir ali təhsil ocağına
rəhbərlik etdiyi illər ərzində neftçi kadrların yetişdirilməsi və
Azərbaycanın "neft akademiyası" kimi şöhrətinin artırılmasında
böyük xidmətlər göstərmişdir.
İsmayıl İbrahimovun ictimai fəaliyyəti də zəngin və təqdirə
layiqdir. O, bir neçə çağırış Azərbaycan və SSRİ Ali Sovetinin
deputatı seçilmiş, uzun müddət Azərbaycan Uşaq Fondunun İdarə
Heyətinin sədri olmuşdur. Alimin fədakar əməyi yüksək
qiymətləndirilmişdir. O, müxtəlif orden və medallar almış, müstəqil
Azərbaycan Respublikasının ali təltiflərindən olan "Şərəf" ordeninə
layiq görülmüşdür.
Tanınmış ictimai xadim, alim və pedaqoq İsmayıl Əli oğlu
İbrahimovun xatirəsi onu tanıyanların qəlbində həmişə
yaşayacaq".
Allah rəhmət eləsin!
İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Akif Əlizadə
Mikayıl Cabbarov
Arif Mehdiyev
Arif Paşayev
İsa Həbibbəyli
Tofiq Nağıyev
İbrahim Quliyev
Rasim Əliquliyev
Telman Əliyev
Maqsud Əliyev
Çingiz Qacar
Mustafa Babanlı.