Ombudsman təsisatı və BMT QAK arasında 2016-cı ilin
sonunadək əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumun məqsədi "Didərginlik situasiyalarında qadınların
səlahiyyətləndirilməsi" layihəsinin həyata keçirilməsi vasitəsilə
Azərbaycanda gender bərabərliyinin və qadınların
səlahiyyətləndirilməsinin təşviqinə yönələn əlaqəli səylərə dəstək
verməkdir.
Ombudsman Aparatından Axar.az-a bildiriblər ki, Memorandum
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira
Süleymanovanın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK)
Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Furio De
Angelis ilə görüşü çərçivəsində imzalanıb.
Görüşdə Furio De Angelisi yeni təyinatı münasibətilə təbrik edən
müvəkkil BMT QAK ilə Ombudsman təsisatı arasında qaçqın və məcburi
köçkünlərin hüquqlarının müdafiəsi istiqamətində qurulan sıx
əməkdaşlıq əlaqələrindən, bu sahədə Ombudsman təsisatının
fəaliyyətindən söhbət açıb, qanunvericilik bazası və görülən
tədbirlər haqqında geniş məlumat verib.
E.Süleymanova qeyd edib ki, ölkənin sürətli iqtisadi inkişafı
nəticəsində qaçqın, məcburi köçkün düşərgələri ləğv edilib, yeni
qəsəbələr salınıb. Müvəkkil mütəmadi olaraq bu qəsəbələrdə
məskunlaşan əhali arasında maarifləndirmə tədbirləri keçirildiyini
diqqətə çatdırıb.
Müvəkkil qaçqın və məcburi köçkünlərlə bağlı məlumat bazasının
yaradıldığını, lakin həmin bazanın daha da təkmilləşdirilməsinin
zəruriliyini deyib.
Ombudsman qadınların bacarıqlarının artırılmasının, onların
lider kimi formalaşdırılmasının vacibliyini qeyd edib, qadınlar
üçün bu istiqamətdə təlimlərin təşkil edilməsini, həmçinin
icmalarda lider qadınlardan ibarət qrupların yaradılmasını təklif
edib.
Müvəkkil maarifləndirmə tədbirlərinin səmərəliliyini daha da
artırmaq üçün çoxsaylı müvafiq nəşrlərin hazırlanmasının və çap
edilməsinin vacibliyini diqqətə çatdırıb.
Furio De Angelis Ombudsman təsisatı ilə əməkdaşlığa çox dəyər
verdiklərini söyləyib. O, qaçqın və məcburi köçkünlərin həyat
şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan dövlətinin
gördüyü işləri yüksək qiymətləndirib və bu sahədə ölkəmizin dünyada
nümunəvi dövlət olduğunu bildirib.
Qonaq BMT QAK-ın fəaliyyətinin yeni prioritetləri, həyata
keçirilən layihələr, təşkilat tərəfindən ölkədə bu sahədə
vəziyyətin öyrənilməsi məqsədilə ildə iki dəfə hazırlanan
hesabatlar haqqında geniş məlumat verib.