Xalqımızı yox etməyə çalışırlar
"Krım tatarları 1941-1945-ci illər arasında Alman işğalı
altında olan Krımdan, II Dünya müharibəsindən sonra isə 1944-cü
ildə bu vaxta qədər almanlarla "iş birliyi" içində olduğu əsas
gətirilərək Sovet hökuməti tərəfindən Özbəkistan və başqa Sovet
ölkələrinə toplu şəkildə sürgün edilib".
Bu sözləri "Axar.az"a Səmərqənddə doğulub
2003-ci ildə Krıma dönən və Mühəndislik və Pedaqogika
Universitetində Türk dili üzrə təhsil alan Gözəl İsmayılova deyib.
Gözəl xanım Krım tatarıdır.
"O vaxt, ümumən, 193.865 Krım tatarı sürgün edilib. 1944-cü ilin
mayından oktyabrın 10-na qədər Özbəkistana sürgün edilən Krım
tatarlarından 10.105 nəfəri aclıqdan ölüb. Bu da rusların işidir.
Xalqımızı yox etməyə çalışırlar. Babam gündəliklərindən birində
belə yazıb: "Krım kimə qaldı? Haram kafirlərə". Krım tatarları
evlərindən çıxarıldıqdan sonra tatarların torpağına, evlərinə
Rusiyanın ən şərəfsiz tipləri gətirildi, həbsxanalardan, küçələrdən
toplayıb səfilləri Krıma yerləşdirdilər. İndi də o insanların
uşaqları, nəvələri Krımın rusların olduğunu deyirlər. Və bizə
yenidən 18 may 1944-cü il hadisələrini yaşatmaq istəyirlər".
Krımı ələ keçirmək istəyirlər
O bildirib ki, hal-hazırda şəxsiyyəti məlum olmayan bayraqlı
adamlar Krım parlamentini işğal ediblər: "Ruslar və tatarlar
arasında silahlı insident yaşansa, rus ordusu müdaxilə edəcək.
Ruslar çalışırlar ki, bu insident yaşansın. Ruslar deyirlər ki,
dünən bir neçə Krım tatarının ailəsinə hücum ediblər. Qəsdən
eləyirlər ki, tatar xalqı küçələrə çıxsın. Rus əsgərlərinin burda
olması qeyri-qanunidir. Lakin silahlı insident olsa, Rusiya
Federasiyası əsgərləri qanuni olaraq Krıma girə bilər. Guya rus
xalqını müdafiə etmək üçün... Amma hədəfləri bəllidir, zatən. Krımı
ələ keçirmək istəyirlər.
Tatarların vəziyyəti pisdir. Çünki Kırım hökuməti və Krımın rus
kökənli xalqı Rusiyaya daxil olmaq istəyirlər.
Ümid edirəm ki, arxamızda bütün Türk Dünyası
var
Parlamentdə silahlı qrupun işğalı davam edərkən, binanın
ətrafında toplanan minə yaxın Rusiya tərəfdarı olan nümayişçi
polislərin üzərinə gedərək təhlükəsizlik barrikadasını yardı.
Parlament binası qarşısında aksiya keçirən nümayişçilər Rusiya
prezidenti Vladimir Putin və Çeçenistan prezidenti Ramzan Kadırovu
dəstəkləyən şüarlar səsləndirdi və referendum tələbi irəli
sürdü.
Gündən-günə vəziyyətin gərginləşdiyi Krım küçələrində
təhlükəsizlik son dərəcə zəifdir. Polis, sadəcə, önəmli bölgələrə
təhlükəsizlik barrikadaları çəkir. Rusiya uzun müddətdir ki, Krımı
ələ keçirmək istəyir, fəqət Krım tatarı olan xalqının sayı çox az
olsa da (30%), buna imkan verməyəcəyik. Rusiya gerçəkdən,
boşu-boşuna əziyyət çəkir. Ümid edirəm ki, arxamızda Türkiyədə
yaşayan 7 milyon Krım tatarı və bütün Türk Dünyası var. Azərbaycan,
Özbəkistan, Qazaxıstan və başqa ölkələr".