Azərbaycan prezidenti İlham Əliyev 42-ci Ümumdünya
Şahmat Olimpiadasının iştirakçılarına məktub göndərib.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti
məlumat yayıb,
Məktubda deyilir:
"Hörmətli Olimpiada iştirakçıları! Sizi – dünyanın bütün
guşələrindən Bakıya toplaşmış şahmatçıları səmimi qəlbdən
salamlayır, hər birinizə möhkəm cansağlığı, müvəffəqiyyət və xoş
əhval-ruhiyyə arzulayıram. Əminəm ki, ölkəmizə xas qonaqpərvərlik
və idmana olan dərin hüsn-rəğbət yarışların yüksək səviyyədə
keçirilməsi üçün gözəl imkanlar yaradacaq.
Ümumdünya Şahmat Olimpiadasının bu günlərə təsadüf etməsi
həqiqətən də əlamətdar hadisədir. Rio-de-Janeyro Olimpiadasının
zəngin təəssüratları ilə yaşayan Azərbaycan bu mötəbər şahmat
yarışlarına böyük ruh yüksəkliyi ilə ev sahibliyi edir. Tarix boyu
Şərqlə Qərb arasında körpü rolunu oynamış ölkəmizdə qədim
dövrlərdən şahmata daim böyük maraq müşahidə edilib. Azərbaycan
klassiklərinin əsərlərində və orta əsr miniatürlərində şahmat oyunu
ilə bağlı süjetlər dolğun şəkildə öz əksini tapıb. Təqdirə layiqdir
ki, Avropa səyyahlarının xatirələrində Azərbaycanda bu oyunun geniş
yayılması və hətta qadınların belə, şahmat oynaması haqqında
ətraflı məlumatlar verilib.
XX əsrdə Azərbaycanda şahmatın yayılması kütləvi xarakter alıb,
müxtəlif səviyyəli mötəbər turnirlər keçirilməyə başlayıb.
İdmançılarımızın bu yarışlarda qazandığı uğurlar şahmatın bir idman
növü kimi daha geniş vüsət almasına təkan verib. Azərbaycanın bütün
bölgələrində uşaq şahmat məktəblərinin fəaliyyətə başlaması
ölkəmizdə şahmata göstərilən xüsusi diqqətin təzahürüdür. Həmin
amillər dövlət müstəqilliyinin bərpasından sonra bizim şahmat
məktəbimizin inkişafına xidmət edərək bu sahədə dövlət siyasətinin
əsas istiqamətlərini müəyyənləşdirib.
Son illərdə şahmat üzrə dünya və Avropa miqyaslı yüksək statusa
malik yarışların ölkəmizin paytaxtı ilə yanaşı bölgələrində də baş
tutması Azərbaycanın dünyanın şahmat mərkəzlərindən birinə
çevrilməsi yolunda atılmış mühüm addımdır. İnanıram ki, bu Şahmat
Olimpiadası da ölkəmizdə bu intellektual oyunun təbliğinə öz
layiqli töhfəsini verəcək. Ümidvaram ki, 42-ci Ümumdünya Şahmat
Olimpiadası bu qədim oyunun tarixinə yeni uğurlu səhifələr yazacaq,
ölkələr arasında sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət
göstərəcək".