Azərbaycan, İran, Rusiya prezidentlərinin avqustun 8-də
Bakıda keçirilən üçtərəfli Zirvə görüşü tarixi hadisə olmaqla
yanaşı, siyasi, iqtisadi və regional təhlükəsizlik baxımından da
çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə reallaşan
üçtərəfli görüşü yeni regional əməkdaşlıq formatının bariz nümunəsi
kimi qiymətləndirmək olar.
Bu fikirləri Zirvə görüşünü şərh edən Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq
münasibətlər və xarici siyasət kafedrasının dosenti, siyasi elmlər
doktoru Elçin Əhmədov AzərTac-a bildirib.
E.Əhmədov deyib ki, Azərbaycan, İran, Rusiya prezidentlərinin
görüşündə ümumi uzunluğu 7200 kilometr olan "Şimal-Cənub"
beynəlxalq nəqliyyat dəhlizi layihəsi danışıqların əsas
mövzularından biri oldu. Bu layihə Hindistandan, İrandan, Fars
körfəzi ölkələrindən Azərbaycanın, Rusiyanın ərazisinə, daha sonra
Şimali və Qərbi Avropaya tranzit yüklərin daşınması üçün optimal
imkanlar yaradılmasına yönəldilib.
Azərbaycan bu layihənin reallaşmasında xüsusilə maraqlıdır.
Strateji baxımdan mühüm geosiyasi mövqedə, Şimaldan Cənuba və
Qərbdən Şərqə - iki əsas beynəlxalq nəqliyyat dəhlizinin
kəsişməsində yerləşən ölkəmiz əsrlər boyu özünəməxsus körpü rolunu
oynayıb. Proqnozlara görə, tam gücü ilə fəaliyyət göstərəcəyi
təqdirdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa
ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars
körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz
limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait
yaradacaq.
2000-ci il sentyabrın 12-13-də Rusiyanın təşəbbüsü ilə
Sankt-Peterburqda nəqliyyat məsələlərinə dair II Beynəlxalq
Avrasiya Konfransı keçirilib və burada 37 ölkədən 500-dən çox
nümayəndə iştirak edib. Bu konfransda Şərqi Avropanı Yaxın Şərq və
Cənubi Asiya ilə birləşdirəcək, Rusiya, Hindistan və İran
tərəfindən irəli sürülən "Şimal-Cənub" nəqliyyat dəhlizinin
yaradılmasına dair sənəd imzalanıb. 2005-ci il sentyabrın 20-də
Azərbaycan da öz geosiyasi və geoiqtisadi maraqlarından çıxış
edərək bu layihəyə qoşulmağa razılıq verib. 2016-cı il aprelin
20-də isə Azərbaycanla İran sərhədində "Şimal-Cənub" beynəlxalq
nəqliyyat dəhlizi çərçivəsində dəmir yolu körpüsünün tikintisinə
start verilib. Bəhs olunan nəqliyyat-kommunikasiya dəhlizi layihəsi
Hindistandan gələn yüklərin gəmi vasitəsilə Süveyş kanalından
keçərək, Ümid burnunu dolanmaqla İranın Bəndər-Abbas limanına
çatdırılmasını, buradan da dəmir yolu vasitəsilə Azərbaycan
ərazisindən keçməklə Rusiya və digər ölkələrə ötürülməsini nəzərdə
tutur.
Bakıda keçirilən Azərbaycan, İran, Rusiya prezidentlərinin
üçtərəfli görüşündə Prezident İlham Əliyev yaşadığımız regionu çox
mürəkkəb, risklərlə, təhdidlərlə dolu bölgə kimi xarakterizə edərək
bu üçtərəfli əməkdaşlığın bölgədə sabitləşdirici amil olduğunu
deyib: "Şübhəsiz ki, bu üçtərəfli görüşün keçirilməsi regionda
təhlükəsizliyin möhkəmləndirilməsi, ölkələrimizin əlaqələrinin
genişləndirilməsi və dərinləşdirilməsi üçün son dərəcə böyük
əhəmiyyətə malikdir. Bu üç qonşu ölkə regionda geosiyasi və coğrafi
baxımdan mühüm önəmə malikdir...Əsasını qoyduğumuz bu format
beynəlxalq aləmdə özünə layiq yerini tutacaq. Biz bu gün mehriban
qonşuluq nümunəsini göstəririk. Biz bu gün sübut edirik ki, əgər
qarşılıqlı hörmət, xoş niyyət varsa, arzularımız səmimidirsə hətta
bizim qeyri-sabit, böhran və münaqişələrlə dolu olan regionumuzda
ölkələrimizi risklərdən qoruya, sabitliyi möhkəmləndirə,
əməkdaşlığı dərinləşdirə bilərik".
Əməkdaşlığın bir sıra məqamlarını özündə ehtiva edən və
Azərbaycan, İran, Rusiya prezidentlərinin görüşdən sonra
imzaladıqları Bəyannamədə bir sıra mühüm amillər öz əksini
tapıb.
Prezidentlərin imzaladıqları Bəyannamədə ilk növbədə göstərilir
ki, regional və beynəlxalq məsələlər üzrə qarşılıqlı faydalı
əməkdaşlığın daha da gücləndirilməsi və yüksək etimadın
saxlanılmasında marağı nəzərə alaraq, bərabərlik, qarşılıqlı hörmət
və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında
dövlətlərarası əlaqələrinin daha da inkişaf etdirilməsində
qətiyyətli olaraq, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə
və beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına
sadiqliklərini təsdiqləyərək, regional sabitlik və təhlükəsizliyə
olan çağırış və təhdidlərlə mübarizə aparılması məqsədilə
qarşılıqlı fəaliyyətin vacibliyini diqqətdə saxlayaraq hər üç ölkə
bərabərhüquqlu və qarşılıqlı əməkdaşlıqlarının hərtərəfli
inkişafını, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlərin bütün
sahələri üzrə müxtəlif səviyyələrdə siyasi dialoqu
intensivləşdirməyi və genişləndirməyi davam etdirəcəklər.
Rusiya, Azərbaycan və İran sərhədlərinin bilavasitə yaxınlığında
Əfqanıstan və Yaxın Şərq kimi iki iri qeyri-sabitlik ocağının
olması regional təhlükəsizliyi təhdid altında qoyur. Bu qaynar
regionlardan ilk növbədə narkotiklərin axınının, silah
qaçaqmalçılığının, silahlıların yerdəyişməsinin artması ilə
əlaqədar beynəlxalq terrorizm və transsərhəd cinayətkarlıq
təhlükəsi yaranır. Bu baxımdan, qəbul edilən Bəyannamədə bu
məsələlərin, xüsusilə terrorçuluq, ekstremizm, transmilli
mütəşəkkil cinayətkarlıq, silahların, narkotik vasitələrin və
onların prekursorlarının qeyri-qanuni dövriyyəsi, insan alveri və
informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətkarlıqla
mübarizə aparılmasında qətiyyətli mövqenin öz əksini tapması
regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni
zamanda, sənəddə beynəlxalq ictimaiyyəti Birləşmiş Millətlər
Təşkilatının mərkəzi əlaqələndirici rolu vasitəsilə beynəlxalq
sabitlik və təhlükəsizliyə olan həmin təhdidlərlə səmərəli mübarizə
aparılması üçün səylərin birləşdirilməsinə çağırış da
təqdirəlayiqdir.
Bununla yanaşı, sənəddə deyilir: "Tərəflər terrorçuluğu bütün
forma və təzahürlərində qəti şəkildə pisləyirlər. Onlar mövcud
vəziyyətin inkişafı və terrorçuluğa qarşı səmərəli mübarizə
tədbirlərinin hazırlanması üzrə fikir mübadiləsi aparmaq üçün iki
və üçtərəfli məsləhətləşmələrin vacibliyini və səmərəliliyini qeyd
edirlər. Bu xüsusda, Tərəflər Birləşmiş Millətlər Təşkilatının Baş
Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini, o
cümlədən İran İslam Respublikasının təşəbbüsü ilə irəli sürülmüş
68/127 saylı, "Dünya zorakılığa və zorakı ekstremizmə qarşı" adlı
qətnaməni vurğulayırlar".
Bəyannamədə regiondakı münaqişələrin həlli ilə bağlı maddə də öz
əksini tapıb: "Tərəflər etiraf edirlər ki, regiondakı həll
olunmamış münaqişələr regional əməkdaşlığa əsas maneədir və bu
xüsusda onların tezliklə beynəlxalq hüququn prinsip və normaları və
bu çərçivələrdə qəbul edilmiş qərar və sənədlər əsasında danışıqlar
vasitəsilə sülh yolu ilə həll olunması vacibliyini
vurğulayırlar".
Bundan əlavə, Xəzər dənizinin statusu məsələsi xüsusi qeyd
edilən sənəddə hər üç ölkə Xəzər dənizini sülh, dostluq,
təhlükəsizlik və əməkdaşlıq dənizi kimi nəzərdən keçirərək Xəzər
dənizinin hüquqi statusu haqqında Konvensiyanın tezliklə
razılaşdırılması və qəbul edilməsinin vacibliyini bildiriblər. Bu
maddə Azərbaycanın, Rusiyanın və İranın Xəzərin statusunun tezliklə
müəyyənləşdirilməsində daha çox maraqlı olduqlarını göstərməklə
yanaşı, tərəflərin regional təhlükəsizliyin təmin olunması üçün bu
faktorun ciddi rol oynadığının qəbul edilməsinin nümunəsidir.
Regionun iqtisadi artımı və beynəlxalq enerji təhlükəsizliyinə
töhfə vermək üçün regional və beynəlxalq enerji və nəqliyyat
dəhlizlərinin inkişaf etdirilməsi məqsədilə enerji və nəqliyyat
sahələrində əməkdaşlığı intensivləşdirilməsi vurğulanan Bəyannamədə
tərəflər ekoloji təhlükəsiz və iqtisadi faydalı nəqliyyat
infrastrukturlarının yaradılmasına yönəlmiş regional
nəqliyyat-kommunikasiya imkanlarının inteqrasiya edilməsi üzrə
səyləri dəstəkləyəcəklərini bildiriblər.
Xüsusilə, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üzrə
sərnişin və yüklərin daşınmasının həyata keçirilməsində mövcud
imkanların genişləndirilməsi məqsədilə nəqliyyat-kommunikasiya
infrastrukturlarının inkişafı üçün səmərəli tədbirlərin görüləcəyi,
eləcə də beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və
səmərəliliyinin artırılması çərçivəsində dəmir yollarının
birləşdirilməsi üzrə yeni layihələrin qarşılıqlı fayda əsasında
həyata keçirilməsinə bundan sonra da töhfə verəcəkləri sənəddə öz
əksini tapıb. Bununla əlaqədar, beynəlxalq qurumlar çərçivəsində,
eləcə də ikitərəfli və üçtərəfli formatlarda əməkdaşlığın və
qarşılıqlı fəaliyyətin daha da möhkəmləndiriləcəyi də Bəyannamədə
vurğulanır.
Beləliklə, yeni format - Azərbaycan-İran-Rusiya regional
əməkdaşlıq formatı yaranmaqdadır. Bu üçtərəfli qarşılıqlı
fəaliyyətin özəyi olan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi
çərçivəsində İran və Azərbaycan dəmir yollarının birləşdirilməsi
Rusiyanın və Azərbaycanın tranzit potensialından tam istifadə
edilməsi üçün yeni perspektivlər açılır.
İmzalanmış Birgə Bəyannaməni çox ciddi siyasi sənəd adlandıran
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya-İran-Azərbaycan üçtərəfli
əməkdaşlığını bölgədə sabitləşdirici amil kimi qiymətləndirib:
"Şübhəsiz ki, bu üçtərəfli görüşün keçirilməsi regionda
təhlükəsizliyin möhkəmləndirilməsi, ölkələrimizin əlaqələrinin
genişləndirilməsi və dərinləşdirilməsi üçün son dərəcə böyük
əhəmiyyətə malikdir. Bu üç qonşu ölkə regionda geosiyasi və coğrafi
baxımdan mühüm önəmə malikdir".