İsrail ordusunun və ABŞ-ın uzun müddətdir regiona göndərdiyi qüvvələrin İrana məhz bu gün hücuma keçməsi diqqət çəkir.
Axar.az xəbər verir ki, iki gün öncə Əfqanıstan Pakistanın terror yuvalarına endirdiyi zərbələrə cavab olaraq qonşu ölkəyə hücum etmiş və sərhəddəki çoxsaylı blok-postları ələ keçirmişdi. Pakistan isə bu hücumun arxasında əzəli rəqibi Hindistanın dayandığını vurğulayaraq, Əfqanıstanla “açıq müharibəyə” girdiyini elan etdi.
Pakistan Əfqanıstana ağır zərbələr endirir, Talibanın 200-dən çox itki verdiyi, həmçinin mövqelər itirdiyi bildirilir. Eyni zamanda, Əfqanıstanın da Pakistanın qırıcısını və nüvə obyektini vurduğu haqda iddialar var.
Pakistanın iddiasında əsaslı arqumentlər mövcuddur, çünki Taliban hökumətinin Pakistana hücum üçün səbəbi və cəsarəti olmazdı. Belə görünür ki, Hindistan regionun destabilləşməsinə “töhfə” verir.
Regiondakı terror hücrələri də oyanıb. İŞİD, bəluc qruplarının aktivliyi müşahidə edilir və bu da Pakistana əlavə başağrısıdır. Təxmin etmək olar ki, Çinin dəstəklədiyi Pakistanın qarşısındakı Əfqanıstanı tətikləyən təkcə Hindistandan deyil. Çin maraqlarına qarşı təşəbbüs varsa, burda digər beynəlxalq güclər də aktivdir.
Çinin dəstək verdiyi bildirilən İrana ABŞ və İranın məhz bu gün zərbələr endirməsi təsadüfi olmaya da bilər. Çinin İrana hərbi yardım göndərdiyi iddiaları vardı, üstəlik, İran Çinin “ucuz yanacaqdoldurma məntəqəsi” rolunu oynayan iki dövlətdən biridir. ABŞ lideri Trampın İran xalqına bugünkü açıqlaması onu iddia etməyə əsas verir ki, hücum hakimiyyət dəyişikliyinə qədər davam edəcək və yaxud ən azı İranda hakimiyyət dəyişikliyi qarşıya məqsəd olaraq qoyulub.
Rusiya-Ukrayna savaşının sona yaxınlaşdığı haqda ehtimallar, iki slavyan ölkəsi arasında yay aylarından əvvəl atəşkəsin imzalanacağı ehtimalı, görünür, Yaxın Şərqin də “yenidən dizayn edilməsi” prosesini sürətləndirib.
Yeni dünya düzəninin daha tez qurulması üçün regionlardakı “yarımçıq işlər” tamamlanmalıdır.
Ancaq “tamamlanma” və yaxud “yenidən dizayn” uzunmüddətli xaosa gətirib çıxara bilər. İran artıq qonşu dövlətlərdəki ABŞ bazalarını da hədəfə alıb…