Putin Sərkisyanı Moskvaya
çağırmaqla Rusiya ilə Ermənistan rejimi arasındakı bəzi pərdəarxası
suallara aydınlıq gətirmək istəyir.
Bu barədə Axar.az-a açıqlama verən politoloq Fikrət Sadıqov Serj
Sərkisyanın Moskva səfəri ilə bağlı bəzi məqamlara aydınlıq
gətirib.
Politoloq bildirib ki, Sərkisyanın üzdə olan uğursuz bəyanatları
zəif bir liderin artıq Ermənistanda mürəkkəbləşən vəziyyəti ələ ala
bilməməsindən xəbər verir:
"Azərbaycan, Rusiya və İran prezidentlərinin timsalında kifayət
qədər mühüm məsələlərin müzakirə olunacağı Bakı görüşü əslində çox
diqqət çəkir. Bu görüş regionda öz sözünü deyəcək və bir çox müsbət
proseslərin başlanğıcını qoyacaq. Görüşün fokusunda mütləq Dağlıq
Qarabağ məsələsi var və problemin həllinə dair müəyyən təkliflər
irəli sürülə bilər. Hətta İlham Əliyevlə Vladimir Putin arasında
müəyyən razılıqların əldə olunması istisna deyil. Bu razılıqlar
fonunda Sərkisyanın Moskvaya çağırıldığını ehtimal etməyə də
əsaslar var".
Rusiya və Ermənistanın kompromislər axtarışında olduğuna işarə
edən politoloq bu yerdə Moskvanın İrəvana təzyiqini mümkün
sayıb:
"Azərbaycanın mövqeyi prinsipialdır, Dağlıq Qarabağın həlli
birmənalı şəkildə ərazi bütövlüyümüz çərçivəsində həllini tapacaq.
Putin Bakının önəmini bilir, məhz Azərbaycanın risklərə qarşı birgə
mübarizədə rolu və irimiqyaslı layihələrdə iştirakı Moskvanın
diqqətindədir. Bu, özlüyündə Dağlıq Qarabağın həllinə də təsir
göstərir. Düşünürəm ki, Sərkisyan Moskvaya elə ona görə çağırılır
ki, bu məsələlər yenidən gündəmə çıxsın və ola bilsin, İrəvana
müəyyən təzyiq də edilsin. Əks təqdirdə, vəziyyət yenidən
gərginləşəcək".
Qeyd edək ki, Putin avqustun 8-də Bakıda Prezident İlham Əliyev
və Prezident Ruhani ilə bir araya gələcək, avqustun 9-da
Sankt-Peterburqda Türkiyə Prezidenti Ərdoğanla görüşəcək, avqustun
10-da isə Moskvada Sərkisyanı qəbul edəcək.