21:17
Prezident İlham Əliyev "Dövlət qulluğu haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD
nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Dövlət
İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli
860 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman
imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti
məlumat yayıb.
Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Dövlət
qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı
il 31 may tarixli 267-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə
əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə
razılaşdırılmış təkliflər əsasında:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Dövlət qulluğu haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı
təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.1.2. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası
Qanununun 28.6-cı maddəsinin üçüncü hissəsinə uyğun olaraq,
müsahibə komissiyasının reqlamenti, o cümlədən müsahibə komissiyası
tərkibinin formalaşdırılması, müsahibənin keçirilməsi,
qiymətləndirmənin aparılması, müsahibənin nəticələrinin
araşdırılması qaydası və keçid balları barədə təkliflərini iki ay
müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.1.3. həmin Qanunun 28.7-ci maddəsinin səkkizinci cümləsinə
uyğun olaraq, daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan
əmək müqaviləsinin nümunəsinə dair təkliflərini iki ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
1.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.1.5. həmin Qanunun 28.2-ci maddəsinin ikinci hissəsinə uyğun
olaraq, test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi,
test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması
qaydasını iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.1.6. həmin Qanunun 28.3-cü maddəsinin ikinci cümləsinə və
28-1-ci maddəsinə uyğun olaraq, test imtahanından keçmək barədə
sertifikatın formasını iki ay müddətində müəyyən edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.1.7. həmin Qanunun 28.5-ci maddəsinin üçüncü cümləsinə uyğun
olaraq, dövlət qulluğu üzrə müsahibədə iştirak etmək üçün müraciətə
əlavə edilməli sənədlərin siyahısını və sənədlərin qəbulu qaydasını
iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun
28.2-ci maddəsinin birinci hissəsində, 28.3-cü maddəsinin birinci
cümləsində, 28.6-cı maddəsinin ikinci hissəsinin ikinci cümləsində,
28-1.1-ci maddəsində, 29.2-ci maddəsinin birinci hissəsinin üçüncü
cümləsində, 29.4-cü maddəsinin birinci hissəsində və 29.7-ci
maddəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə, Azərbaycan
Respublikasının Prezidenti nəzərdə tutulur;
2.2. həmin Qanunun 28.6-cı maddəsinin üçüncü hissəsində və
28.7-ci maddəsinin altıncı və səkkizinci cümlələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.3. həmin Qanunun 28.2-ci maddəsinin ikinci hissəsində, 28.3-cü
maddəsinin ikinci cümləsində və 28.5-ci maddəsinin üçüncü
cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti
həyata keçirir;
2.4. həmin Qanunun 28.2-ci maddəsinin üçüncü hissəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata
keçirir;
2.5. həmin Qanunun 28.2-ci maddəsinin birinci hissəsində,
28.3-cü maddəsinin birinci cümləsində, 28.6-cı maddəsinin ikinci
hissəsinin ikinci cümləsində, 28-1.1-ci maddəsində, 29.2-ci
maddəsinin birinci hissəsinin üçüncü cümləsində, 29.4-cü maddəsinin
birinci hissəsində və 29.7-ci maddəsində nəzərdə tutulmuş qurum
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzidir.
3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel
tarixli 860 nömrəli Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016, № 4, maddə 665) ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi
şəxsin Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.1-ci bənddə "(bundan sonra – Mərkəz)" sözlərindən sonra
"dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində
təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını) həyata
keçirən," sözləri əlavə edilsin;
3.2. 2.1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
"2.1.1. dövlət qulluğu sahəsində dövlət siyasətinin
formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata
keçirilməsini təmin edir;";
3.3. aşağıdakı məzmunda 2.1.1-1-ci yarımbənd əlavə edilsin:
"2.1.1-1. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda
fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir və
dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin,
o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün
keçirilən test imtahanlarının şəffaflığını təmin edir;";
3.4. 2.1.5-ci yarımbənddə "saytının" sözü "portalının" sözü ilə,
"saytda" sözü "portalda" sözü ilə əvəz edilsin;
3.5. 2.1.12-ci yarımbənddə "tələbə qəbulu ilə" sözlərindən sonra
", dövlət qulluğuna qəbulla və inzibati vəzifələrin tutulması ilə"
sözləri əlavə edilsin;
3.6. 2.1.14-cü yarımbənddə "qəbul kampaniyası" sözləri "qəbul
prosesi və ümumi təhsil pilləsində təhsilalanların yekun
qiymətləndirilməsi" sözləri ilə əvəz edilsin, "yol verilmiş"
sözlərindən sonra "pozuntu hallarının aradan qaldırılması ilə bağlı
təqdimat verir və" sözləri əlavə edilsin;
3.7. 2.1.17-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.1.18–2.1.37-ci
yarımbəndlər əlavə edilsin:
"2.1.18. dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin
davam etdirilməsi üzrə test imtahanının məzmununu və proqramlarını
təsdiq edir, inzibati vəzifələrin tutulması üzrə müsahibə
proqramlarının hazırlanmasında iştirak edir və təsdiqinə razılıq
verir, təsdiq edilmiş test imtahanı və müsahibə proqramlarını
internet portalında yerləşdirir;
2.1.19. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda
fəaliyyətin davam etdirilməsi üçün test imtahanından keçən şəxsə
sertifikat verir;
2.1.20. dövlət qulluğu üzrə verdiyi sertifikatların uçotunu
aparır;
2.1.21. müsabiqəyə çıxarılan dövlət qulluğu vəzifələri üzrə
vəzifə təlimatlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin
müəyyən etdiyi ümumi şərtlərə uyğun hazırlanmasını təmin edir;
2.1.22. dövlət orqanları tərəfindən müsahibə elan edilməsi
nəzərdə tutulan vakant dövlət qulluğu vəzifələrinə dair müsahibə
məlumatlarının (müvafiq vəzifə üzrə vəzifə təlimatının, müsahibə
proqramlarının, müsahibə elanının, müsahibənin keçirilmə
qrafikinin, keçirilmiş müsahibənin nəticələrinin) internet
portalında yerləşdirilməsini təmin edir;
2.1.23. müsahibədə iştirak etmək istəyən şəxsin müraciətinin və
müsahibədə iştirak üçün tələb olunan sənədlərin internet portalı
vasitəsilə dövlət orqanlarına təqdim olunmasını təmin edir;
2.1.24. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq, dövlət orqanının yaratdığı müsahibə
komissiyasının tərkibinə nümayəndələr təqdim edir;
2.1.25. dövlət orqanlarının nümayəndələri və müstəqil ekspertlər
üçün müsahibənin aparılması üzrə təlimlər təşkil edir;
2.1.26. imtahanlarla, o cümlədən dövlət qulluğuna qəbul və
dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test
imtahanları ilə, inzibati vəzifələrin tutulması üzrə müsahibələrlə
bağlı xüsusi halların araşdırılması üçün komissiyalar yaradır;
2.1.27. buraxılış və qəbul imtahanlarının yekunlarına dair
elmi-statistik təhlil aparır və nəticələrini Azərbaycan
Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Təhsil
Nazirliyinə təqdim edir;
2.1.28. dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini
öyrənir və bu barədə hesabat hazırlayır;
2.1.29. dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz
aktlarının ləğv edilməsinə dair təkliflər verir;
2.1.30. dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına
əməl edilməsi vəziyyətini öyrənir və bu barədə məlumatları
ümumiləşdirir;
2.1.31. "Dövlət qulluqçularının etik davranış qaydaları
haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarının pozulması
ilə bağlı şikayətlər və məlumatlar qəbul edir;
2.1.32. dövlət qulluqçularının etik davranış məsələləri üzrə
araşdırmalar aparır, tövsiyələr və məruzələr tərtib edir;
2.1.33. daxil olmuş materiallarda hüquqpozmaların əlamətləri
olduqda, həmin materialları yoxlanılmaq üçün müvafiq orqanlara
göndərir;
2.1.34. dövlət qulluğu və dövlət qulluqçularının etik davranış
qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması
hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli
şəxslərə təqdimat verir və yol verilmiş pozuntu halları barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat verir;
2.1.35. dövlət qulluğu və dövlət qulluqçularının etik davranış
məsələləri barədə maarifləndirmə işi aparır;
2.1.36. dövlət qulluqçularının reyestrini aparır və dövlət
qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə
məlumatların həmin reyestrə daxil edilməsini təmin edir;
2.1.37. müvafiq sahədə kadr hazırlığını təmin edir, həmçinin
mütəxəssislərin əlavə təhsili üçün tədbirlər görür.";
3.8. 3.1.5-ci yarımbənd ləğv edilsin;
3.9. aşağıdakı məzmunda 3.1.2-1–3.1.2-8-ci yarımbəndlər əlavə
edilsin:
"3.1.2-1. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər
və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, elmi
tədqiqatlar aparmaq;
3.1.2-2. fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət
informasiya sistemlərindən və ehtiyatlarından, o cümlədən
"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sistemindən informasiya almaq;
3.1.2-3. dövlət qulluğu sahəsində qanunvericiliyin
təkmilləşdirilməsinə dair təkliflər vermək;
3.1.2-4. dövlət qulluğunda təlim tələbatını müəyyən etmək,
dövlət qulluqçuları üçün təlim strategiyasını hazırlamaq və dövlət
orqanlarına dövlət qulluqçularının əlavə təhsili barədə təkliflər
vermək;
3.1.2-5. ilk dəfə dövlət qulluğuna qəbul olan şəxslər üçün
dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi, etik davranış,
maraqlar toqquşması, korrupsiyaya qarşı mübarizə və s. məsələlər
üzrə, rəhbər vəzifə tutan dövlət qulluqçuları üçün isə idarəetmə və
komanda qurmaq və s. məsələlər üzrə təlim kursları təşkil
etmək;
3.1.2-6. dövlət qulluğunun inkişafına yönəlmiş dövlət və
beynəlxalq proqramların həyata keçirilməsində iştirak etmək,
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə
uyğun olaraq, dövlət qulluğu məsələləri üzrə beynəlxalq əməkdaşlığı
həyata keçirmək;
3.1.2-7. dövlət qulluğu və tələbə qəbulu məsələləri üzrə
beynəlxalq və qeyri-hökumət təşkilatları, kütləvi informasiya
vasitələri və müstəqil ekspertlərlə əməkdaşlıq etmək;
3.1.2-8. daxil olmuş şikayətlər və məlumatlardan irəli gələn
məsələlərin həlli üzrə təkliflər, tövsiyələr və təqdimatlar
vermək;";
3.10. 3.1.3-cü yarımbənddə "siyahılarını" sözündən sonra ",
dövlət orqanları tərəfindən barəsində müsahibə elan edilməsi
nəzərdə tutulan vakant dövlət qulluğu vəzifələrinə dair müsahibə
məlumatlarını və vakant vəzifəyə təyinata dair məlumatı" sözləri
əlavə edilsin;
3.11. 3.1.7-ci yarımbənd ləğv edilsin;
3.12. 3.1.10-cu yarımbənddə "hazırlıq kursları" sözlərindən
sonra ", təlimlər" sözü əlavə edilsin, "abituriyentlərin test üsulu
ilə imtahanlara hazırlaşmasına kömək məqsədi ilə" sözləri
çıxarılsın;
3.13. 3.1.11-ci yarımbənddə "təqdim etmək" sözlərindən sonra ",
internet portalında yerləşdirmək" sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası "Dövlət
qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28.2-ci
maddəsinin üçüncü hissəsinə uyğun olaraq, test imtahanında iştirak
etmək üçün ödənişin məbləğini iki ay müddətində müəyyən etsin.
5. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının
2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə minənədək
elan edilmiş müsabiqələrdə iştirak edərək dövlət qulluğunun ehtiyat
kadrlarının siyahısına daxil edilmiş şəxslər həmin siyahıda
olduqları müddətdə dövlət orqanlarında analoji vakant vəzifəyə
təyin oluna bilərlər. Həmin şəxslərə dövlət qulluğu vəzifəsinə
təyin olunduğu gündən sertifikat verilir.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Dövlət qulluğu haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
23:07
İlham Əliyev "Elm haqqında" Azərbaycan Respublikasının
2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə
fərman imzalayıb.
Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Elm
haqqında" Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli
271-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun
tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. beş ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Elm haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və
bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.1.3. həmin Qanunun 12.6-cı maddəsinə uyğun olaraq, ali təhsil
müəssisələrinə "Tədqiqat universiteti" statusu verilməsi üçün
tələbləri müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.1.4. həmin Qanunun 13.5-ci maddəsinə uyğun olaraq, elmi
tədqiqat institutunun məşğul olmasına yol verilən sahibkarlıq
fəaliyyəti növlərini müəyyən etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.1.5. həmin Qanunun 22.4-cü maddəsinə uyğun olaraq, Elmi
Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında əsasnaməni təsdiq
etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.1.6. həmin Qanunun 33.8-ci maddəsinə uyğun olaraq, elmi və
elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi və elmi adı
olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara
görə ödənilən əlavələrin məbləğini müəyyən etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.7. həmin Qanunun 24.4-cü maddəsinə uyğun olaraq, elmi
müəssisələrin akkreditasiyası qaydasını və elmi müəssisələrin
akkreditasiyası qurumu haqqında əsasnaməni təsdiq etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.8. həmin Qanunun 35.2-ci maddəsinə uyğun olaraq, baza
maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və
təşkilatların siyahısını təsdiq etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.1.9. həmin Qanunun 37.4-cü maddəsinə uyğun olaraq, elmi
fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin
keçirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.1.10. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini
müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. həmin Qanunun 12.6-cı maddəsində (ikinci halda), 13.2-ci,
27.3.11-ci maddələrində, 33.15-ci maddəsinin ikinci cümləsində,
34.5-ci, 36.1-ci, 36.3-cü, 36.4-cü və 38.16-cı maddələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata
keçirən icra hakimiyyəti orqanı barədə təkliflərini üç ay
müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. "Elm haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.40-cı,
8.4.5-ci, 11.1-ci, 12.13-cü, 13.1-ci, 22.1-ci, 30.1-ci maddələrində
və 33.7-ci maddəsində (birinci halda) "müvafiq icra hakimiyyəti
orqanı" dedikdə, Azərbaycan Respublikasının Prezidenti nəzərdə
tutulur;
2.2. həmin Qanunun 11.7-ci maddəsinin ikinci cümləsində,
18.2-ci, 18.3-cü, 18.5-ci, 19.2-ci, 20.4-cü maddələrində və 33.7-ci
maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti
həyata keçirir;
2.3. həmin Qanunun 12.6-cı maddəsində (birinci halda), 13.5-ci,
14.4-cü, 22.2-ci, 22.4-cü maddələrində, 24.4-cü maddəsinin birinci
və ikinci cümlələrində, 33.8-ci, 35.2-ci, 37.4-cü maddələrində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti
həyata keçirir;
2.4. həmin Qanunun 1.0.40-cı maddəsində nəzərdə tutulmuş qurum
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyasıdır;
2.5. həmin Qanunun 8.4.5-ci, 11.1-ci, 12.13-cü, 13.1-ci, 22.1-ci
və 33.7-ci maddələrində nəzərdə tutulmuş elmi təşkilat Azərbaycan
Milli Elmlər Akademiyasıdır.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Elm haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə məlumat versin.