Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib. İclasda
ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsi, respublikamızın hərtərəfli
inkişafının, sabitliyin və təhlükəsizliyin təmin olunması
vurğulanıb, demokratik hüquqi dövlət quruculuğunda, xüsusilə
məhkəmə-hüquq islahatlarında nailiyyətlər qeyd olunub.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər
ki, tədbirdə ölkə başçısının ədliyyə və məhkəmə sisteminə
göstərdiyi daim yüksək diqqət və qayğısı vurğulanaraq bu il dövlət
qulluqçularının peşə bayramı ərəfəsində Azərbaycan Prezidenti İlham
Əliyevin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı
ilə təltif olunmuş bir qrup məhkəmə işçisinə ədliyyə naziri Fikrət
Məmmədov tərəfindən həmin medallar təntənəli şəkildə təqdim
edilib.
Təltif olunanlar əməklərinə verilən yüksək qiymətə və göstərilən
qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edib,
məhkəmə və ədliyyə sisteminin tərəqqisi naminə bundan sonra da
layiqincə fəaliyyət göstərəcəklərini bildiriblər.
Kollegiyada Azərbaycan Respublikasının Konstitusiyasına
dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum)
keçirilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı ilə bağlı
ədliyyə orqanlarının üzərinə düşən vəzifələrin icrası üzrə
məlumatlar dinlənilib, referenduma hazırlıqla əlaqədar aidiyyəti
tapşırıqlar verilib.
Kollegiyada 2016-cı ilin birinci yarısında ədliyyə orqanları
tərəfindən görülmüş işlərin nəticələri təhlil edilib, ədliyyə
fəaliyyətinin ayrı-ayrı sahələri üzrə həyata keçirilən tədbirlərdən
bəhs olunub.
Eyni zamanda, qarşıda duran vəzifələr müzakirə edilib, o
cümlədən qanunvericilik sahəsində işin yaxşılaşdırılması, elektron
icra xidmətinin yaradılması, vətəndaşların qəbulu və müraciətlərinə
baxılması işinin yeni qanunvericiliyə uyğun təkmilləşdirilməsi,
vətəndaş məmnunluğunun yüksəldilməsi, ədliyyə orqanlarına ictimai
etimadın artırılması, korrupsiyaya qarşı mübarizənin
gücləndirilməsi ilə bağlı əlavə tədbirlər müəyyən edilərək müvafiq
tapşırıqlar verilib.
İclasda qeyd olunub ki, nazirliyin mühüm fəaliyyət
istiqamətlərindən olan məhkəmə qərarlarının icrası sahəsində ötən
illərlə müqayisədə icra işlərinin sayının kəskin artması ilə
əlaqədar müvafiq qanunvericilik yenilənib, icra xidmətinin
strukturu, maddi-texniki bazası təkmilləşdirilib, icra baş
idarəsinin rəhbərliyi möhkəmləndirilib. Həmçinin sənədlərin
vaxtında və dürüst icrası, yerli icra qurumlarının əməkdaşlarının
peşə hazırlığının artırılması, onlara metodiki köməkliyin
gücləndirilməsi məqsədilə təsirli tədbirlər görülüb, o cümlədən
"İcra haqqında" Qanunun Kommentariyası hazırlanıb.
Kollegiyada Ədliyyə Akademiyasının Elmi Şurasının tövsiyəsi ilə
nəşr olunmuş həmin kitabın təqdimatı keçirilib. "İcra haqqında"
Qanunun tətbiqi ilə bağlı yaranan nəzəri və praktiki məsələlərin
ətraflı şərhində və mövcud boşluqların aradan qaldırılmasında mühüm
töhfə olan Kommentariya hər bir icra məmurunun gündəlik
fəaliyyətinə yardımçı olmaqla onların stol üstü kitabına
çevriləcək, eyni zamanda, gənc hüquqşünaslar üçün dəyərli əyani
vəsait olacaq.
Bununla yanaşı, kollegiyada Açıq hökumətin təşviqinə dair Milli
Fəaliyyət Planına uyğun olaraq nazirliyin fəaliyyətində şəffaflığın
təmin olunması, ədliyyə orqanları tərəfindən göstərilən elektron
xidmətlərin dairəsinin genişləndirilməsi üzrə görülən tədbirlər
qeyd olunub, nəzərdə tutulan bütün 25 elektron xidmətin
fəaliyyətinin tam təmin edildiyi və onların "ASAN xidmət"
tərəfindən müsbət qiymətləndirildiyi vurğulanıb. Həmçinin
dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq vətəndaşların
müraciət imkanlarının asanlaşdırılması məqsədilə hazırlanmış bəzi
elektron xidmətlərin inzibati reqlamentləri təsdiq olunub.
İclasda, həmçinin ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ
sənədlərin yeni qanunvericiliyə uyğunlaşdırılması məsələlərinə
baxılıb və bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət
qeydiyyatına alınıb.