Dünən "Anatolia" otelində Azərbaycan Yaradcılıq Fondunun
rəhbərliyi və "Multikulturalizm" jurnalının redaksiya heyəti ilə
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə
təşkilatçılığı ilə fəaliyyət göstərən "Multikulturalizm
Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər" adlı III
Beynəlxalq multikulturalizm məktəbi iştirakçılarının görüşü
keçirilib.
Sim-sim.az xəbər
verir ki, tədbiri giriş sözü ilə açan Azərbayca Yaradıcılıq
Fondunun rəhbəri Qismət Rüstəmov qonaqları salamlayaraq, onları
ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
Qismət Rüstəmov Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı
abidəsi olan "Kitabi-Dədə Qorqud"un "Basatın Təpəgözü öldürdüyü
boy"unun alman şərqşünası, türkoloq, diplomat Fridrix fon Dits
tərəfindən tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə
tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunmuş
"Kitabi-Dədə Qorqud və Fridrix fon Dits – 200", "Azərbaycan
multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabları, eyni
zamanda Azərbaycan Yaradıcılıq Fondunun nəşrləri haqqında tədbir
iştirakçılarına ətraflı məlumat verib.
Azərbaycan Yaradcılıq Fondunun Sim-sim.az saytı haqqında da danışan
Qismət Rüstəmov tədbir iştirakçılarını saytla əməkdaşlığa dəvət
edib. Qismət Rüstəmov Azərbaycan ədəbiyyatı haqqında da tədbir
iştirakçılarını məlumatlandıraraq bildirib ki, müstəqillik dövründə
Azərbaycanda tamam fərqli, yeni ədəbiyyat yaranmaqdadır.
"Multikulturalizm" jurnalı haqqında məlumat verən jurnalın baş
redaktoru Fəxri Uğurlu qeyd edib ki, jurnalın nəşr olunmasında
məqsəd Azərbaycanda əsrlərdən bəri formalaşmış tolerantlıq
ənənələrini təbliğ etmək, ölkəmizdə hökm sürən multikultural mühitə
töhfə verməkdir. Fəxri Uğurlu bildirib ki, "Multikulturalizm"
jurnalı öz fəaliyyətini Azərbaycan Prezidentinin müvafiq
sərəncamlarında vurğulanmış dəyərlərin qorunub təbliğ olunması
istiqamətində qurur.
Tədbirdə iştirak edən əcnəbi gənclər Azərbaycanda gördükləri
tolerant mühitdən danışıblar, ölkəmizin multikultural dəyərlərə
sahib çıxdığını vurğulayıblar. Gənclər ölkələrindəki hazırkı ədəbi
mühit haqqında da məlumat veriblər.
Tədbirin sonunda BBMM-in nəzdində fəaliyyət göstərən "Kultura+"
internet televiziyasının fəaliyyətini əks etdirən video çarx
nümayiş etdirilib.