Ana səhifə Gündəm |
Bu gün "Şahdəniz-2" platformasının dayaq blokunu dənizə
yola salırıq, bu, tarixi hadisədir.
APA-nın məlumatına
görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakı dərin
özüllər zavodunda "Şahdəniz-2" layihəsinin hasilat və dikborular
platformasının dayaq blokunun dənizə yola salınması mərasimindən
sonra zavod kollektivi ilə görüşdə söyləyib.
Dövlət başçısı deyib ki, "Şahdəniz" layihəsi üzrə saziş 20 il
bundan əvvəl imzalanıb və bu illər ərzində uğurla icra edilir,
bütün vəzifələr yerinə yetirilir: "Şahdəniz-2" layihəsinin ölkəmiz
üçün əhəmiyyəti çox böyükdür. Bu gün yola saldığımız dayaq bloku
onu göstərir ki, Azərbaycan böyük işləri görməyə qadir bir ölkədir.
Sevindirici hal ondan ibarətdir ki, bu dayaq bloku və platformanın
üst tikililəri 100 faiz Azərbaycanda inşa edilir. Bu nəhəng
qurğuların inşasında işləyənlərin mütləq əksəriyyəti Azərbaycan
vətəndaşlarıdır. Bu da "Əsrin kontraktı"nın nəticəsidir. Çünki
1994-cü ildə imzalanmış "Əsrin kontraktı"nın şərtlərindən biri də o
idi ki, yerli mütəxəssislər, fəhlələr tədricən üstünlük təşkil
etsin və artıq işləyənlərin 80 faizdən çoxu Azərbaycan
vətəndaşlarıdır. Bu, yeni iş yerlərinin yaradılması deməkdir.
"Şahdəniz" layihəsinin icrasında 20 mindən çox Azərbaycan vətəndaşı
işləyir, yaxşı maaş alır, təcrübə toplayır. Bu vətəndaşlar
gələcəkdə digər layihələrdə işləyəcəklər. "Şahdəniz-2" layihəsi
təkcə Azərbaycan üçün deyil, bütün region, Avropa üçün böyük
əhəmiyyət daşıyan bir layihədir. İyirmi il bundan əvvəl saziş
imzalanıb və bu gün biz bu sazişin gözəl nəticələrini görürük.
Artıq neçə ildir ki, Azərbaycan qazı region ölkələrinə ixrac
edilir. Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edibdir və
digər ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında öz
rolunu oynayır. Bu rol getdikcə artacaq".
Prezident İlham Əliyev bildirib ki, "Şahdəniz" və "Cənub Qaz
Dəhlizi" layihələri dünyanın ən böyük enerji layihələrindəndir:
"Cənub Qaz Dəhlizi"nin inşası da uğurla gedir. Bütün bu işlər
əlaqəli şəkildə aparılır. Əminəm ki, cədvəl üzrə gedən işlər
2018-2020-ci illərdə tamamlanacaq və beləliklə, Azərbaycan qazı
daha da böyük həcmdə qonşu ölkələrə, Avropa ölkələrinə nəql
ediləcək. "Cənub Qaz Dəhlizi" artıq 7 ölkəni birləşdirir.
Azərbaycan bu istiqamətdə öz liderlik fəaliyyətini davam etdirir.
Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iki dəfə iclası
keçirilib. Biz yeni bir beynəlxalq əməkdaşlıq formatını yaratdıq.
Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya,
İtaliya bu layihənin iştirakçılarıdır. Bununla bərabər, üç Balkan
ölkəsi - Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya bu layihəyə
növbəti mərhələdə qoşulacaqlar. Beləliklə, Azərbaycan qazının
gələcəkdə müxtəlif ölkələrə ixracı üçün yeni imkanlar yaranır. Bunu
tərəfdaşlarla birlikdə biz yaradırıq, Azərbaycan xalqı yaradır. Mən
bu layihələrin icrası ilə bağlı görülən işlərdə SOCAR-ın və BP-nin
rolunu xüsusilə qiymətləndirmək istəyirəm. SOCAR-BP əməkdaşlığı
artıq böyük tarixə malikdir. İyirmi ildən çoxdur ki, bu əməkdaşlıq
davam edir və bu, uğurlu əməkdaşlıqdır. Görülən və görüləcək işlər
ən azı növbəti 20 il ərzində də SOCAR-ın və BP-nin yaxın
tərəfdaşlar kimi fəaliyyətini təmin edəcək. Azərbaycanda görüləcək
işlər həm xarici tərəfdaşlar, xarici kompaniyalar, SOCAR və
Azərbaycan xalqı üçün daha da böyük mənfəət gətirəcək".
Dövlət başçısı qeyd edib ki, əgər 1994-cü ildə Heydər Əliyevin
təşəbbüsü ilə "Əsrin kontraktı" imzalanmasaydı, bu gün təsəvvür
etmək mümkün deyil ki, Azərbaycan hansı vəziyyətdə ola bilərdi:
"Ölkəmizdə görülən quruculuq-abadlıq işlərinin, dayanıqlı
iqtisadiyyatımızın, böyük valyuta ehtiyatlarımızın əsas mənbəyi
"Əsrin kontraktı"dır. Yaxşı bilirsiniz ki, Azərbaycan o ağır, çətin
dövrdə müəyyən təzyiqlərlə də üzləşmişdi. Heydər Əliyevin
qətiyyəti, cəsarəti, uzaqgörənliyi, xalqa olan bağlılığı "Əsrin
kontraktı"nın imzalanmasını təmin edib. Mən də fəxr edirəm ki, o
vaxt - 1994-cü ildə kontraktın imzalanmasına qədər aparılan
danışıqlarda iştirak etmişdim. Ondan sonra Dövlət Neft Şirkətində
çalışarkən bilavasitə bu məsələlərlə məşğul olmuşam. Bu gün də
Prezident kimi bütün işləri nəzarətdə saxlayıram və Azərbaycanın
enerji siyasətinin gələcək inkişafı üçün lazımi addımları
atıram".
Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Azərbaycan dünya
xəritəsində etibarlı tərəfdaş, hörmətə layiq olan ölkə kimi
tanınır:
"Biz bütün öhdəlikləri yerinə yetiririk, xarici sərmayədarlar
üçün yaxşı şərait yaratmışıq. Onların sərmayələri qanun
çərçivəsində qorunur. Əgər bu, olmasaydı, heç kim Azərbaycana
milyardlarla, on milyardlarla dollar sərmayə qoymazdı. Sərmayə
qoyuluşu üçün Azərbaycan çox cəlbedici ölkədir. Şadam ki, indi
nəinki neft-qaz sektoruna, digər sektorlara da yerli, xarici
sərmayələr qoyulur. Bütün bu işlərin təməli 1994-cü il sentyabrın
20-də qoyulmuşdur. 1996-cı ildə "Şahdəniz" layihəsi üzrə sazişin
imzalanması növbəti uğurlu addım idi. Baxmayaraq ki, o vaxt dünyada
və xüsusilə Avropada enerji təhlükəsizliyi haqqında heç kim
danışmırdı, qaz layihələri o qədər də böyük əhəmiyyət daşımırdı.
Hesab olunurdu ki, qaz layihələri o qədər də böyük gəlir gətirən
layihələr deyil, müəyyən tərəddüdlər var idi. Ancaq biz əmin idik
ki, Azərbaycan qaz sektorunda da öz sözünü deyəcək.
Bu gün artıq Azərbaycan böyük qaz dövlətlərinin sıralarına daxil
olur. Hasilat, nəqliyyat artacaq, Azərbaycan gələcəkdə tranzit
funksiyalarını da oynaya bilər. Necə ki biz indi neftin, neft
məhsullarının daşınması üçün bu rolu oynayırıq. Beləliklə,
ölkəmizin qüdrəti, əhəmiyyəti artacaq, Azərbaycan xalqı daha da
yaxşı yaşayacaq. Görülən bütün bu işlərin məqsədi budur -
Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın, ölkəmizin iqtisadi
müstəqilliyi daha da möhkəmlənsin və dünyada rolumuz, əhəmiyyətimiz
artsın. Biz bütün bunları görürük. Ona görə, bugünkü mərasim çox
rəmzi xarakter daşıyır. Bu, görülən işlərin bariz nümunəsidir.
Azərbaycan vətəndaşları bu böyük, nəhəng işləri xarici
tərəfdaşları, xarici sərmayədarlar ilə birlikdə görürlər. Hər bir
vətənpərvər Azərbaycan vətəndaşı bununla fəxr edir. Fürsətdən
istifadə edərək, bu işlərdə iştirak etmiş bütün insanlara -
Azərbaycan fəhlələrinə, mütəxəssislərinə, xarici tərəfdaşlara, BP
şirkətinə və digər partnyorlara minnətdarlığımı bildirmək
istəyirəm. Bu, bizim ümumi işimizdir və hər bir tərəf - xarici
şirkətlər, Azərbaycan dövləti, Azərbaycan şirkətləri, Azərbaycan
vətəndaşları öz mənfəətini götürür".
Tarix
2016.09.01 / 13:00
|
Müəllif
Axar.az
|