Azərbaycan mədəniyyətini və milli kulinariyasını təbliğ
etmək məqsədi ilə "Meyvələrin bəhsi" adlı IV Beynəlxalq Mürəbbə
Festivalı keçirilib.
Ötən il olduğu kimi, bu il də festival Qəbələdə keçirilib.
Musavat.com saytının əməkdaşı festival ilə yaxından tanış olmaq
üçün Qəbələyə yollanıb.
Biz festival keçirilən "Karvansaray" otelinə çatan zaman
festival ilə bağlı hazırlıq görülürdü.
Türkiyəni təbliğ edən komanda təqdimat masasını hazırlayır, Bakı
komandası samovarda çay qaynadır, Şəki komandası isə qonaqlara
təqdim ediləcək şirniyyatları qablara düzürdü.
Xarici ölkələrlə yanaşı, ölkəmizin müxtəlif bölgələrindən olan
komandalar festivalda yarışmaq üçün bir araya toplaşıb. Səkkiz
nəfərdən ibarət komanda üzvləri 8 növ mürəbbə hazırlayaraq
münsiflərə təqdim ediblər. Festivalda mürəbbə ilə yanaşı, un
məmulatları, şərablar, əl işləri, rəsm əsərləri də nümayiş
edilib.
Qəbələ Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı,
Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya
Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi
ilə keçirilən mərasimdə dövlət rəsmiləri, turistlər və yerli
sakinlər iştirak edib.
Festival Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan
Respublikasının fövqəladə hallar naziri, general-polkovnik
Kəmaləddin Heydərov, Milli Məclisin deputatı, Respublika
Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Azərbaycan Milli
Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov, Qəbələ Rayon
İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin və festivalın
münsiflər heyətinin sədri, Özbəkistan Aşpazlar Assosiasiyasının
prezidenti Əkbər Umarovun mərasimə qatılması ilə açıq elan
edilib.
Festival dövlət rəsmilərinin çıxışı ilə
başlayıb.
İlk olaraq çıxış üçün söz Qəbələ Rayon İcra Hakimiyyətinin
başçısı Səbuhi Abdullayevə verilib. O, qonaqları salamladıqdan
sonra festival barədə məlumat verib və iştirakçılara uğurlar
arzulayıb.
Daha sonra çıxış edən Əbülfəs Qarayev Qəbələnin turizm baxımdan
önəmindən danışıb: "Bu layihənin gerçəkləşməsində əməyi olan
insanlara təşəkkür edirəm. Sözlərimə prezident İlham Əliyevin
fikirləri ilə davam etmək istəyirəm, Qəbələ artıq Bakıdan sonra
ikinci turizm mərkəzidir. Qəbələdə qədim dövrdən qalmış abidələrlə
yanaşı, müasir üsulla hazırlanmış memarlıq abidələri turistlərin
diqqətini çəkir. Təsadüfi deyil ki, Qəbələ, turistlərin ən çox
ziyarət etdiyi bölgələrimizin sırasında öndə gəlir. Mən əminəm ki,
Qəbələ bu birinciliyi uzun illər itirməyəcək.
Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə hər il Qəbələdə
beynəlxalq Musiqi Festivalı keçirilir. Bu festival musiqimizi
dünyada daha çox tanıdır. Bu dəfə Qəbələdə qeyri-adi festival
keçirilir. Mürəbbə festivalı başqa ölkələrdə olmur. Çünki mürəbbə
müxtəlif meyvə və tərəvəzlərdən hazırlanan, Azərbaycanın
keçmişindən qopub gələn şirniyyat növüdür.
Mürəbbə Festivalı Azərbaycanı bir daha dünyada tanıtmağa kömək
etdi. Azərbaycan Milli Kulinariya Mərkəzi və onun daxil olduğu
beynəlxalq təşkilatlar birbaşa bu festivala beynəlxalq status
veriblər. Bu sevindirici haldır.
Bir daha hər kəsi Mürəbbə bayramı münasibəti ilə təbrik
edirəm".
Milli Məclisin deputatı Fəttah Heydərov, Azərbaycan Milli
Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov və festivalın
münsiflər heyətinin sədri Əkbər Umarovun çıxışlarından sonra
festivalın rəsmi hissəsi bitib və rəsmilər tərəfindən qırmızı lent
kəsilərək festivala start verilib. Dövlət rəsmiləri qonaqlarla
birlikdə festival üçün hazırlanan masalara yaxınlaşaraq həm satış
qiymətləri ilə maraqlanıb, həm də təamlardan dadıblar.
Sonda festivalın qalibləri münsiflər tərəfindən təyin olunub və
qaliblərə diplomlar təqdim edilib. Mürəbbələrin ən yaxşı
təqdimatına görə xarici ölkələr arasında Ukrayna birinci, Şimali
Kipr ikinci yeri tutub.
İran ən yaxşı mürəbbə müsabiqəsində birinci, Çin ikinci olub.
Mürəbbələrin növ müxtəlifliyinə görə Özbəkistan birinci, Türkiyə
ikinci yeri tutub.
Azərbaycanın bölgələri arasında Zaqatala (ərik), Zərdab (gilas),
Qəbələ (gavalı), İsmayıllı (böyürtkən), Şəki (heyva), Gəncə
(çiyələk), Qazax (qoz), Gədəbəy (gül) qalib olub.
Ən qeyri-adi mürəbbənin hazırlanmasına görə Balakən rayonu (cökə
mürəbbəsi), ən çox mürəbbə təqdimatına görə Bakı komandası, ən
yaxşı təqdimata görə Xaçmaz iştirakçıları birinci seçilib.
Sonda nümayiş olunan məhsullar satışa çıxarılıb.