Hazırda Sumqayıt Kimya Sənaye Parkına yeni rezidentlərin
çəlb edilməsi istiqamətində bir sıra şirkətlərlə danışıqlar
aparılır.
Axar.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu
barədə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan
iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası
ilə bağlı nazirliyin struktur bölmələrinin və tabeliyindəki
qurumların rəhbərlərinin iştirakı ilə keçirilən geniş kollegiya
iclasında qeyd olunub.
Bildirilib ki, bu günədək Sumqayıt Kimya Sənyae Parkının
rezidentlərinin müraciətləri əsasında 30 təsdiqedici sənəd
hazırlanıb və İqtisadiyyat Nazirliyində təsdiq edilərək müraciət
edənə və müvafiq gömrük orqanlarına təqdim edilib ki, bunun
nəticəsində rezidentlər 20 milyon manatadək vəsaitə qənaət
ediblər.
Ümumilikdə, Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin
layihələri əsasında cəlb olunan investisiyaların həcmi 1,1 mlrd.
ABŞ dolları təşkil edəcək.
Vurğulanıb ki, Prezident İlham Əliyevin sənayeləşmə siyasətinə
uyğun olaraq, qeyri-neft sənayesində müasir və ixracyönümlü
məhsullar istehsal edən müəssisələrin yaradılmasına dövlət dəstəyi
tədbirləri daha da gücləndirilib: "Müasir texnologiyalara və
qabaqcıl təcrübəyə əsaslanan yenimüəssisələrin yaradılması ilə
Azərbaycanda istehsal edilən sənaye məhsullarının çeşidi artır,
rəqabətqabiliyyətliyi yüksəlir. Hazırda ölkəmizdə fəaliyyət
göstərən sənaye müəssisələrində ərzaq məhsulları, müxtəlif tikinti
materialları, avtomobil, kompüter, günəş batareyaları, elektrik
avadanlıqları, mebel və s. istehsal olunur, bir çox sənaye
məhsulları üzrə Azərbaycan özünü təmin edir. İstehsalda yerli
xammalın xüsusi çəkisinin artırılması istiqamətində sistemli tədbir
görülür. Son dövrlərdə yaradılan tikinti materilalları istehsalı
sahələri - sement, gips əsaslı məhsullar, hörgü blokları, metal
konstruksiyalar istehsalı, eləcə də elektrik avadanlıqları və
elektrik kabellləri, iri qabaritli transfarmatorlar istehsalı
daxili tələbatı tam ödəməyə yanaşı, xarici bazarlara ixrac etmək
imkanı yaradır. Hazırda tikintisi həyata keçirilən polimer, əhəng
istehsalı və fasad məmulatları müəssisələri bu sahələrdə də özünü
təminat səviyyəsini yüksəldəcək".
İclasda sənaye parkları və məhəllələrinin bu sahədəki əhəmiyyəti
diqqətə çatdırılıb, Sumqayıt Kimya Sənaye, Balaxanı, Mingəçevir və
Qaradağ sənaye parklarında görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, hazırda Sumqayıt Kimya Sənaye Parkının (SKSP) 167
hektar ərazisində yeraltı infrastruktur şəbəkəsinin tikintisi, o
cümlədən parkın əsas giriş yolunun, yeraltı texniki qalereyanın,
ərazidaxili qaz, su və kanalizasiya xətlərinin, eləcə də kimyəvi
tullantı suyu xətlərinin, ərazidaxili məişət tullantı suyu və yağış
suyu şəbəkəsinin, yanğına qarşı, içməli və texniki su xətlərinin
tikinti-quraşdırma işləri tamamlanıb, əlavə olaraq ayrılmış 127,96
hektar ərazidə söküntü və düzənlənmə işləri başa çatdırılıb.
Ümumiyyətlə, Sənaye Parkının daxili avtomobil yollarının, Peşə
Tədris Mərkəzinin, xarici elektrik verilişi və ərazidaxili elektrik
xətlərinin, 110 kV-luq yarımstansiyanın tikinti-quraşdırma işləri
davam etdirilir. Xarici elektrik verilişi xətlərinın və
yarımstansiyanın tikintisi bu ilin noyabrında tamamlanacaqdır.
Hazırda Sumqayıt Kimya Sənaye Parkının 8 rezidenti var.
Qeyd olunub ki, tikintisi davam etdirilən Karbamid zavodu kənd
təsərrüfatının inkişafında xüsusi əhəmiyyət kəsb etməklə, azot
gübrəsinə olan tələbatı tam ödəyəcək. Layihənin dəyəri 900 mln.
avrodur. Hazırda zavodun tikintisinə 2300 nəfər cəlb olunub.
Müəssisənin 2018-ci ilin ilk aylarında istifadəyə verilməsi nəzərdə
tutulur.