Kənd Təsərrüfatı Nazirliyində (KTN) Heyvandarlıq
Elmi-Tədqiqat İnstitutunun fəaliyyətində yol verilmiş nöqsanlarla
bağlı geniş kollegiya iclası keçirilib.
Nazirlikdən Axar.az-a verilən məlumata görə, kənd təsərrüfatı
naziri Heydər Əsədov deyib ki, direktor vəzifəsini müvəqqəti icra
edən Famil Nəsibovun kadrların seçilib yerləşdirilməsində yol
verdiyi nöqsanlar elmi-tədqiqat institutunun və kollektivin
nüfuzuna ciddi zərər vurub: "İnstitutun struktur vahidləri arasında
təkrarçılığın aradan qaldırılması, elmi-tədqiqatların aparılmasında
çevik idarəetmə və nəzarət mexanizminin formalaşdırılması, habelə
gənc və perspektivli kadrların cəlb edilməsi məqsədi ilə yeni
struktur müəyyən edilib. Lakin direktor əvəzi F. Nəsibov ona
göstərilən etimaddan sui-istifadə edərək ştatların sayının
azaldılması səbəbindən ixtisara düşən işçilərin əmək müqavilələrinə
xitam verərkən əmək qanunvericiliyinin tələblərini gözləməyib,
kadrları seçərkən dostluq və qohumluq kimi subyektiv amillərə
üstünlük verib, qeyri-ixtisasdan olan, habelə cəmiyyətdə mənfi
imici ilə tanınan şəxsləri işə götürüb. Məsələn, əvvəllər Kənd
Təsərrüfatı Nazirliyinin kollegiyasının qərarı ilə vəzifədən azad
edilmiş Süleyman Abdullayevi tələbə yoldaşı olduğuna görə
Elmi-Tədqiqat İnstitutunun yardımçı təsərrüfatına müdir təyin edib.
Nazirlik işə qarışdıqdan sonra isə onu tutduğu vəzifədən azad
edərək, İribuynuzlu heyvanların genetikası və seleksiyası
laboratoriyasının elmi işçi vəzifəsinə təyin edib. Yaxud dələduzluq
əməllərinə görə iki dəfə həbsdə olmuş Nizami Qəhrəmanov adlı şəxsi
Elmi-Tədqiqat İnstitutunun Yemləmə, yem istehsalı və məhsulların
elmi texnologiyası laboratoriyasının müdiri vəzifəsinə işə götürüb.
N. Qəhrəmanov əməllərini davam etdirərək ayrı-ayrı şəxsləri
institutda və digər təşkilatlarda "işə düzəlmələrinə kömək" edəcəyi
vədi ilə aldadıb. Famil Nəsibov Nizami Qəhrəmanova xüsusi
səlahiyyətlər verib, institutda baş verən qanunsuzluqların bir
çoxunu onun vasitəçiliyi ilə həyata keçirib. F. Nəsibov məsuliyyəti
üzərindən atmaq üçün Nizami Qəhrəmanovu bir müddət əvvəl işdən azad
edib".
Kollegiyanın qərarı ilə işdə yol verdiyi ciddi nöqsanlara və
qeyri-səmimi davranışa görə F. Nəsibov Heyvandarlıq Elmi-Tədqiqat
İnstitutunun direktorunun vəzifəsini icra etməkdən azad edilib. F.
Nəsibovun və digərlərinin qeyri-qanuni fəaliyyəti ilə bağlı
toplanmış ilkin materialların hüquqi qiymət verilməsi üçün
Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı
mübarizə Baş idarəsinə göndərilməsi barədə kollegiyada müvafiq
qərar qəbul edilib.
Bundan başqa, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyətinə
nəzarəti lazımi səviyyədə təmin etmədiyinə görə Aqrar Elm və
İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayevə
xəbərdarlıq edilib.
Nazirliyin Maliyyə və mühasibat uçotu şöbəsinə, Hüquq, kadr və
yerli orqanlarla iş şöbəsinə və Xüsusi şöbəyə Aqrar Elm və
İnformasiya Məsləhət Mərkəzi ilə birlikdə Heyvandarlıq
Elmi-Tədqiqat İnstitutunda maliyyə, əmək və icra intizamına əməl
olunması sahəsində vəziyyəti yerində araşdırıb kənd təsərrüfatı
nazirinə məlumat vermək və zərurət yarandığı təqdirdə toplanmış
materialların əlavə olaraq Azərbaycan Respublikasının Baş Prokuroru
yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinə göndərilməsini
təmin etmək tapşırılıb.
H.Əsədov bildirib ki, nazirliyin strukturuna daxil olan və
tabeliyindəki qurumlarda səriştəli, savadlı və perspektivli
kadrların işə cəlb edilmələri Nazirliyin rəhbərliyi tərəfindən
prioritet məsələlərdən biri kimi həmişə diqqət mərkəzində
saxlanılır. Elmi-tədqiqat institutlarında da müasir düşüncəli, öz
ixtisasını mükəmməl bilən mütəxəssislərin işə qəbul edilməsinin
vacibliyinə toxunan kənd təsərrüfatı naziri bildirib ki,
elmi-tədqiqat institutlarının rəhbərlərinin fəaliyyəti
qiymətləndirilərkən onların kadrlarla, o cümlədən gənc
mütəxəssislərlə işi necə qurmaları əsas meyarlardan biri kimi
nəzərə alınacaq. Nazirlik sistemində kadrların təyinatında yalnız
yüksək səriştə və peşəkarlığın, idarəetmə təcrübəsinin, insanlarla
ünsiyyət qurmaq bacarığının və tələbkarlığın əsas meyar olduğunu
vurğulayan nazir kadrlara münasibətdə bu prinsiplərdən kənara çıxan
hər bir rəhbər işçi barəsində ciddi tədbirlərin görüləcəyini
vurğulayıb.