Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə
təşkilatçılığı ilə keçirilən "Multikulturalizm Azərbaycanda həyat
tərzi kimi: milli və dini dəyərlər" adlı III Beynəlxalq
multikulturalizm məktəbinin başa çatması ilə əlaqədar iyulun 26-da
mətbuat konfransı keçirilib.
Axar.a xəbər verir ki, mətbuat konfransında BBMM-in əməkdaşı
Sevinc Mürvətqızı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
həyata keçirdiyi çoxsaylı əhəmiyyətli tədbirlərdən birinin də
beynəlxalq multikulturalizm qış və yay məktəbləri olduğunu
bildirib. "Bu layihə BBMM-in "Azərbaycan multikulturalizmi fənninin
xaricdə və ölkə universitetlərində tədrisi" layihəsinin davamıdır.
Hazırda dünyanın 13, ölkəmizin 28 ali məktəbində Azərbaycan
multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay
məktəblərinin məqsədi gənclərin nəzəri şəkildə öyrəndikləri
multikultural və tolerant dəyərlərimizi ölkəmizdə öz gözləri ilə
görüb şahid olmalarına şərait yaratmaqdır. Bu layihə nəticəsində
Azərbaycana olan maraq əyani tanışlıqdan sonra zamanla ölkəmizə
sevgiyə çevrilir, bununla da yeni dostluqların, əməkdaşlıqların
təməli qoyulur", - deyə o qeyd edib.
Qeyd edilib ki, iyulun 18-27-də Prezident İlham Əliyevin
tövsiyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə
təşkilatçılığı ilə "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi:
milli və dini dəyərlər" adlı III Beynəlxalq multikulturalizm yay
məktəbi fəaliyyət göstərib. Yay məktəbinin iştirakçıları
Azərbaycanın Qəbələ, İsmayıllı, Şəki, Qax, Oğuz, eləcə də Nic,
Lahıc, İvanovka, Oğuzdakı "Yəhudilər məhəlləsi" kimi unikal
multietnik bölgələrində olublar. III Beynəlxalq multikulturalizm
məktəbində Çin, İndoneziya, Almaniya, Polşa, Litva, Çexiya,
Ukrayna, İsveçrə, Türkiyə, Bolqarıstan, Rusiya, Yunanıstan,
Qırğızıstan, Gürcüstan və Yəmən olmaqla, 15 xarici ölkənin 16
nüfuzlu universitetindən 31 xarici tələbə, Azərbaycanın 12 tanınmış
ali təhsil müəssisəsindən 19 azərbaycanlı tələbə iştirak edib.
Diqqətə çatdırılıb ki, yay məktəbi ərzində tələbələr
Azərbaycandakı dini və milli dəyərlərin təbliğinə və təşviqinə həsr
olunan "dəyirmi masa", konfrans və toplantılarda iştirak edib,
yerli alimlərlə yanaşı, ABŞ və İngiltərədən gəlmiş xarici
mütəxəssislərin mühazirələrini dinləyiblər. Layihənin sonunda
Litvadan olan tələbə Salomeya Lukaite və Yunanıstandan Dimitrios
Asproulis onların öz təşəbbüsləri ilə yaratdıqları "Azərbaycanın
gənc dostları" beynəlxalq klubunu təqdim ediblər. Sözügedən klubun
üzvlüyündə indiyədək ölkəmizdə təşkil olunmuş beynəlxalq
multikulturalizm məktəblərinin xarici tələbələri, eləcə də 13
xarici ölkədəki universitetlərdə Azərbaycan multikulturalizmi
fənninin tədris olunduğu fakültələrin dinləyiciləri təmsil
olunacaqlar. Bu klub üzvü olan hər bir xarici gənc üçün
Azərbaycanda təhsil imkanları yaradacaq, onların ölkəmizlə bağlı
aparacaqları tədqiqatlarda onlara yardımçı olacaq, Azərbaycan
dilinin və mədəniyyətinin öyrənilməsində hər bir üzvə kömək
göstərəcək. "Azərbaycanın gənc dostları" beynəlxalq klubunun yenicə
fəaliyyətə başlayan internet saytı (www.youngfriends.az) da
var.