Azərbaycan Prezidenti, dövlət rəsmiləri, mədəniyyət və
incəsənət xadimləri tanınmış bəstəkar Oqtay Zülfüqarovun vəfatı ilə
əlaqədar nekroloq imzalayıblar.
Axar.az xəbər verir ki, nekroloqda deyilir:
"Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz vermişdir.
Tanınmış bəstəkar, Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdçüsü, xalq artisti Oqtay Qədir oğlu Zülfüqarov 2016-cı il
avqustun 31-də ömrünün 88-ci ilində vəfat etmişdir.
Oqtay Zülfüqarov 1929-cu il may ayının 31-də Bakı şəhərində
anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1947–1951-ci
illərdə Asəf Zeynallı adına Musiqi Məktəbinin, 1951–1952-ci illərdə
Azərbaycan Dövlət Konservatoriyasının violonçel sinfində oxumuş,
1952–1958-ci illərdə isə burada bəstəkarlıq ixtisası üzrə ali
musiqi təhsili almışdır.
Əmək fəaliyyətinə hələ tələbə ikən 1949-cu ildə 1 saylı musiqi
məktəbində violonçel müəllimi kimi başlayan Oqtay Zülfüqarov, eyni
zamanda, müxtəlif mədəniyyət evlərində də xormeyster kimi çalışmış,
1958–1962-ci illərdə Azərbaycan Dövlət Radio və Televiziya
Komitəsində musiqi redaktoru, səs rejissoru, 1965–1967-ci illərdə
Respublika Xalq Yaradıcılıq Evində metodist, 1968–1991-ci illərdə
isə Azərbaycan Bəstəkarlar İttifaqında məsləhətçi, baş məsləhətçi,
redaktor, şöbə müdiri vəzifələrində işləmişdir. 1991–2012-ci
illərdə o, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru və
bədii rəhbəri olmuşdur.
Oqtay Zülfüqarovun ilk musiqi əsərləri tələbəlik illərində işıq
üzü görmüşdür. Onun altmış ildən artıq bəstəkarlıq fəaliyyəti
müxtəlif janrları əhatə edir. Bəstəkarın əsərləri arasında konsert,
simfoniya, kantata, kamera-instrumental musiqi və romanslar vardır.
Oqtay Zülfüqarovun sənətə və xalqa həqiqi xidmət nümunəsi olan
yaradıcılığı gənc nəslin milli-mənəvi dəyərlərə ehtiram ruhunda
tərbiyə olunmasında böyük əhəmiyyət kəsb edir. Azərbaycan
bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən biri olan Oqtay
Zülfüqarov rəngarəng yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyəti
xəzinəsini daha da zənginləşdirmişdir.
Müasir Azərbaycan musiqisində mahnı janrının inkişafında Oqtay
Zülfüqarovun böyük xidmətləri olmuşdur. Onun öz sadəliyi və rahat
qavranılması ilə seçilən əsərləri, eyni zamanda, dərin milli-mənəvi
ruh, zəngin kolorit və yaddaqalan ritmləri ilə səciyyələnir. Geniş
yaradıcılıq diapazonuna malik Oqtay Zülfüqarov musiqisində ənənəyə
sədaqət müasirliklə harmonik vəhdət təşkil edir. Onun kino və teatr
musiqisi sahəsində fəaliyyəti də təqdirə layiqdir. Sənətkarın
müxtəlif dövrlərdə yaratdığı əsərlər musiqişünaslar tərəfindən
yüksək qiymətləndirilmişdir.
Oqtay Zülfüqarovun bəstələdiyi uşaq mahnıları ona xüsusi şöhrət
qazandırmışdır. Onun "Telefon", "Qatar", "Kim sevirsə idmanı" və
başqa mahnıları bir neçə nəslin dillər əzbəri olmuşdur. Uşaqlar
üçün yazdığı balet, nağıl-opera və digər əsərləri ilə o, gənc
musiqi həvəskarlarının sevimlisinə çevrilmişdir. Bəstəkarın
rəhbərliyi altında yaranan uşaq kollektivləri, o cümlədən
Azərbaycan Dövlət Uşaq Filarmoniyası gənc nəslin bədii-estetik
tərbiyəsində böyük rol oynamışdır.
Azərbaycanın müasir musiqi mədəniyyətinin inkişafı və təbliğində
Oqtay Zülfüqarovun xidmətləri dövlət tərəfindən layiqincə
qiymətləndirilmişdir. Ölkəmizdə musiqi sənəti sahəsində
nailiyyətlərinə görə o, bir sıra fəxri adlara, orden və medallara
layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali
mükafatlarından "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Tanınmış bəstəkar və mahir pedaqoq, səmimi insan Oqtay Qədir
oğlu Zülfüqarovun xatirəsi onu tanıyanların qəlbində həmişə
yaşayacaqdır.
Allah rəhmət eləsin!"
Nekroloqu Prezident İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov,
Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Fatma
Abdullazadə, Əbülfəs Qarayev, Arif Məlikov, Firəngiz Əlizadə,
Fərhad Bədəlbəyli, Siyavuş Kərimi, Tofiq Bakıxanov, Xəyyam
Mirzəzadə və Ramiz Zöhrabov imzalayıblar.