Yazıçı Həmid Herisçinin Təbrizdən Naxçıvana hücumla bağlı yaydığı video-müraciət, Naxçıvana “bomba yağışı” və “ölənlər” barədə fikirlərinin təəccüblə qarşılandığı haqda məlumat vermişdik. Hətta bəzi sosial şəbəkə istifadəçiləri, o cümlədən ziyalılar H.Herisçinin bu açıqlamanı təzyiq altında verdiyi ehtimalını da irəli sürmüşdü.
Həmid Herisçinin sözügedən video-müraciətdə işlətdiyi ifadələr onun baş verənlər haqda məlumatsız olmasının sübutu idi. İnternetə çıxışının və Azərbaycan Respublikası ilə əlaqəsinin məhdudluğu yazıçının yanlış sözlər seçməsinə səbəb olmuşdu.
Ancaq Həmid Herisçinin “Təbrizdə belə deyirlər ki, Naxçıvana İran hücum etməyib” sözü heç də İran xüsusi xidmət orqanlarının ağzı ilə danışmaq deyil. O ayrı məsələ ki, Həmid Herisçi tam informasiya ala bilmədiyindən, hadisəni də dəyərləndirmək imkanında olmayıb.
Əlbəttə, Həmid Herisçi daha fərqli açıqlama verə, daha uyğun sözlərdən istifadə edə bilərdi. Ancaq Təbrizdə vəziyyətin yaxşı olmadığını da özü deyir və mümkündür ki, hər an hava zərbələri ola biləcəyi ehtiyatlılığı normal ifadələr seçməsinə mane olur. Hər halda bütün bunlara Həmid Herisçinin həyəcan keçdikdən sonra özü daha aydın izah edə biləcək.
Deyəsən, Həmid Herisçinin bu tələsik və natamam informasiya əsasındakı namünasib açıqlamasından birisi sui-istifadə etmək eşqinə düşüb, hətta hücuma da keçib. Söhbət Sayman Aruzdan gedir – bir müddət öncə AYB-nin Güney Azərbaycan Komissiyasının sədri vəzifəsindən uzaqlaşdırılan adamdan.
Sayman Aruz uzaqlaşdırılandan sonra o vəzifəyə xalq şairi Sabir Rüstəmxanlı dəvət edildi, müavin isə Həmid Herisçi oldu. Əslində bu, Sabir Rüstəmxanlı və Həmid Herisçinin məsuliyyət altına girməsi, illərdir təfriqə yaradan, plagiatla məşğul olan birisinin əməllərindən narazı olan Güney aydınlarını birləşdirmək, illərdir qəsd edilən güneyli ziyalıların fəaliyyətinə töhfə vermək istəyi idi.
Sayman Aruzun əməllərinə qarşı 198 yazar, ziyalı AYB sədrinə müraciət etmişdi, o prosesdə əsas fəallardan biri də Əli Çağla idi.
İndi Həmid Herisçinin Təbrizdəki müraciətində “xüsusi xidmət izi” axtarıb, dərhal da Əli Çağlaya keçid edib, bu 21 yaşlı (əslində Əli Çağlanın 23 yaşı var) gəncin tez-tez Bakıya səfər etməsinin “maliyyə yükünü” kimin çəkməsini sorğuya alıb, şübhə toxumu səpməyə çalışır bu adamın sosial şəbəkədəki trolları.
Sayman Aruz bu sui-istifadə və fürsətcilliyin arxasında dayandığını heç gizlətmir də və antihəmid və antiəli təbliğatı ilə öz adını “təmizləməyə” çalışır. Amma yazdırdığı “məqalələr”də nə qədər boşluqlar buraxdığını görmür, deyəsən.
Həmid Herisçinin “İran xüsusi xidmət orqanları ilə əlaqəsi” olmasına eyham və işarə edən və bununla da yazıçının ictimai nüfuzuna hücum edən Sayman Aruz və ondan qidalananlar unudurlar ki, Həmid Qafar Kəndlinin oğludur. Qafar Kəndli Güneyin milli azadlıq hərəkatının aktiv iştirakçısı, 21 Azərin üzvü olub. Güneydəki milli hökumət qan içində boğularkən Şimala sığınmağa məcbur olan fədailərdən biridir Qafar Kəndli.
Həmid Herisçinin zatı-kökü bəllidir, özünün də bütün fəaliyyəti gözümüzün qabağında olub.
Ancaq Sayman Aruzun kimliyi bəlli deyil: nə zatı, nə yeniyetməliyi, nə də hərəkatda olması. Onun Nəqədə-Sulduzda milli fəallığı ilə bağlı bircə şahid belə yoxdur, Bakıdakı güneylilər içərisində Sayman Aruzun güneydə “dırnaqları çəkilən mübariz” olmasını kimsə təsdiq etmir.
Bu adamın adı, soyadına qədər uydurulmuş, qondarılmış tərcümeyi-halı var!
2000 və 2007-ci ildə İrandakı ədəbi mükafatlara “layiq görülən” (ETTELAAT-ın nəzarətindən kənar kimsə qalib olur İranda?) bu şəxsin Şimala hansı təlimatla gəldiyi və onun kimliyi haqda silsilə yazılarımız var. Sayman Aruzun agent olması haqda şübhələrimiz artıq şübhə olmaqdan çoxdan çıxıb – onun Əli Həsənov tərəfindən himayə olunduğu, güneyli fədakarların Bakıda yaşam izni almağa çətinlik çəkdikləri halda bu adama hansı səbəbdən vətəndaşlıq verildiyi və vəzifəyə oturdulduğunu yazmışıq.
İndi Sayman Aruz özünü təmizə çıxarmaq üçün Herisçini hədəfə götürür?
Əli Çağlanın Bakıya “hansı pullarla tez-tez gəldiyini” sorğulayan Sayman Aruzun Bakıda neçə evi, neçə villası var? Sayman Aruzun sürdüyü maşının qiyməti Əli Çağlanın ailəsinin bütövlükdə mal varlığından bir neçə dəfə çoxdur.
Qafar Kəndli kimi alimin oğlu, bu ölkənin ən tanınmış yazarlarından olan Həmid Herisçi yaşamını təmin etməkdə çətinlik çəkir, “siyasi mühacir” Sayman Aruz isə bir sürü troll saxlayır, az qala hər gün “şəbəkəsini” yemləyir, onlara maddi dəstək göstərir. Bu troll şəbəkəsi isə Sayman Aruza görə ən pis söyüşlərlə “mübarizə” aparıb, sədaqət göstərirlər.
Söyüş-təhqirli mübarizəni bu ölkəyə kimin yeritdiyini və xaricdəkiləri necə maliyyələşdirdiyini də yazmışıq – eyni şəbəkə, eyni “ideologiya”dır, eyni mənbədir!
Sayman Aruz – Bakıya 2007-ci ildən sonra gələn, normal ali təhsili belə olmayan, “əsərləri” plagiatdan ibarət bu şəxs bu maliyyəni, sərvəti hardan əldə edib? Ona kim bu şəraiti yaradıb və külli miqdarda vəsait hardan axıb?
AYB-nin Cənubi Azərbaycan Komissiyasının sədri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Sayman Aruz niyə ovunmur, sakitləşmir? Nəyin mübarizəsini aparır? Onun bu dəhşətli vəzifə yanğısının, vəzifə hərisliyinin səbəbi nədir?
O özünü “Güney Yazıçılar Birliyi”nin sədri kimi aparırdı və deyəsən, bu statusu qazandığına görə bağlı olduğu yerdən mükafatlandırılırdı. İndi mükafatı kəsilib, yoxsa rəhbərləri deşifrə olunmasından narazıdırlar?