Azərbaycanda bir gündə 7 nəfər dənizdə batıb. Çimərlik
mövsümü başlayandan bu günə qədər isə suda boğulanların sayı 20-ni
ötüb.
Azərbaycanlılar suda niyə boğulur?
Niyə Xəzər dənizi sahilində yaşayan xalqın nümayəndələri suda
batırlar? Müxtəlif ekspertlərin rəylərinə görə, suda boğulma
hallarının çox hissəsi spirtli içkinin təsiri altında suya girməyə
görə baş verir. Çimərlik üçün nəzərdə tutulmayan ərazilərdə boğulma
halları da çoxluq təşkil edir.
Bəs əhalimiz üzgüçülük vərdişlərinə yiyələnə
bilirmi?
Bu sualın cavabı dənizdə batanların sayında özünü göstərir.
Azərbaycan əhalisinin böyük əksəriyyəti üzgüçülük vərdişlərinə
sahib deyil! Əhalinin maddi durumu ilboyu fəaliyyətdə olan
üzgüçülük hovuzlarına gedib üzgüçülük dərsləri almağa imkan
vermir.
Bəs suda boğulma zamanı nə etmək lazımdır?
Üzgüçülük instruktoru Azər Əhmədov deyir ki, çimərliklərdə, su
hövzələrində boğulma halları zamanı ilk dəqiqələrdə
zərərçəkmişlərin 90 faizini, 6-7 dəqiqə sonra isə təxminən 3
faizini xilas etmək mümkün olur. Suda boğulma zamanı ölüm tənəffüs
yollarının su ilə tutulması, havanın ağciyərlərə daxil ola
bilməməsi və nəticədə orqanizmdə oksigen çatışmazlığı nəticəsində
yaranır. Boğulmuş şəxsin dərisi göyərmiş olur, ağzından və
burnundan köpüklü maye gəlir.
Onun sözlərinə görə, suda boğulanın qeyri-iradi, təlaşlı
hərəkətlərindən xilas olmaq üçün aktiv üsullardan biri də onu suya
batırmaqdır. Belə bir şəraitdə o, suyun üzərinə qalxmaq üçün yardım
göstərən şəxsi buraxmağa məcbur olur. Bundan sonra yardım göstərən
şəxs suya baş vurmalı, boğulan şəxsi tapıb onun əlindən,
saçlarından yapışıb təkan verməklə onunla birlikdə suyun üzərinə
qalxmalıdır. Bu zaman yardım göstərən şəxs sərbəst qalan əli və
ayaqları ilə intensiv hərəkət edib üzməlidir.
Boğulan şəxsə sahilə çıxarıldıqdan sonra onun vəziyyətindən
asılı olaraq ilk yardım göstərilir. Zərərçəkmiş özünə gəlibsə, onu
sərt yerdə uzatmaq və isti içkilər vermək lazımdır. Zərərçəkmişin
huşu özündə deyilsə, ona süni nəfəs verilməlidir. Daha sonra onu
üzü üstə tutmaq lazımdır ki, ciyərlərinə dolmuş su çıxsın. Yardım
göstərən ayağını dizdən bükərək zərərçəkmişin qarnı üstə qoyub əli
ilə onun kürəkləri arasındakı sahəyə güclü şəkildə təzyiq etməklə
tənəffüs yollarından suyu xaric etməlidir. Bu əməliyyat süni
tənəffüsün verilməsinin gecikdirilməməsi üçün 10-15 saniyədən çox
çəkməməlidir. Əgər ilk yardım gecikdirilməyibsə, suda boğulma
zamanı ağciyərlərdə ödəm yarandığına görə ağır boğulma halları 1
həftəyə sağalır. Boğulmuş şəxs xəstəxanaya xərəkdə üzü üstə
aparılmalı və nəzarətdə olmalıdır.
Batanların 90 faizi kasıblardır!
Ötən il Ümumdünya Səhiyyə Təşkilatı suda boğulma halları ilə
bağlı çox maraqlı bir hesabat yaymışdı. Həmin hesabatın müəllifi
Devid Meddinq apardığı araşdırmaların sonucu olaraq çox maraqlı bir
nəticəyə gəlmişdi. Məlum olmuşdu ki, hər il dünya üzrə suda boğulan
372 min nəfərin 90 faizi aşağı və orta gəlirli ölkələrin
vətəndaşlarıdır. Hesabatdan belə aydın olur ki, varlıların su
hovuzlarına əlinin çatması, oralarda isə xilasedicilərin olması
suda boğulma riskini son dərəcə azaldır.
"İnkişaf etmiş ölkələrdə su ilə əlaqə üzmək, istirahət etmək,
sərinləmək üçündür. Lakin aşağı gəlirli ölkələrdə insanlar üçün su
ailələrini dolandırmaları üçündür", - deyə, hesabatın müəllifi
Devid Meddinqin qeyd edir.
Dövlət Sularda Xilasetmə Xidməti nə deyir?
Dövlət Sularda Xilasetmə Xidmətinin Xilasetmə və dalğıc işləri
üzrə şöbəsinin müdiri Elsevər Həsənov deyib ki, hər il çimərlik
mövsümünün əvvəlindən sonuna qədər əhalini qeyri-çimərliklərdə
üzməmək, qadağanedici şarlardan uzaq getməmək barədə xəbərdar
edirlər. Suda boğulmalara əsas səbəb üzə bilməmək, küləkli hava
şəraitində üzməyə cəhd etmə, qeyri-çimərlik ərazilərdə, qayalıq,
müxtəlif dəmir-beton, konstruksiya olan ərazilərdə çimməkdir:
"Qeyri-çimərlik ərazilər, yəni çimmək qadağan olunan ərazilərdə
Dövlət Sularda Xilasetmə Xidmətinin məntəqələri fəaliyyət
göstərmir. Bakı-Abşeron yarımadasında, Sumqayıt şəhərində Dövlət
Sularda Xilasetmə Xidmətinin 25 struktur bölməsi fəaliyyət
göstərir. Respublika üzrə ümumilikdə 45 xilasetmə məntəqəsi
var".
E.Həsənov vətəndaşlara məsləhət görür ki, üzmək üçün qoyulmuş
xəbərdarlıq şarlarını keçməsinlər, məlumatlandırıcı, xəbərdaredici
nişanların tələblərinə əməl etsinlər, sərxoş vəziyyətdə suya
girməsinlər. Xüsusilə küləkli havada suya girməsinlər. Ümumiyyətlə,
Dövlət Sularda Xilasetmə Xidmətinin müəyyən qaydaları var ki, o
qaydalara riayət edildiyi halda təhlükəsiz şəkildə istirahət etmək
mümkündür: "Biz əhalini xilasetmə məntəqələri olan ərazidə
istirahət etməyə, çimməyə dəvət edirik.
Bu ərazilərdə vətəndaşların həyatı üçün təhlükə yoxdur.
Qeyri-çimərlik ərazilərinə, silsilə qayalıq olan yerlərə üz
tutmasınlar. Həmin ərazilərdə suda boğulmaq riski böyükdür. Çünki
sualtı axınlar güclüdür, tez-tez burulğanlar əmələ gəlir. O,
ərazilərdə xilasedicilər də yoxdur. Hadisə olanda da hadisə yeri,
hadisə zamanı boğulanların sayı haqda məlumatlar da xilasedicilərə
gec çatır və suda boğulanları xilas etmək çox vaxt mümkün olmur.
Xilasetmə məntəqələrində 24 saat növbətçilik aparılır. Ancaq səhər
9-dan axşam 8-ə qədər vətəndaşlar daha təhlükəsizlik şəkildə
istirahət edə bilərlər. 8-də xilasetmə texnika və vasitələri sudan
çıxarılır və vətəndaşlara səsgücləndiricilər vasitəsilə xəbərdarlıq
edilir ki, artıq qaranlıq düşdüyünə görə sudan çıxsınlar. Günün
qaranlıq saatlarında suda boğulmalar baş verir, bəzən çimərliyə
gələn şəxslər yanlarında gətirdikləri azyaşlı uşaqları unudurlar.
İfrat dərəcədə istirahətə kökləndikləri üçün uşaqlar yaddan çıxır.
Sonra xilasedici bilmir uşağı suda axtarsın, yoxsa sahildə.
Valideyn özü də bilmir ki, uşağı dənizdə nəzarətsiz qoyub, yoxsa
sahildə. Əsas problemlərdən biri də azyaşlı uşaqların nəzarətsiz
buraxılmasıdır. Suda batmaq təhlükəsi ilə üz-üzə qalanlar əsasən
gənclər və yeniyetmələrdir. Əsasən yeniyetmə və gənclər
xilasedicilərin haqlı tələblərinə əhəmiyyət vermirlər. Bu da əksər
vaxt onların həyatlarını itirməsi ilə nəticələnir". Dövlət Sularda
Xilasetmə Xidmətinin üzərinə düşən vəzifələrdən biri də
çimərliklərdə təhlükəsizlik tədbirlərini həyata keçirməkdən
ibarətdir. Belə ki, çimərlik mövsümü başlamazdan əvvəl çimmək üçün
ayrılmış sahələrdə sualtı təmizləmə işləri aparılır. Təhlükəsiz
ərazi məhdudlaşdırıcı şarlar vasitəsi ilə çəpərə alınır.
İşarələnmiş təhlükəsiz ərazidə suyun sahildən uzaqlaşma dərinliyi
böyüklər üçün 1,75 metr, uşaqlar üçün isə 0,70 metrdir.
E.Həsənov onu da bildirib ki, könüllü şəkildə xilasetmə
işlərində iştirak etmək istəyən şəxsləri xilasetmə işlərinə cəlb
edirlər: "Belə istəyi olan şəxslər, Xəzər sahilində yaşayan, dənizə
bağlı şəxslər müraciət edəndə müəyyən yoxlamalardan keçirib,
təmənnasız olaraq üzgüçülüyün sirlərini öyrədib xilasetmə işlərinin
incəliklərini izah edib işə cəlb edirik".
E.Həsənov deyib ki, mövsüm başlayandan bu günə qədər 74 nəfər
suda boğulan şəxsi xilas ediblər.
Musavat.com