19:18
Bu gün Bakıda Milli
Gimnastika Arenasında 42-ci Ümumdünya Şahmat Olimpiadasının açılış
mərasimi keçirilir.
Axar.az xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham
Əliyev və xanımı Mehriban Əliyeva iştirak edirlər.
Bakı Şahmat Olimpiadasında iştirak etmək üçün 176 ölkə
qeydiyyatdan keçib. Ümumilikdə çempionluq uğrunda 181 kişi və 142
qadın komandası mübarizə aparacaq. Bu, iştirakçı ölkələrin sayına
görə Olimpiada tarixində rekord göstərici sayılır.
11 turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq. İlk tur
sentyabrın 2-də saat 15:00-da start götürəcək. Sentyabrın 7-də
yarışda istirahət günüdür.
Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil
olunacaq.
Olimpiada günlərində Bakı həm də FİDE-nin növbəti konqresinə ev
sahibliyi edəcək. Həmin konqresdə isə 183 ölkə təmsil olunacaq.
Bakı Şahmat Olimpiadasında kişilərin yarışında ən yüksək reytinq
Rusiya millisinə məxsusdur. Onların əmsalı 2760-a bərabərdir. ABŞ
(2740) ikinci, Çin (2735) üçüncü pillədə qərarlaşıb. Azərbaycanın I
komandası isə 2705 xalla 4-cüdür. İkinci komandamız 2576, üçüncüsü
isə 2350 xala malikdir.
142 komandanın çıxış edəcəyi qadınların turnirində isə
reytinq-favorit Çin millisidir - 2528. İkinci pilləni Rusiya
(2493), üçüncü yeri Ukrayna (2485) tutur. Azərbaycanın I komandası
2320 reytinq xalına malikdir. İkinci komandamız 2248, üçüncüsü isə
2016 xala malikdir.
Qeyd edək ki, sentyabrın 1-dən 14-dək Bakıda keçiriləcək 42-ci
Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Bakı Kristal Zalında
Rusiyanın Şahmat Muzeyi tərəfindən sərgi də təşkil olunacaq.
Sərgidə hind çaturanqa, İran satranc oyunları üçün dəst, Luis
adasında morj dişindən düzəldilən şahmat dəsti, Kral I Çarlz üçün
fil sümüyündən hazırlanan orta əsrlərə aid şahmat dəsti, buryat
şahmat dəsti və digər çoxsaylı eksponatlar nümayiş etdiriləcək.
***
Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli
açılış mərasimi keçirilib.
Axar.az xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham
Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Dünya Şahmat
Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov və təşkilatın
digər nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət və
hökumət rəsmiləri iştirak ediblər.
Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri,
Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov mərasimdə
çıxış edib.
Sonra FİDE-nin prezidenti Kirsan İlyumjinov çıxış edib.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev 42-ci Ümumdünya
Şahmat Olimpiadasını açıq elan edib.
Sonra püşkatma keçirilib. Olimpiadanın baş hakimi, Azərbaycan
Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov iştirakçıların
siyahısında sıra nömrələri cüt olan yığma komandalar sırasında
oyunun hansı fiqurla başlanacağını müəyyən edib.
Mərasim Azərbaycan estradasının beş populyar nümayəndəsinin
improvizə edilmiş caz, rok və muğam sintezinin ifası ilə başa
çatıb.
Ümumdünya Şahmat Olimpiadasının işıqlandırılması üçün 250-dən
çox yerli və xarici media nümayəndəsi qeydiyyatdan keçib.
Mötəbər yarışın idarə olunmasına Azərbaycandan 30 hakim cəlb
edilib.
İlk tura sentyabrın 2-də start veriləcək. On bir turdan ibarət
yarışlar sentyabrın 13-də yekunlaşacaq.