Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın 1-də Bakı Dərin Özüllər
Zavodunda "Şahdəniz-2" layihəsinin hasilat və dikborular
platformasının dayaq blokunun dənizə yola salınması mərasimində
iştirak edib.
Axar.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin prezidenti Rövnəq Abdullayev və BP-nin "Şahdəniz-2" üzrə
vitse-prezidenti Yuan Dramond "Şahdəniz" layihəsi ilə bağlı görülən
işlər barədə dövlət başçısına məlumat veriblər. Bildirilib ki,
indiyədək layihənin icrası dənizdə və quruda yerləşən bütün
istehsalat-quraşdırma sahələrində uğurla davam edib. Hazırda
mühəndis-layihələndirmə, təchizat-tədarük və tikinti də daxil
olmaqla, işlərin 77 faizi tamamlanıb. Layihə çərçivəsində ilk qazın
nəqlinə və sonradan hasilatın artırılmasına hazırlıq məqsədilə
"Heydər Əliyev" və "İstiqlal" qazma qurğularından istifadə etməklə
artıq 10 istismar quyusu qazılıb. "Şahdəniz Mərhələ 2" çərçivəsində
əsas diqqət ildə əlavə 16 milyard kubmetr qaz və gündə 120 min
barrelədək kondensat əldə etmək üçün hazırda istismar edilən lay
intervallarında qalan ehtiyatlara yönəlib. Layihə çərçivəsində ildə
6 milyard kubmetr qaz Türkiyəyə nəql ediləcək. Qalan həcm, yəni
ildə 10 milyard kubmetr Avropa alıcılarına çatdırılacaq. "Şahdəniz
Mərhələ 2"yə bir-birinə körpü ilə birləşdirilən iki yeni hasilat
platformasının, iki yarımdalma qazma qurğusundan qazılan 26 sualtı
quyunun, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 kilometr
uzunluğunda sualtı boru kəmərlərinin inşası və Səngəçal
terminalının genişləndirilməsi işləri daxildir.
Sonra Prezident İlham Əliyev "Şahdəniz-2" layihəsinin hasilat və
dikborular platformasının dayaq blokunun dənizə yola salınmasını
bildirən düyməni basıb.
Bu dayaq blokunun çəkisi 13 min 150 ton, hündürlüyü isə 105
metrdir. Blok 12 hasilat, 3 ixrac dikborusundan və bir idxal
dikborusundan ibarətdir. Dayaq bloku suyun 94 metr dərinliyində
quraşdırılacaq. Blok "BOS Shelf", "Star Gulf" və "Saipem"
konsorsiumları tərəfindən inşa edilib. Tikinti işləri iki il davam
edib. Bu dayaq bloku Xəzərdə ən çox dikboru sayına malikdir. Blokun
konstruksiyasının daşınması, suya endirilməsi, yerləşdirilməsi və
payalarla quraşdırılması işləri diqqətlə planlaşdırılıb. Bu işlərin
təxminən 40 gün ərzində yekunlaşdırılması nəzərdə tutulur. Dayaq
blokunun tikintisi cədvələ uyğun tamamlanıb və 2016-cı il iyulun
29-da dənizə yola salınmaq üçün uğurla Bakı dərin özüllər zavodunun
yanalma körpüsündəki daşıma barjına yüklənib. Blok zavod ərazisində
yerli infrastrukturdan və obyektlərdən istifadə edilməklə,
bütövlüklə ölkə daxilində inşa edilib. Tikinti işlərinə
subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla,
1200 nəfərdən çox işçi cəlb edilib. Tikintiyə cəlb olunmuş işçi
qüvvəsinin təxminən 90 faizi Azərbaycan vətəndaşları olub.
Onu da deyək ki, ilk dəfə olaraq "Şahdəniz-2" platformalarının
tikintisinin 100 faizi ölkə daxilində həyata keçirilir. Tikinti
işləri beynəlxalq standartlara uyğun şəkildə tam modernləşdirilmiş
dünya səviyyəli istehsalat obyektləri olan Heydər Əliyev adına Bakı
dərin özüllər zavodunda və "Amec-Tekfen-Azfen" tikinti-quraşdırma
sahəsində həyata keçirilib. Xəzərdə ən böyük dayaq bloklarından
biri olan "Şahdəniz-2" dayaq blokları yerli şirkət olan "BOS
Shelf"in üzv olduğu konsorsium tərəfindən Bakı dərin özüllər
zavodunda inşa edilir. "Şahdəniz-2" və "Cənubi Qafqaz boru
kəmərinin genişləndirilməsi" layihələrinin əsas töhfələrindən biri
tikinti fazası ərzində minlərlə iş yerinin açılmasıdır. Bu vaxtadək
Azərbaycanda bütün əsas müqavilələr üzrə tikinti işlərinə 24 min
nəfərdən artıq insan cəlb edilib və onların 80 faizdən çoxu
Azərbaycan vətəndaşı olub.
Sonra Prezident İlham Əliyev zavodun kollektivi ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.