Şahmatın inkişafı Azərbaycanda dövlət siyasətidir. Bütün
şəhər və rayonlarımızda şahmat məktəbləri fəaliyyət göstərir. Bu
ənənə hələ 1970-ci illərdə, o vaxt Azərbaycana rəhbərlik etmiş ulu
öndər Heydər Əliyev tərəfindən qoyulub.
Report xəbər
verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 1-də
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə
aparacaq Azərbaycan yığma komandalarının üzvləri ilə görüşündə
deyib.
O, 1 sentyabr tarixinin Azərbaycanda çox əlamətdar bir
gün olduğunu bildirib:
"Bu gün ölkəmizdə çox əlamətdar bir gündür. Bakıda 42-ci Şahmat
Olimpiadası açılır. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını
təbrik etmək istəyirəm. Bu, ölkəmiz üçün çox əhəmiyyətli beynəlxalq
tədbirdir.
Bakıda artıq mötəbər beynəlxalq tədbirlərin keçirilməsi bir ənənəyə
çevrilib. Bildiyiniz kimi, Azərbaycanda Avropa, dünya çempionatları
keçirilir və çox uğurla keçirilir. Azərbaycan artıq dünyada inkişaf
etmiş ölkə kimi tanınır. Azərbaycana gələn qonaqların demək olar
ki, mütləq əksəriyyəti öz vətənlərinə ən xoş təəssüratlarla
qayıdırlar. Əminəm ki, bu Olimpiadada iştirak edəcək bütün
şahmatçılar şəhərimizlə, ölkəmizlə tanış olacaqlar, bu iki həftə
ərzində Azərbaycanı sevəcəklər və ondan sonra ola bilər ki, turist
kimi də ölkəmizə qayıdacaqlar".
Prezident beynəlxalq idman yarışlarının keçirilməsinin
Azərbaycanın gücünü, Azərbaycana olan hörməti nümayiş etdirdiyini
deyib:
"Ötən il birinci Avropa
Oyunları çox böyük uğurla keçirilib. Deyə bilərəm ki, Yay Olimpiya
Oyunlarının səviyyəsində keçirilib. Bu il "Formula-1" yarışı
keçirilib ki, bunun da auditoriyası 500 milyon insandır. Gələn il
isə İslam Həmrəyliyi Oyunları keçiriləcək və bu gün Şahmat
Olimpiadası başlayır. Mənə verilən məlumata görə, 175 ölkənin
nümayəndələri Olimpiadada iştirak edəcəklər və bu, rekord
göstəricidir.
Azərbaycan da bu Olimpiadada 3 kişi, 3 qadın komanda ilə təmsil
olunacaq. Mən sizə uğurlar arzulayıram. Siz müxtəlif beynəlxalq
yarışlarda ölkəmizi ləyaqətlə təmsil edirsiniz, yaxşı nəticələr
göstərirsiniz. Bizim kişilərdən ibarət komandamız iki dəfə Avropa
çempionu olub. Digər beynəlxalq yarışlarda yüksək yerlərə layiq
görülüblər. Bizim aparıcı şahmatçılarımız həmişə yüksək
reytinqlərlə bütün tanınmış şahmatçılar arasında yer tuturlar.
Yəni, bizim ümidlərimiz var ki, bu yarışda da siz doğma Vətəndə
ölkəmizi ləyaqətlə təmsil edəcəksiniz.
Bizim idmançılarımızın, şahmatçılarımızın, - demək istəyirdim
ki, əksəriyyəti, amma belə çıxır ki, hamısı, - gəncdir, çox
yaraşıqlıdır, gözəldir və bu, əslində müstəqil Azərbaycanın böyük
uğurudur. Çünki siz müstəqil dövrdə formalaşırsınız, bəziləriniz
müstəqillik dövründə dünyaya gəlibdir. Sizin gözəl gələcəyiniz var.
Siz şahmatda artıq böyük uğurlara nail ola bilmisiniz və əminəm ki,
həyatda bundan sonra da özünüz üçün layiqli yer tutacaqsınız və
tutmusunuz. Bu gün göstərir ki, ancaq müstəqillik dövründə bizim
xalqımız sürətlə, uğurla inkişaf edə bilər. Həm idman yarışlarında,
bütün başqa sahələrdə müstəqillik dövrü, - əgər bütün Azərbaycan
tarixini nəzərdən keçirsək, - ən uğurlu dövrdür. Nəyə görə? Çünki
xalqımız azaddır, taleyimiz öz əlimizdədir. Biz Azərbaycanı inamla
idarə edirik. Azərbaycan vətəndaşları müstəqilliyin bəhrəsini
görürlər. İdmanda, o cümlədən şahmatda bizim əsas uğurlarımız məhz
müstəqillik dövrünə təsadüf edir".
İlham Əliyev qeyd edib ki, bu yaxınlarda Rioda Yay Olimpiya
Oyunlarında bizim idmançılarımız rekord nəticə göstəriblər.
Medalların sayına görə dünya miqyasında 14-15-ci yerləri
bölüşürlər. Şahmatçılarımız da böyük zirvələrə çatıblar. Əminəm ki,
gələcəkdə də siz həmişə bizi sevindirəcəksiniz.
"Şahmatın inkişafı Azərbaycanda dövlət siyasətidir. Bütün şəhər
və rayonlarımızda şahmat məktəbləri fəaliyyət göstərir. Bu ənənə
hələ 1970-ci illərdə, o vaxt Azərbaycana rəhbərlik etmiş ulu öndər
Heydər Əliyev tərəfindən qoyulub. Əfsuslar olsun ki,
müstəqilliyimizin ilk illərində şahmat məktəblərinin böyük
əksəriyyəti ya bağlanıb, ya sıradan çıxıb, ya da ki hərracda
satılıb. Onların yerində dükanlar, restoranlar açıldı. Çox
təəssüfedici haldır. Ancaq ulu öndər Heydər Əliyev Azərbaycana
qayıdandan sonra şahmata diqqət yenə də lazımi səviyyəyə qalxdı.
Ulu Öndər o vaxt dəfələrlə bizim uşaq şahmatçılarımızla görüşüb və
rayonlarda şahmat məktəblərinin açılışlarında mən o məşhur şəkli
həmişə görürəm - Teymur, Şəhriyar, rəhmətlik Vüqar, Qədir", - deyən
dövlət başçısı sual ilə Şəhriyar Məmmədyarova müraciət edib:
- O vaxt sizin neçə yaşınız var idi Şəhriyar?
Ş.Məmmədyarov: 10 yaşım var idi.
- Uşaqlar Heydər Əliyevin ətrafında durmuşdular və o çox böyük
rəmzi xarakter daşıyırdı. Bu, yeni bir nəsildir. Yeni, ağıllı,
zəkalı nəsildir ki, yetişir. O, inanırdı ki, siz böyük zirvələrə
qalxacaqsınız, belə də oldu. Mən də yadımdadır, o illərdə - 1990-cı
illərin ortalarında çalışırdım ki, şahmatçılara, gənclərə kömək
edim. Bu gün Prezident kimi bunu etməyə çalışıram. Şadam ki,
idmançılarımız bizi, xalqımızı sevindirirlər. Çünki siz hamıdan
yaxşı bilirsiniz ki, şahmat intellektual oyundur və xalqımızın
intellektual səviyyəsini göstərir. Biz həm idmanın döyüş növlərində
güclüyük, həm də intellektual növündə.
Prezident sonda şahmatçıları bütün uğurlar münasibətilə təbrik
edib:
"Bu yarışda sizə uğurlar arzulayıram. Şadam ki, yeniyetmələrin
də iştirakı təmin edilir. Əminəm ki, gələcəkdə siz bizi həmişə
sevindirəcəksiniz. Bir daha sizi təbrik edirəm, sizə uğurlar
arzulayıram".