Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb, onların
problemləri ilə maraqlanıb.
Axar.az xəbər verir ki, millət vəkili sakinlərlə görüş zamanı
ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və
əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq,
onların Bakıda və ya rayonda xəstəxanalara yerləşdirilməsini təşkil
edib.
Millət vəkili həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud
insanların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər ünvanlayıb.
Sakinlər millət vəkili ilə görüşdə ön cəbhə rayonlarında ünvanlı
sosial yardıma ehtiyacı olan insanların daha çox olduğunu,
özəlliklə yeni iş yerlərinin artmasına xidmət edən layihələrin
vacibliyini xüsusi vurğulayıblar.
Bəzi təkliflərin parlamentdə səsləndiriləcəyini deyən millət
vəkili Qənirə Paşayeva Tovuzda şəhid Nağı Əmiraslanov adına Düz
Qırıqlı kənd orta məktəbini də ziyarət edib, müəllimlərin
problemləri ilə maraqlanıb.
Müəllimlər şəhidimizin adını daşıyan orta məktəbin artıq 91
ildir fəaliyyət göstərdiyini və binanın vəziyyətinin təhsil üçün
çox yararsız olduğunu diqqətə çatdırıblar.
Q.Paşayeva məktəbin tikintisi üçün hökumətə və Təhsil
Nazirliyinə müraciət etdiyini və problemin yaxın zamanda öz həllini
tapması üçün şəxsən təkrar Təhsil naziri Mikayıl Cabbarova müraciət
edəcəyini vurğulayıb.