Yuxarı

Yaxın Şərqdə meqaplan: yeni blokun hədəfi İrandır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaxın Şərqdə meqaplan: yeni blokun hədəfi İrandır?

İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən irəli sürülən Aralıq dənizi və Yaxın Şərq ətrafında yeni geosiyasi ittifaq təşəbbüsü mahiyyət etibarilə həm təhlükəsizlik, həm də geoiqtisadi xarakter daşıyır. Bu, klassik NATO tipli hərbi blokdan daha çox, mövcud çoxtərəfli əməkdaşlıq mexanizmlərinin daha koordinasiyalı strateji platformaya çevrilməsi cəhdidir.

Bu sözləri Axar.az-a açıqlamasında Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən irəli sürülən yeni regional ittifaq təşəbbüsü haqqında danışarkən deyib.

Ekspert bildirib ki, təşəbbüsün əsas motivasiyası regionda dəyişən güc balansı ilə bağlıdır:

“2023–2026-cı illərdə Yaxın Şərqdə xüsusilə İran faktorunun güclənməsi, Qəzza müharibəsindən sonra təhlükəsizlik arxitekturasının sarsılması və ABŞ, Çin, Rusiya kimi böyük güclərin regiona fərqli yanaşmaları fonunda İsrail özünü daha geniş regional şəbəkə ilə sığortalamaq istəyir.

Netanyahu tərəfindən qeyd edilən Hindistan, bəzi ərəb ölkələri, Yunanıstan və Kipr xətti əslində artıq formalaşmış əməkdaşlıqlara söykənir. Bu baxımdan təşəbbüs tamamilə sıfırdan yaradılan blok deyil, mövcud platformaların genişləndirilməsi və siyasi çərçivəyə salınmasıdır.

Faktiki olaraq bu ittifaqın əsas hədəfi İranın regional təsirinin balanslaşdırılmasıdır. İranın Livan, Suriya, İraq və Yəməndəki təsir mexanizmləri, həmçinin İsraillə birbaşa və dolayı qarşıdurma riskləri Təl-Əviv üçün əsas təhlükəsizlik çağırışı olaraq qalır. Yeni geosiyasi şəbəkə İsrailə strateji dərinlik qazandırmaq, diplomatik təcrid riskini azaltmaq və mümkün eskalasiya vəziyyətində siyasi dəstək bazasını genişləndirmək məqsədi daşıyır”.

Zifəroğlu qeyd edib ki, burada ən real namizədlər artıq İsraillə açıq əməkdaşlıq xəttində olan dövlətlərdir:

“Hindistan strateji tərəfdaş kimi ön plana çıxır. Hindistan həm təhlükəsizlik, həm texnologiya, həm də logistika baxımından İsrail üçün mühüm oyunçudur. Aralıq dənizi xəttində isə Yunanıstan və Kipr artıq enerji və müdafiə əməkdaşlığı çərçivəsində İsraillə sıx işləyirlər.

Ərəb ölkələri içərisində xüsusilə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi “İbrahim Sazişləri” çərçivəsində normallaşma xəttinə daxil olan dövlətlərin daha aktiv rol alması mümkündür. Səudiyyə Ərəbistanının iştirakı isə siyasi şərtlərdən və Fələstin məsələsinin gələcək inkişafından asılı olacaq. Afrika ölkələri məsələsində də söhbət daha çox diplomatik və təhlükəsizlik əməkdaşlığından gedə bilər, genişmiqyaslı hərbi blokdan yox”.

Ekspertin sözlərinə görə, təşəbbüs eyni zamanda geoiqtisadi ölçüyə də malikdir:

“Son illərdə Pekin Yaxın Şərqdə iqtisadi təsirini artırıb və İranla strateji saziş imzalayıb. İsrail-Hindistan-Avropa xəttində nəzərdə tutulan logistika və enerji marşrutları Çin mərkəzli “Bir Kəmər, Bir Yol” təşəbbüsünə alternativ kimi də təqdim olunur. Bu mənada təşəbbüs dolayısı ilə Çinin təsirini balanslaşdırmağa xidmət edə bilər, lakin açıq şəkildə antiçin koalisiyası kimi formalaşdırılmır.

Netanyahunun irəli sürdüyü model klassik hərbi alyansdan daha çox, təhlükəsizlik, enerji, texnologiya və logistikanı birləşdirən çoxqatlı geosiyasi platformadır. Əsas məqsəd İsrailin regional təcrid riskini azaltmaq, İranın təsirini balanslaşdırmaq və Aralıq dənizi–Hind okeanı xəttində yeni strateji ox formalaşdırmaqdır. Bu təşəbbüsün real blok səviyyəsinə yüksəlib-yüksəlməyəcəyi isə regiondakı müharibə dinamikasından və ABŞ-ın prosesə nə dərəcədə açıq dəstək verəcəyindən asılı olacaq”.

Tarix
2026.02.24 / 09:00
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla